Nə gizlənib yenə sözlərdə mən yazım, sən oxu. Nə qüssə var qara gözlərdə mən yazım sən, oxu.
O qumlu sahilləri sənsiz dolaşdıqca gülüm, Bu eşqi qumdakı izlərdə mən yazım, sən oxu.
Həyat nədir nə bilirsən cəfalı məcnunam, Vəfanı laləli düzlərdə mən yazım, sən oxu.
Qəmində qərq olur hər kim ki şad gəlir yanıma, Bəlani qəm dolu üzlərdə mən yazım, sən oxu.
Bu eşqə qərq oluram, sahilə ümüdüm yox, Qanımla mavi dənizlərdə mən yazım, sən oxu.
Fərağidən bu Əziz Pünhanın hərarətini, Bu sönmüş oddakı közlərdə mən yazım, sən oxu.
Əziz PÜNHAN
|
|