Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Masallı: Azərbaycanın folklor paytaxtı
    Milli-mədəni örnəklərimiz bizi dünyaya tanıdır, qədimliyimizi, zənginliyimizi göstərir. Mədəniyyətimizin tarixi növləri dünyanın qeyri-maddi irs siyahısında mühüm yer tutur. Xalq sənətlərimiz möhkəm folklor təməli üzərində pərvəriş tapıb. El yaradıcılığı bulağından su içə-içə gələn sənət incilərimiz beləcə ölməzlik qazanıb. Mədəniyyətə dövlət qayğısı bu sənət gülüstanına əbədi rövnəq verməkdədir.




    Masallı başdan-başa folklor qaynağıdır

    Masallının ərazisi başdan-başa folklor qaynağıdır. Elə rayonun adı da, bəlkə Anadolu türkcəsində "nağıl" anlamına gələn "masal" sözü ilə eyni kökdəndir. Burada "Dəştvənd", "Gülüstan", "Cənnət bağı", "Nağıl dünyası" kimi adları daşıyan tarixi yerlər, turizm məkanları var. Uluların yaddaşında günümüzə qədər gəlib çatan ağız ədəbiyyatı nümunələri - nağıl, dastan, bayatı, nəğmə, tapmaca, yanıltmac, atalar sözü və zərb-məsəllər qızıl kimi paslanmayan, tükənməz folklor inciləri deyilmi? Bu nümunələr yerli camaat üçün Viləş çayı, Ərkivan bulaqları, İstisu irmaqları qədər əziz və dəyərlidir.


    Pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun dediyinə görə, Masallının folklor paytaxtı seçilməsi heç də təsadüfi olmayan mühüm ictimai hadisədir. Əvvəla, Masallıda Azərbaycan xalq yaradıcılığının bütün növləri və onların özəl variantları mövcuddur. İkincisi, folklor örnəklərindən lazımi qaydada faydalanmaqla yetişən nəslin hərtərəfli inkişafını təmin etmək olar ki, bu baxımdan da Masallı ən layiqli istinadgahlardandır. Masallıda elə atalar sözləri var ki, digər bölgələrdə rast gəlinmir. Məsələn, "Çox çalışan qazanacaq, alması da qızaracaq".


    Masallı bayatıları vaxtilə yerli xanəndələrin, müğənnilərin, aşıqların dilinin əzbəri olub. Səmidxanlı Əzizullanın, seybətinli Mirislamın, qızılağaclı Bağı Ələkbərovun ifa etdikləri bayatılar el-el yayılıb. F.Sadıqovun fikrincə, İmadəddin Nəsiminin Azərbaycanı tərk edəndən sonra yaşadığı və edam olunduğu İraqi-Əcəmin Hələb şəhəri Dəştvənd tacirlərinin gedib-gəldikləri şəhərlərdən olub. Bu ticarət əlaqəsini sübut edən bir fakt da maraqlıdır: tacirlərin Hələbdən gətirdikləri bəzəkli kuzələrə, su qablarına "hələbi" deyərdilər. "Hələbi" sözü bir ifadə olaraq bu gün də Masallıda işlənməkdədir.


    Masallı ən qədim yaşayış məskənlərindən biri kimi

    Bir neçə ay öncə Masallıda keçirilmiş "Azərbaycan folkloru mədəni sərvətimizdir" mövzusunda elmi-praktik konfransda icra başçısının müavini - şöbə müdiri Nəsir Muxtarlı bildirmişdi ki, yazda rayonda ümumrespublika muğam festivalı təşkil olunmuş, "Halay" folklor ansamblına həsr olunmuş film çəkilmiş, Masallı folkloru barədə kitab nəşri sifariş edilmişdir. Bundan başqa, "Onlar Masallıdandır" adlı saytın yaradılması üzərində iş gedir. “Folklor ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin ən genişi isə sentyabr üçün planlaşdırılan beynəlxalq folklor festivalı oldu. Tədbirdə "Masallı folklorunun pedaqoji əsaslarına dair", "Regional folklor kontekstində Masallı", "İstiqlal fədaisi Ələsgər Ələkbərovun tədqiqatlarında cənub folkloru", "Masallı folklorunda fərdilik" adlı məruzələr dinlənilmişdir. Masallı ən qədim yaşayış məskənlərindən biri kimi səciyyələndirilmiş, milli-mənəvi dəyərlərimizin burada daha yaxşı qorunduğu vurğulanmışdır.


    Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı folklor paytaxtının kuboku və loqosunu təşkilat komitəsinin sədrinə təqdim elədi. Tədbirin sonunda folklor nümunələrindən ibarət maraqlı konsert proqramı təqdim olundu. Qısametrajlı filmin göstərildiyi ekranda qızlar halaya səsləyirdilər. Elə səhnədə də "Halay"ın rəqsləri, mahnıları bir-birini əvəz edirdi.


    "Halay" Azərbaycanı dünyada tanıdan kollektivlərdəndir. Yarım əsr öncə mahmudavarlı Ümbülbanu Cəbiyeva onun ilk fidanı və yaradıcısı olub. İlbəil ansambl böyüyüb, məşhurlaşıb. "Qızıl buta", "Qızıl balta" beynəlxalq mükafatlarını alıb. "Halay"ın populyar "Masallı toyu" kompozisiyası hər zaman gözlər sevinci olub. Kəndin ağbirçəklərindən Tehran Əbilova, Zemfira Şahverdiyeva vaxtilə ansamblın üzvləri kimi folkloru təbliğ etmələrindən qürur duyurlar.


    "Halay"ı yaşatmaq üçün əlindən gələni edən insan

    Rayon mədəniyyət və turizm şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovanın "Halay"ın üstündə danılmaz zəhməti var. Ən çətin anlarda o, "Halay"ı yaşatmaq üçün əlindən gələni edib, qızları dünyanın bir çox ölkələrinə festivallara aparıb. Təkcə Türkiyənin 15 şəhərində çıxışları olub. Moskva televiziyası bir vaxt bu kollektiv haqqında "Buta" adlı film çəkmiş və dünyaya yayımlamışdır.


    Ötən ilin avqustunda "Halay" Macarıstanda təşkil olunmuş beynəlxalq festivalda uğurla çıxış edərək mədəniyyətimizi, milli adət və ənənələrimizi nümayiş etdirib. Kollektivin "Yallı"sı, "Sarı gəlin"i, "Naz eləmə"si, "Bakı"sı macar sənətsevərlərini heyran qoyub. Xarici folklor qrupları bizim milli rəqsləri həvəslə öyrəniblər. Masallı haqqında hazırlanan sənədli film nümayiş etdirilib.


    Lətifə Mövsümovanın dediklərindən: “İndiyədək dünyanın 28 ölkəsində uğurla çıxış etmişik. Hazırda isə özümüz festivala ev sahibliyi edirik. Bu fəxri adın loqosunun təqdimatı yaddaqalan olub. Sonra ölkəmizin bütün rayonlarını əhatə edən ümumrespublika festivalı keçirilib. Folklorşünas alimlər Masallıda zəngin mənəvi dəyərlərimizi araşdırmaq məqsədilə ekspedisiyalar təşkil ediblər. Bir daha bilmişik ki, əmək, yaşam, gündəlik həyat tərzi, ovqat nəğmələrimiz necə də saysız-hesabsız imiş. Rayonumuzda bütün bunları ipə-sapa düzüb yaymaq üçün 118 bədii kollektivimiz çalışır. Onların üç minədək üzvü var. Kollektivlərimiz beynəlxalq festivala qədər İstisu, Sərçuvar, Xıl, Qodman, Şərəfə, Xırmandalıda mərhələ konsertləri veriblər. Onu da deyim ki, festivala hazırlıq işləri bədii kollektivlərin sənətkarlıq cəhətdən təkmilləşməsi, onların gündəlik məşqləri ilə bitmir. Bu, daha geniş sahəni - şəhərin abadlıq və təmizliyindən tutmuş, qonaqların yerləşdirilməsi, istirahəti və ekskursiyalarına kimi vacib tədbirləri əhatə edir. Rayonumuzun rəhbərliyi bütün təşkilati işləri diqqətdə saxlayır. Gözlədiyimiz qonaqlar Türkiyə, Latviya, Macarıstan, Belorus, Ukrayna, Gürcüstan, Krım, Təbriz, Orta Asiya respublikalarındandır. İştirakçıların böyük paradı Heydər Əliyev prospektindən başlanacaq. Nizami parkında onları el sənətkarlarının unikal əl işləri ilə qarşılayacağıq. Çeşidli suvenirlər hazırlamışıq: "Masallı-2012" etiketli papaqlar, köynəklər, qələmlər, paketlər, həmçinin tətbiqi sənət ustalarının əl işləri - sandıqçalar, miniatür zənbillər, keramik qab-qacaq və sair. İlk gün açılış konserti və diskoteka olacaq. Səhəri xatirə şəkilləri çəkiləcək, Boradigah, Şərəfə, digər qəsəbə və kəndlərdə çıxışlar təşkil ediləcək. Qonaqları rayonun əsrarəngiz guşələrinə gəzintilərə aparacağıq. "Halay"ın yaşlılardan ibarət eyni adlı rəqs qrupunun, rayon mədəniyyət evinin "Masallı", incəsənət məktəbinin "Sara", Şərəfə mədəniyyət evinin "Həcər" kollektivlərinin maraqlı repertuarları təqdim olunacaq. Çalışacağıq ki, festivalı xalqımızın, millətimizin adına layiq səviyyədə təşkil edək”.


    Artıq folklor paytaxtının rəsmi loqosu Masallının küçə və meydanlarını bəzəyir. Şəhər möhtəşəm bayram, böyük sevinc və fərəh əhvalındadır.
    Hazırda tədbirlə bağlı geniş işlər aparılır. Nizami parkındakı səhnə genişləndirilib, rayona gələcək 100-dən artıq qonağın istirahət mərkəzlərində yerləşdirilməsi ilə bağlı və digər texniki-təşkilati tədbirlər görülür.


     

    Bizə kimlər qonaq gəldi?

    Tədbirə Türkiyədən 19, İranın Təbriz şəhərindən 6, Qazaxıstandan 8, Latviyadan 8, Rusiyanın Dağistan və Kabardin-Balkar vilayətlərinin hər birindən 15 nəfər iştirakçı gəldi. Bundan əlavə Naxçıvan Muxtar Respublikasının 15 nəfərlik “Şərur” qrupu da tədbir iştirakçıları sırasında oldu. Masallı bu festivalda 3 kollektivlə - “Halay” folklor ansamblı, “Halay” folklor veteranlar ansamblı, Masallı rəqs qrupu ilə təmsil olundu. 15 nəfərlik nağaraçılar qrupu da tədbir iştirakçıları sırasında idi. Dəvətlilər arasında çoxlu rəsmilər və KİV nümayəndələri də var idi.


    Şərqdə möhtəşəm musiqi paradı...


    Tədbirə sentyabrın 7-si, səhər saat 10-da Qarabağ küçəsindən, “Xəyal” super-marketin qarşısından start verildi.  Festivalın ilk günündə iştirakçılar Masallı şəhərindəki Heydər Əliyevin abidəsinin qarşısına gələrək, abidə önünə tər çiçəklər düzdülər. Sonra Heydər Əliyev adına Xatirə Parkının qarşısındakı meydanda festivalın təntənəli açılış mərasimi oldu. Açılış mərasimində iştirakçılar öz xalqlarına məxsus folklor nümunələrini nümayiş etdirdilər. Açılışdan sonra iştirakçılar Heydər Əliyev prospektindən Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkına kimi yürüş edərək, şəhər sakinləri ilə salamlaşdılar. Parkda qonaqlar Azərbaycanın sənət inciləri, milli mətbəxi, adət-ənənəsi ilə tanış oldular.


    Açıq meydanda təşkil edilmiş sərgidə qonaqlar yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli mətbəxin nümunələri ilə yaxından tanış oldular.


    Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev, Rusiya, Türkiyə, Yaponiya, Qazaxıstan və Latviyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak etdilər.


    Həmin gün, nahardan sonra, saat 15-dən başlayaraq festivala gələn kollektivlər Nizami parkındakı səhnədə tamaşaçıların iştirakı ilə öz milli geyimlərində məşqlərə başladılar. Günün sonunda, 18.00-da festivalın açılış konserti oldu. Axşam isə qonaqların şərəfinə böyük bayram ziyafəti təşkil olundu.


    Tədbirin 2-ci günü, sentyabrın 8-də qonaqlar səhər saat 10-dan gənclər meydanına toplaşdılar. Daha sonra, günün 1-ci yarısında Boradigah qəsəbəsində, 2-ci yarısında isə Şərəfə kəndində konsert verdilər.


    Günün 2-ci yarısında folklor kollektivləri saat 15-dən Nizami parkına toplaşaraq, milli geyimlərdə məşq edib, saat 19-da yekun konserti verdilər.


    Tədbir həmin gün saat 22-də Gənclər Mərkəzində hədiyyələrin verilməsi və diskoteka ilə yekunlaşdı. Elə həmin axşam Masallıda atəşfəşanlıq oldu.


    Türkiyəni Masallı Beynəlxalq  Folklor Festivalında təmsil edən “Silifke Bələdiyyəsi Xalq Oyunları” qrupunun bədii rəhbəri Sefa Özbaydal da qardaş ölkədə folklora böyük maraq olduğunu bildirdi. Mersin vilayətinin Silifke şəhərindən festivala qatılan qrup 39 ildir fəaliyyət göstərir: “1974-cü ildən bəri hər il mayın 20-dən 26-dək Mersində Silifke Beynəlxalq Musiqi və Folklor Festivalı keçirilir. Türkiyənin müxtəlif bölgələri ilə yanaşı 10-dan çox ölkədən xalq oyunları qrupları burada iştirak edir”.


    S.Özbaydal gələn il keçiriləcək 40-cı festivala “Masallı” folklor qrupunu da dəvət edəcəklərini açıqladı: “Masallı çox xoşumuza gəldi, insanları istiqanlı, gülərüzlüdürlər, özümüzü evimizdəki kimi hiss etdik. Yeməklərdən ləvəngi və lülə-kababa heyran olduq”.


    Silifke qrupu festivala 19 nəfərlik heyətlə qatılıb: “Sizin folklor rəqsləriniz çevikliyinə görə bizimkilərlə oxşardır. Ən çox sevdiyim musiqi alətiniz zurnadır. Zurnanın səsi mahnı  və rəqslərə yüksək əhval-ruhiyyə qatır”.


    Festivalın maraqlı iştirakçılarından biri də Cənubi Azərbaycanı təmsil edən “Qumsava aşıqları” idi. 50 ildir fəaliyyət göstərən qrup Masallıya 6 nəfərlik heyətlə gəlmişdi. “Bizim ifa etdiyimiz saza “çögür” deyilir və Dədə Qorqud zamanından bu günədək yaşayır, qopuzu xatırladır. “Şikəstə”, “Dübeyti”, “Həştərxanı”, “Mehtərxanı”, “Şəhriyarı”, “Kəsmə”, “Zərgəri”, “Koroğlu” kimi  məşhur oyun havalarımız və halayları ifa edirik. Zurna və davul əlavə etməklə mahnılarımızı daha da zənginləşdiririk. Bütün oyun havalarımızın kökü  Dədə Qorqud və Səfəvilər zamanından gəlib” - deyə  qrupun rəhbəri Günəş Ramazani bildirib.


    Aşığın sözlərinə görə, İranda musiqi məktəbləri, eləcə də saz ifaçılığı geniş yayılmayıb. Lakin buna baxmayaraq milli adət-ənənələrimiz qorunub saxlanılır: “Şimali Azərbaycan uzun illər Sovet hakimiyyətinin tabeliyində yaşamasına baxmayaraq milli musiqimizə, mədəniyyətimizin qədim köklərinə sadiq qalıb. İndi isə dövlət qayğısı var. İranda isə adət-ənənələrimiz, milli musiqimiz, saz, aşıqlıq sənəti yalnız xalqın gücü hesabına yaşayır”.


    Rusiyanı “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsində təmsil edən “Buranovskiye babuşki” Azərbaycanda oldular. Kollektiv Masallıda keçirilən Beynəlxalq Folklor Festivalına qatılmaq üçün gəlimişdilər.


    Beynəlxalq Folklor Festivalı başa çatdı


                     
    Tədbir Masallı Olimpiya İdman Kompleksində yekunlaşdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov festivalda iştirak etmiş bütün kollektivlərə Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim etdi. Daha sonra Rusiya, İran, Türkiyə, Latviya, o cümlədən Naxçıvan və Masallının folklor ansamblları və qrupları möhtəşəm konsert proqramı ilə çıxış edərək, bir daha məharətlərini nümayiş etdirdilər.


    Qonaqlar Masallıda keçirdikləri günləri uzun müddət unutmayacaqlarını bildirdilər. Onlar qeyd etdilər ki, Masallı istənilən Beynəlxalq mədəni tədbirə ev sahibliyi edə bilər.


    Masallı Beynəlxalq Folklor Festivalında “Eurovision 2012” mahnı müsabiqəsində Latviyanı təmsil edən Anmari də qatılmışdı. O, hələ mayda Bakıya gələn zaman hava limanında Azərbaycan xalq mahnısı “Sarı gəlin”i oxumaqla azərbaycanlıların rəğbətini qazanmışdı. Festivala Latviyanın “Vilki” qrupu ilə qatılan müğənni bu dəfə Polad Bülbüloğlunun “Gəl, ey səhər!” mahnısını  Azərbaycan dilində ifa etdi: “Azərbaycana sevgimi, bu mədəniyyətə eşqimi, xalqınıza minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm. Hələ ilk gəlişimdə Azərbaycan mədəniyyətinin, tarixinin möhtəşəmliyinin, insanlarının mükəmməlliyinin şahidi oldum. Bir neçə bölgəni gəzdim, Qəbələnin təbiətinə isə vuruldum. Sevinirəm ki, yenidən bu ölkəyə gəlmək şansı qazandım və bu dəfə yeni çox şey kəşf etdim”.


    Anmari Azərbaycan musiqisini çox sevdiyini və məhz buna görə “Sarı gəlin”, “Üzüyümün qaşı firuzədəndir”, “Sən gəlməz oldun”, “Gəl, ey səhər” mahnılarını repertuarına saldığını söylədi: “Sovet  dövründə televiziyada Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlunun mahnılarını dinləyirdim. “Eurovision” ərəfəsində isə Azərbaycan musiqisi ilə maraqlandım və “Sarı gəlin”i çox bəyəndim. Uşaqlıqdan milli musiqiniz  və dilinizə  marağım var. Sözlərinizi öyrənməyə çalışıram ki, insanların nə danışdıqlarını özüm sərbəst anlayım”.


    Anmari “Sarı gəlin”ə Azərbaycanda klip çəkdirəcəyini açıqladı. Latviyalı sənətçi növbəti albomuna bir neçə Azərbaycan mahnısı daxil etmək, Bakıda solo konsert vermək planlaşdırır.


    Anmari “Eurovision” müsabiqəsindən sonra folklor festivalına qatılmağının səbəbini də açıqladı: “Musiqidə özümü pop, rok, estrada, folklor kimi müxtəlif  janrlarda çərçivəyə salmıram. Özünəməxsusluğu, incəliyi ilə fərqlənən folklor musiqisi olub, var və yaşamağa davam edir. Bizim ölkədə folklor çox populyardır”.


    Qeyd edək ki, festivalda iştirak edən ölkələrin nümayəndələri tədbirin yüksək səviyyədə təşkil olunduğunu deməklə yanaşı bildirdilər ki, belə festivalların keçirilməsi digər ölkələrin folklor nümunələri ilə tanış olmasına şərait yaradır. Bu da xalqlar arasında dost və mehribanlığa gətirib çıxarır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 979
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30