Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əlimərdan bəy Topçubaşov və Azərbaycançılıq məfkurəsi
    XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının istiqlal məfkurəsinin daşıyıcılarından olan Əlimərdan bəy topçubaşovun həyat və fəaliyyəti haqqında hər bir tədqiqat materialı hər dəfə yeni faktların üzə çıxmasına şərait yaradır. Ə.topçubaşov dövrünün yüksək təhsil almış hüquqşünası, elm, ictimai xadimi və milli ruhlu naşir idi. Peterburq universitetində təhsil aldığı illərdən başlayaraq dövrün ictimai-siyasi hadisələrinə biganə qalmaması onun fikir və düşüncələrinin inkişafını millətin taleyüklü məsələlərinə yönəltmişdi. Onun bütün fəaliyyətində əsas məqsəd  özü demişkən “qəflət yuxusunda” olan millətin milli oyanışında, milli azadlıq hərəkatının düzgün istiqamətlənməsində ziyalı kimi iştirak etmək idi. Baxmayaraq qarşıda duran məqsəd və vəzifələrin vahid təşkilat proqramı yox idi, amma dövrün ziyalıları üçün, xüsusilə Ə.topçubaşov və onun yaxın silahdaşlarının fəaliyyət istiqamətləri çox düzgün müəyyənləşdirilmişdir. 


    -Xalqın maarifləndirilməsi və mədəniyyətin inkişafına nail olmaq, (yalnız bu yolla cəhalətə və fanatizmə qalib gəlmək olardı). 
    - Milli şüurun oyanışı və xalqın haqq və hüquqlarının dərkinə çalışmaq;
    - Azadlığın, müstəqilliyin müstəmləkəçiliyə və milli ədavət siyasətinə qalib gəlməyin yollarını müəyyənləşdirmək;
    - İslam bayrağı altında ümumrusiya ərazisində milli azadlıq ideyalarını mübarizəyə yönəltmək;
    - Türk xalqlarının birliyi ideyasını (vahid dil, mənəviyyat ümumiliyi, vahid milli ideologiya) gələcək qalibiyyətin əsas simvolu kimi qəbul etmək.
    Dərin hüquq təhsilinə, ictimai-siyasi dünyagörüşə və milli ruha malik Ə.topçubaşov qəbul etdiyi fəaliyyət proqramının hər mərhələsində çətinliklə olsa da nəailiyyət qazanırdı.
    Sözün əsl mənasında Ə.topçubaşov yaradıcılığı ilə tanışlıq Azərbaycan xalqının tarixi keçmişinin ən vacib məqamlarının mənzərəsini əks etdirir. Millətin ən fədakar oğulları xalqın gələcəyi uğrunda mübarizə apardığı halda onlar sovet dövr materiallarına “xalq düşmənləri” kimi yazılmışlar. Ə.topçubaşovun ictimai-siyasi fəaliyyətinin püxtələşməsində məktəb rolunu oynayan “Kaspi” qəzetini xüsusilə vurğulamaq lazımdır. Qısa bir dövrdə redaktor kimi fəaliyyət göstərən M.A.Şaxtaxtlıdan sonra Əlimərdan bəyin “Kaspi” qəzetinin ikinci müsəlman redaktoru olması, maarifpərvər messenant Zeynalabdın Tağıyevin uzaqgörənliyi ilə qəzet və mətbəə işinə diqqətini yönəltdikdən sonra baş verdi. 
    Artıq 1898-ci ildən “Kaspi” qəzeti Ə.topçubaşovun redaktor təyin olunduğu vaxtdan “müsəlman kaspisi” adlandırılmağa başladı. Yeri gəlmişkən, “Kaspi” qəzeti ilə bağlı ideya-amalların inkişafında istiqamətləndirici maarifpərvər ideoloq H.Zərdabinin fəaliyyətini xüsusilə vurğulamaq gərəkdir. Dövrün bütün milli-mədəni, maarifçilik mübarizəsində xalqın, millətin taleyüklü məsələlərin  həllində H.Zərdabi ziyalıların məsləhət yeri, istinad nöqtəsi idi. Əlimərdan bəyin qayınatası Həsən bəyi hərtərəfli yüksək qiymətləndirərək onun bütün məsləhətlərini dinləməsi fəaliyyətinin uğur əmsalına çevrilmişdi. Həsən bəylə Əlimərdan bəyi təkcə qohumluq əlaqələri deyil, ən başlıcası milli məfkurəyə xidmət amalı birləşdirirdi. Birgə müəyyənləşdirilən gələcək hədəflər böyük düşüncə xadimlərinin mərhələli fəaliyyətində çox dəqiq həyata keçirilirdi. 
    Görkəmli filosof S.Xəlilovun fikrincə desək: “Milli ruh öz inkişafında mərhələlərdən keçir. Bir şəxsin özünüdərk yolunda emosiyadan təfəkkürə və oradan da fəlsəfi dünyagörüşünə doğru keçdiyi yola bənzər olaraq bir millət də yalnız ruhun emosional halından fəlsəfi özünüdərk məqamına yüksələrək əsl böyük millət olur”. 
    Bu fikir Əlimərdan bəyin həyat və fəaliyyətinin mərhələləri ilə eynilik təşkil edir. Peterburq Universitetinin məzunu kimi Tiflis mühitində vəkil kimi fəaliyyətə başlaması sonralar onu qaynar ədəbi mühitin, gərgin ictimai-siyasi proseslərin mərkəzi olan Bakıda məskunlaşmasına sövq etdi. 1894-cü ildən Bakıda yaşaması onu milli düşüncəli ziyalı təbəqəsi ilə yaxından tanış olmağa şərait yaratdı. 
    1881-ci ildən fəaliyyətə başlayan, Azərbaycan tarixində yeni ruhlu mətbuat orqanı olan “Kaspi” qəzeti xalqın milli intibah və istiqlal hərəkatında böyük rol oynadı. 1895-ci ilin sonlarından “Kaspi” mətbəəsinin H.Z.Tağıyev tərəfindən 57 min rubla satın alınmasında, hətta naşirliyi öz üzərinə götürməsi məsələlərində Ə.topçubaşovun qayınatası, böyük maarifçi ideoloq H.Zərdabinin məsləhəti tarixi əhəmiyyətə çevrildi. 
    Siyasi qınaqlara məruz qalmaması üçün H.Z.Tağyevin mətbəəni Ə.topçubaşova icarəyə verməsi haqqında müqavilə imzalaması 1898-ci ildən “Kaspi” qəzetinin fəaliyyət proqramını milliləşdirdi. Təsadüfi deyildi ki, onun redaktoru olduğu “Kaspi” qəzetinin “müsəlman Kaspi”si adlandıranlar çox haqlı idilər. Fəaliyyət ideyasının milli-mədəni inkişafa, maarifçiliyə, milli oyanışa çağırışa, fəhlə və kəndlilərin hüquqlarını dolayı yolla olsa da müdafiə etmək istiqamətinə yönəlməsi qəzetin tam milli mövqedən çıxış etdiyini göstərirdi. Əlimərdan bəyin əqidəsində cəm olunan düşüncə fəlsəfəsi təkcə kağız üzərində yazı deyil, problemlərin həlli yolları, hüquqi əsaslarla izah olunur, ideyanın həyata keçməsi prosesi onun: “biz hər bir halda ictimaiyyətin və həqiqətin tələblərinə cavab verməyə borcluyuq. Həqiqət mətbuatın ali məqsədidir” - fikri kimi həyatının bütün mərhələlərində fəaliyyətinin düsturuna çevrildi. 
    Onun redaktorluğu dövründə qəzetin gündəlik tirajının on minə çatması, bütün ümumrusiya ərazisində yaşayanlara, xüsusilə türkdilli və müsəlman dininə məxsus xalqlara göndərilərək onları birliyə səsləməsi Əlimərdan bəyi ümummüsəlman lideri kimi yüksək dəyərləndirirdi.
    1905-ci il avqustun 15-də 1906-cı ilin yanvarın 13-dən 23-dək ümumRusiya Müsəlman qurultaylarının nizamnaməsinin qəbul olunması Rusiya müsəlmanlarını vahid təşkilatda birləşdirəcək “Rusiya Müsəlmanları İttifaqı” Partiyasını təşkil etməyi qərara aldı. Əlimərdan bəy bu partiyanın rəhbəri seçildi.
    Çevik düşüncə tərzinə və operativ fəaliyyət vərdişinə malik olması Əlimərdan bəyi hadisələri məqamında düzgün qiymətləndirməyə, milli düşüncə sahiblərindən ibarət dost çevrəsini genişləndirməyə imkan yaradırdı. 1905-cu ildə mətbuat tariximizdə öz yeri olan “Həyat” qəzetinin idarəçilik məsələsində tərəddüd etmədən Ə.Hüseynzadə və Ə.Ağayevi qəzetin rəhbərliyini tapşırmışdı. Bu ərəfədə o Azərbaycanın ilk “millət xadimi” kimi birinci Dövlət Dumasının vəkili statusunda bütün Qafqaz müsəlmanlarının, Rusiya müsəlmanlarının lideri səviyyəsində onların hüquqlarını müdafiə edirdi. Xalq, millət fədaisi kimi gördüyü işlər Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədərki dövrdə onun dövlət lideri kimi yetişməsində xüsusi rol oynadı. Cəsarətli addımlarından sonra müxalif mövqedən çıxış edərək “Viborq bəyannaməsi”ni imzalaması və buna görə də üç ay həbsə məhkum olması ilə nəticələndi. Sözün əsil mənasında Ə.topçubaşovun böyük siyasi lider, milli istiqlal düşüncəsinin ideoloqu kimi yetişməsi 1917-ci ildə Qafqaz və Rusiya müsəlmanlarının qurultayına sədr seçilməsində öz təstiqini tapdı.
    Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasında böyük xidmətlər göstərməsini özünün vətəndaş ziyalı vəzifəsi kimi qiymətləndirirdi. 1918-ci ildə avqust ayında fövqəladə səlahiyyətli nazir kimi İstanbul şəhərində keçirilən toplantıda ilk dəfə olaraq Azərbaycan Dövlətinin qardaş Türkiyə Dövləti ilə diplomatik münasibətləri müzakirə olundu. Əlimərdanbəyin bütün siyasi danışıqlarında AXC-nin fəaliyyət ideologiyası olan azərbaycançılığa sədaqətini o dövrün sənədi kimi qiymətləndirilən “İstanbulda diplomatik söhbətlər” (1918-1919-cu illər) əsərində görürük. Bu əsər AXC-nin müstəqilliyinə dünya dövlətlərinin münasibətini, dövlətlərarası münasibətdəki problemlərin və onların həlli yollarının araşdırılmasında reallıqları əks etdirirdi. Nəhayət azərbaycançılığın bu dövrdəki rəsmi çərçivələri hansı miqyasda idi? – sualının cavabları da bu əsərdə çox dəqiqliklə göstərilmişdir. Müstəqilliyini yeni qazanan Azərbaycan haqqında məlumatı olmayan ingilis polkovniki Tampillaya verilən tarixi cavablar dövlətinə vətəndaş sevgisinin məzmunu kimi, dövlət quruculuğu işində hüquq təhsilin mükəmməlliyinin göstəricisi kimi, Ə.topçubaşovu həm də bir tarixi şəxsiyyət olaraq səciyyələndirir. 1918-ci ilin 16 noyabrında Türkiyədəki İran səfiri Mirzə Mahmud xanla görüşən topçubaşovun gərəksiz dialoqa sövq edilməsi nəticəsində onun siyasi çevikliyini sübut edən mənzərənin şahidi oluruq. Azərbaycanın müstəqilliyini gözü götürməyən İranın şovinist səfiri dövlətin “Azərbaycan” adlandırılmasının, bu adla gələcəkdə “nələrə nail olmaq” istəyinin xofunu gizlədə bilmir. Buna bənzər vəziyyətlə 1919-cu ilin yanvarın 9-da İranın xarici işlər naziri Məmalik Əli Qulu xan ilə dialoqu zamanı Ə.topçubaşov azərbaycançılıq mövqeyini müstəqil dövlət məmuru kimi verdiyi tutarlı cavablarda təsdiq etdi. Müstəqilliyimizə şübhə ilə yanaşıb, hətta “Muxtariyyatınızı saxlamaqla İran dövlətinin himayəsində olmaqla xarici dövlətlərdən qoruna biləcəyimizi” təklif edən xarici işlər nazirinin öz dövlətinin məramını çatdırması topçubaşovun tutarlı cavabları ilə susdurulur. O qeyd edirdi ki, müstəqilliyin əsas başlıca şərti ölkənin ərazi bütövlüyünün qorunması və tarixdə xalqın və dövlətin iradəli duruşunu sübut etməkdir. Hətta 1918-ci il erməni - Azərbaycan münaqişəsindən sonra müxtəlif dövlətlərin Azərbaycana təzyiqinin artdığı bir vaxtda Türkiyə Xarici İşlər Nazirliyinin müstəşarı Rəşad Hikmət bəy topçubaşova “5-10 kəndlə Azərbaycan varlı olan deyil, nə də kasıb” - təklifi ilə digər xarici dövlətlər kimi etinasız danışması zamanı topçubaşov sübut və dəlillərlə tarixi torpaqlarımızın müdafiəsinə qalxır, hətta tarixlə ermənilərin nə zaman bu yerlərə köç etdiyini Qarabağdakı, İrəvandakı məkrli niyyətlərini ortaya qoydu. Bu fikirlə Azərbaycan dövlətinin adından qəti razı olmadığını bəyan etdi. 
    O dövrlərdə sabit siyasi durumun olmaması, Türkiyənin Azərbaycanın müdafiəsində yumşaq mövqe tutmasına səbəb olduğu vaxt Rusiya xarici işlər naziri S.Sazanovun topçubaşovla “Qafqaz xalqları müstəqil yaşamaq iqtidarında deyil” - deyərək təhqir və hədələrlə danışması topçubaşovun diplomatik ustalığı, kamil insani keyfiyyətləri nazirin fikirlərin tam rasional və məntiqi nöqteyi-nəzərdən rədd etməsinə əsas verdi. 1918-1920-ci illərdə fəaliyyət göstərən müstəqil Azərbaycan Respublikası parlamentinin sədri kimi Azərbaycanın Paris konfransına göndərilən sülh heyətinə başçılıq edəndə də fikirlərində və qətiyyətində dövlətçilik və azərbaycançılıq mövqeyini əsas ideya kimi qorudu. 
    Əlimərdan bəy müstəqil Azərbaycanın dünya dövlətləri ilə diplomatik münasibətlərinin təşəkkülündə müstəsna xidmətlərə malik idi. Azərbaycan dövlətinin yeni təşəkkül tapan müstəqilliyini 1920-ci ilin yanvarında Versal Ali Şurası tərəfindən tanınmasında göstərdiyi xidmət onun siyasi fəaliyyətinin mükəmməlliyini göstərdi. San-Remo, London, Stremo, Spa konfranslarında Azərbaycanın hüquqlarını yüksək şəkildə müdafiə etməsi dövlətçilik fəaliyyətimizə qızıl hərflərlə yazılmalıdır. Qısa bir ömür yaşamış AXC-nin fəaliyyət dövründə istər siyasi-diplomatik münasibətlərdə, istər daxili milli məsələlərin həllində, istərsə iqtisadi məsələlərə dair layihələrin Azərbaycan dövlətinin xeyrinə yönəldilməsində topçububaşovun fəaliyyəti yüz illərlə dövlətçilik ənənəsinə malik bir dövlətin siyasi xadiminin nümunəsini əks etdirirdi. Cənubi Qafqazda möhkəmlənməkdə olan müstəqil Azərbaycan dövlətinin yüksəliş xofu ətraf qonşu dövlətləri narahat etməyə bilməzdi. 
    Nəhayət, Rusiyanın bolşevizm siyasəti ilə ölkəmizə təcavüzü müstəqilliyimizə son qoyduğu dövrlərdə də Ə.topçubaşov Azərbaycan müstəqilliyi uğrunda mücadiləsinə qətiyyən son vermədi. Mühacirətdən davam edən istiqlal mübarizəsi Rusiyanın işğalını dünyaya çatdırmaqdaydı. 1920-ci ilin noyabr ayında Cenevrədə Millətlər Cəmiyyəti qarşısında Azərbaycanın Rusiyanın işğalına məruz qaldığını söyləyərək, dünya dövlətlərinin bu məsələyə diqqətini çəkirdi. Azərbaycan oğullarının canı-qanı bahasına qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin taleyi onun taleyinə çevrilmişdi. Fransada mühacir həyatı yaşayan Əlimərdan bəy durmadan mübarizə apararaq Azərbaycanın taleyüklü məsələsi uğrunda kəskin ruhda yazılan məqalə və çıxışlarında Rusiyanın təcavüzünə dünya dövlətlərinin hüquqi qiymət verilməsini tələb edirdi. 1922-ci ildə London və Genuya, 1923-cü ildə Lozannada bu təcavüzün Azərbaycanda törətdiyi faciələr, dağıntılar, itkilər haqqında dünyaya məlumat verdi. İstiqlal savaşı mühacirətdən daha kəskin şəkildə davam edirdi.  
    Ə.topçubaşov müstəqillik qazanan doğma vətənində diplomatik səfərlərdə olması ilə əlaqədar cəmi üç ay yaşaya bilmişdi. Görkəmli Azərbaycan alimi V.Quliyevin 2009-cu ildə nəşr olunmuş “Kədərli ildönümü, yaxud Parisdə dəfn” sərlövhəli yazısında qeyd olunur ki, Avropanın ən nüfuzlu siyasət qurumları, media orqanları ilə yaxınlığı, onları Azərbaycanla həmrəy olmağa yönəltməsi, eyni zamanda “Prometey” (1930-1936-cı illər redaktoru Q.Qvazova), “Kafkaasya Severniy” (1934-1938-ci illər, redaktoru B.Baytuqan) jurnalların nəşrini meydana çıxarmışdı. Bu jurnallar onun dünyasını dəyişdiyi gün haqqında nekroloqla birgə tanınmış adamların dəfndə iştirakı haqqında yazaraq Avropa ziyalılarının və mühacir ziyalıların Əlimərdan bəyə olan sonsuz ehtiramını qeyd edirdi. O, mühacirətdə yaşayan Qafqaz xalqlarının lideri kimi yüksək hörmət qazanmışdı. Elə ona görə də dəfn mitinqində Qafqazdan olan mühacir ziyalılar onun xalqların müstəqil yaşaması üçün ən bəşəri dəyərlərə sahib olaraq bütün xalqların heç bir araqızışdırmaya baxmayaraq həmrəy olmalarına çalışdığını söylədilər. 
    Azərbaycan milli təşkilatı adından Məmməd Əmin Rəsulzadə, gürcü milli təşkilatı adından A.Çxenkeli, Qafqaz dağlıları adından Tausullan Çakman, Ukrayna milli təşkilatı adından V.Petroviç, Fransa Şərq komitəsi qurucuları, həmçinin onların mətbuat orqanlarının rəhbərləri, ayrı-ayrı dövlət qurumlarının Fransadakı nümayəndələri bu dahi insanla vidalaşmağa gəlmişdilər. 
    Azərbaycan xalqının milli şüurunun oyanmasında, müstəqillik uğrunda mübarizədə, dövlətçilik məfkurəsinin formalaşmasında, AXC yaranması, onun möhkəmləndirilməsi proseslərində və Rusiyanın Azərbaycana təcavüzü, müstəqilliyin itirilməsindən sonra mühacirətdən bu işğala qarşı ömrü boyu apardığı mücadilə Ə.topçubaşovun adını azərbaycançılıq məfkurəsinin öncüllərindən biri kimi dövlətçilik tarixinə yazdı. Bu gün onun  böyük əhəmiyyətə malik çoxşaxəli fəaliyyətinin hər sahəsi geniş tədqiqat mövzusu kimi işlənməlidir. Uzun illər boyu adının çəkilməsi qadağan olunan böyük dövlət xadimi, dövlətçilik və azərbaycançılıq məfkurəsinin banilərindən biri Ə.topçubaşovun ruhu qarşısında tarixi minnətdarlıq borcunu onun zəngin irsinin hərtərəfli araşdıraraq gələcək nəslə çatdırmaqla qismən olsa da ödəyə bilərik. 
    topçubaşov şəxsiyyəti, onun zəngin irsi bu gün müstəqil Azərbaycanın yoluna işıq salır, ötən əsrin sonlarında öz istiqlalına qovuşmuş ölkəmizdə onun adı daim əziz tutulur. Heç də təsadüfü deyildir ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 1993-cü ilin dekabrında ilk rəsmi səfərini etdiyi Fransada Əlimərdan bəyin məzarını ziyarət etmiş, onun xatirəsinə ehtiramını bildirmişdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu dahi şəxsiyyətin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamı da dövlətçilik irsimizə təəssübkeşlikdən irəli gələn tarixi addım kimi qiymətləndirilməlidir.  

    Sona Vəliyeva
    filologiya üzrə fəlsəfə doktoru

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 712
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30