Bu torpağa doğulası, Başımda qəhrin bəlası, Çaman-zaman talanmışam, Tonqallara qalanmışam. Yatırıblar, yatmamışam, Batırıblar, batmamışam! Mən insanam. Mən Tanrıma xəlifəyəm, Yüz il belə yaşasam da, Oxunmamış səhifəyəm Vətəndaşam! Vətənimin hər daşına bir yoldaşam! Vətəndaşam! Nə dərdimi, nə sərimi Eldən uca tutmamışam! Kürsülərdən tərif deyib, Üzdə gülüb, dalda söyüb, Yaxşıları yamanlayıb, Yamanları öyüb-öyüb Vəzifəyə çatmamışam. Nə şeytana “Allah!” - deyə, Nə zülmətə “sabah!” - deyə, Günahlara batmamışam! El malına əyri baxıb, Sərvət üçün evlər yıxıb, Nə kimlərə, nə kiməsə, Nə mələyə, nə iblisə Mənliyimi satmamışam! Göydə bilib öz yerimi, Yerdə isə hamı kimi Sevinmişəm, ağlamışam, Köksüm dolu çağlamışam! “Cihad” deyib öz nəfsimə Sarılmışam haqq səsimə, Daş bağlayıb ürəyimə, Bircə tikə çörəyimə Hələ haram qatmamışam. Bax, belecə yaşamışam Eşit, oğul, bax, beləcə, Başıuca, alnıaçıq və sadəcə. İnsanların üzünə düz baxa-baxa, Şükür deyib qismətimə, aza-çoxa, Təkcə Tanrı qarşısında əyilmişəm. Əyilməzlik üstündə çox döyülmüşəm! Baharımı qış ediblər, dayanmışam, “Dost” sözündən al qanıma boyanmışam. Əllərimdən çörək yeyən bir sürü kəs, Bu nemətə, yamanlıqla vermiş əvəz. Ónudulmaz acıları unutmuşam, Sızladıqca, ürəyimi ovutmuşam! İndi bilsin, bilsin hamı: Əcəl kəssə dörd yanımı, Yazsa fələk fərmanımı, Mən bu ömür karvanımı asta-asta, aram-aram, o mənzilə aparıram! Eşit, oğul! Bu dünyanın hər üzünə, Gecəsinə, gündüzünə, Yaxşısına, yamanına, Şübhəsinə, gümanına, Dözməlisən. Tükü tükdən seçməlisən! Təkcə, oğul, imanından əl götürmə, Şeytan səni danışdırsa, dil yetirmə! Haqqa sarın, haqqa bürün, Necə varsan, elə görün! Necə varsan, elə görün!
Hacı Sabir HƏSƏNLİ, Bakı İslam Universitetinin rektoru
|
|