Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qəzəb doğuran film
    "Müsəlmanların Məsumiyyəti" filminin “YouTube”də nəşr olunan 13 dəqiqəlik fraqmentdə, həvəskar bir qrup oyunçu, "Həzrət Məhəmməd haqqındakı gerçəkləri açıqlayırıq" deyərək filimin qısa reklamını edirlər.  Filmdə Həzrət  Məhəmməd (s) qadın həvəskarı, müsəlmanlar isə quldur olaraq xarakterizə edilir.

    ABŞ-da çəkilən film iyunun axırında Hollywoodda yerləşən balaca kinoteatrda nümayiş olunub. Lakin etirazlar bu filmin parçaları ərəb dilinə tərcümə edilərək YouToube-a yerləşdiriləndən sonra başlayıb.

    “Müsəlmanların məsumluğu” adlanan filmi özünü “sambacile” adlandıran istifadəçi iyulun 1-də internetə yerləşdirib. Film çox ucuz və keyfiyyətsiz görsənir. Aydın olur ki, İslam və Məhəmməd Peyğəmbər (s) haqqında deyilən ən təhqiramiz sözləri aktyorlar deməyib, filmin axırında səslənən musiqinin üzərinə sonradan dublyaj edilib.


    Etirazlar Liviyadan başladı


    Birləşmiş Ştatlar Liviya lideri Müəmmar Qəddafini devirməyin cəzasını çəkməkdədir. 11 Sentyabr hadisələrinin ildönümü günü ABŞ-ın Liviyadakı səfirliyinə dəhşətli hücum olub. ABŞ-da çəkilmiş bir filmdə Məhəmməd peyğəmbərin təhqir edilməsinə etiraz edən kütlə ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücum çəkib. Konsulluq binası atəşə tutulub və yandırılıb.


    ABŞ-ın Liviyadakı səfiri Kris Stivens də konsulluq binasında olub. Qısa müddətə Benqaziyə səfərə gələn Kris Stivens və səfirliyin 3 əməkdaşı konsulluq binasında baş verən yanğın nəticəsində həyatlarını itirdilər. “Əl-Cəzirə” onların yanğın zamanı tüstüdən zəhərlənərək öldüyü barədə xəbər yaydı. Liviya daxili işlər nazirinin müavini Vanis əl-Şərif səfir və 3 diplomatın öldürüldüyünü təsdiqlədi. ABŞ səfiri və digər diplomatların cənazələri Liviyanın paytaxtı Tripoliyə, oradan da ABŞ-ın Almaniyadakı hərbi bazasına gətirildi. Qeyd edək ki, Kris Stivens Liviyada üsyan başlayan zaman ABŞ-ın Liviya Milli Şurasına göndərdiyi təmsilçi olub.


    Liviyada yaranmış gərgin vəziyyət Birləşmiş Ştatların bu ölkəyə hərbi heyət göndərməsinə səbəb oldu. ABŞ Benqazidə səfirinin öldürülməsindən sonra Liviyaya 2 hərbi gəmi və 50 dəniz piyadası göndərdi. Hərbçilər Tripolidəki Liviya səfirliyini mühafizə edəcəklər. Artıq amerikalılar Benqazidən çıxarılıb.


    Obamadan açıqlama

    Hadisədən sonra ABŞ prezidenti Barak Obama dinlərə qarşı iftiraya qarşı olduğunu, lakin Liviyada amerikalı diplomatların öldürülməsinə səbəb olan şiddəti də qınadığını dedi. ABŞ dövlət başçısı Liviya rəsmilərini lazım olan hər şeyi etməyə, eyni zamanda bütün hökumət nümayəndələrini dünya miqyasında amerikalı diplomatların təhlükəsizliyini təmin etməyə çağırdı.


    ABŞ prezidentliyinə namizəd olan Mitt Romninin məsələ ilə bağlı mövqeyi daha sərt olub. Romni bildirdi ki, filmdə peyğəmbərin təhqir olunmasına görə ABŞ hökumətinin İslam dünyasından üzr istəməsi və ya filmin istehsalçısının mühakimə olunması kimi addımlar yolverilməzdir. "Amerika hadisə ilə bağlı üzr istəməklə deyil, ölkənin suverenliyinin pozulmasına görə qəzəbini ifadə etməklə reaksiya verməlidir" - deyə Romni əlavə etdi. Fransanın xarici işlər naziri Loran Fabius da, həmçinin, belə bir zorakılığın yolverilməz olduğunu qeyd etdi.


    Misir də ayağa qalxdı

    ABŞ-ın Qahirədəki səfirliyi də nümayişçilərin basqısına məruz qaldı. Nümayişçilər səfirliyin divarını aşaraq Amerika bayrağını cırdılar. Qəzəbli misirlilər Məhəmməd Peyğəmbər (s) barədə filmə etirazlarını bildirdilər. Əksəriyyəti ifrat mühafizəkarlardan ibarət 2000-ə yaxın adamın bəziləri Amerika bayrağının yerinə “La İlahə İlləllah, Məhəmmədən rəsulullah” sözləri yazılmış qara bayraq asmağa cəhd etdi.


    BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi təmsilçisi Əl Ahdar Əl İbrahimi Qahirədəki ABŞ səfirliyinin binasının ətrafındakı toqquşmalar səbəbi ilə qaldığı evdən başqa bir yerə köçürüldü. İbrahimi polis və nümayişçilər arasındakı toqquşmaların baş verdiyi səfirlik binasının yaxınlığındakı bir evdə qalırmış.


    Misir prezidenti Məhəmməd Mursi Məhəmməd Peyğəmbərin (s) təhqir edildiyi filmlə bağlı etirazlarla əlaqədar xalqa müraciət etdi. Mursi televiziya ilə etdiyi müraciətində dinc etiraz aksiyalarını dəstəklədiyini bildirdi, ancaq şəxslərə və səfirliklərə hücumları qəbul etmədiyini dedi: "Bir insanı öldürmək insanlığı öldürmək kimidir".


    Prezident Liviyada ABŞ səfirinin öldürüldüyü hücumu qınadı və ölkəsindəki əcnəbilərin qorunacağını söylədi.


    Filmin çəkilişində iştirak edən misirlilər haqda həbs qərarı verilib. Misirin Respublika Prokurorluğundan verilən açıqlamada bildirilir ki, ABŞ-da yaşayan və filmin çəkilişində iştirak edən 9 misirli ölkəyə daxil olacağı təqdirdə həbs ediləcək. Bu siyahıda Keşiş Markoz Əziz, İsmət Zəlqamə, Moriz Sadiq, Nəbil Bisadə, İhab Yaqub, Cek Ataulla, Nahid Mütəvali, İlya Basiyli, Adil Riyad və amerikalı keşiş Terri Consun adı yer alıb.


    Yəməndə gərginlik

    ABŞ-da çəkilən və Məhəmməd Peyğəmbəri təhqir etdiyi bildirilən filmlə bağlı etiraz aksiyaları Misir və Liviyadan sonra Yəmənə də sıçradı. Paytaxt Sənada toplanan bir qrup ABŞ səfirliyinə hücum etdi. Nümayişçilərin səfirliyin bağçasında olduğu, ancaq ofislərin olduğu binaya girmədiyi bildirilir. Yəmənlilər binaya basqından əvvəl səfirliyin lövhəsini qopardılar və təkər yandırdılar. Daha sonra bağçaya girən nümayişçilər burada da ABŞ bayrağını endirərək yandırdılar. Polis səfirliyin qarşısında toplaşan nümayişçiləri dağıtmaq üçün atəş açdı.
    Banqladeşdəki ABŞ səfirliyi ətrafında da etiraz aksiyası keçirildi, ABŞ əleyhinə şüarlar səsləndirildi.


    Müsəlman dünyası ABŞ-a etiraz edir

    Məhəmməd Peyğəmbəri təhqir edən "İslamın məsumiyyəti" adlı Amerika filminin ərəbcə altyazılı versiyasının "YouTube" video portalında yayımlanmasından sonra İslam dünyasında yaranmış gərginlik davam etdi. Bir çox müsəlman ölkəsində ABŞ-a qarşı etiraz aksiyaları keçirildi. Fələstinin Qəzza bölgəsində baş tutan aksiyaya 500-ə yaxın fəal qatıldı. Aksiya iştirakçıları Amerikaya qarşı ölüm şüarları səsləndirdilər və ABŞ bayrağını yandırdılar. Amerikalı müsəlmanlar isə Liviyada ABŞ səfirliyi də daxil olmaqla 4 Amerika rəsmisinin öldürülməsini qınadı.
    Vaşinqtonda birgə mətbuat konfransı keçirən müsəlman icmasının liderləri bu hücumun İslam dininə uyğun olmadığını bildirdilər. ABŞ-dakı ən böyük müsəlman insan haqları təşkilat olan Amerika İslam Əlaqələri Şurasının icraçı direktoru Nihad Avad "Bu addım dinə və ya inanca şərəf gətirməyin yolu deyil" - deyən ABŞ dövlət katibi Hillari Klintona qoşuluruq" deyib.


    Avad qəsdən qızışdırıcı detallara yer verilən filmi istehsal edən və dəstəkləyənlərin də qınanmağa layiq olduğunu qeyd edib və sözlərini belə davam etdirib: "İslam tarixi Həzrəti Məhəmmədin (s) onunla pis rəftar edənlərə cavab vermək imkanlarına sahib olduğu halda, bunu etmədiyini göstərən nümunələrlə doludur. Radikalların siyasi və ya dini anlayışlara nəzarət etməsinə imkan verməməliyik".


    Türkiyədən reaksiya

    Türkiyədən ABŞ-ın Liviyadakı səfirinin ölümü ilə bağlı ilk reaksiya gəldi. Türkiyə Səadət Partiyasının sədri Mustafa Kamalak səfirin öldürülməsində ABŞ-ın da günahının olduğunu bildirdi: “ABŞ Liviyada sabitlik və sülhü istəsəydi, şübhəsiz, səfiri və vətəndaşı öldürülməyəcəkdi”.


    Sədr həmçinin qeyd etdi ki, peyğəmbərlərin haqq anlayışı dünyaya hakim olmayana kimi yer üzündə sülh və sabitlik olmayacaq. Mustafa Kamalak ABŞ səfirinin ölümünə səbəb olan “Müsəlmanların məsumiyyəti” filminə də münasibətini bildirib: “Bu, bizim üçün heç də təəccüblü deyil. Düşmənlər öz işini görür. Bizim üçün narahatedici olan 60-a yaxın İslam ölkəsinin pərakəndə olmasıdır”.


    Öz növbəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-da hazırlanan Məhəmməd Peyğəmbəri (s) təhqir edən filmlə bağlı açıqlama verib. Ərdoğan filmin nümayişini provakasiya və düşmənliyə yönəlmiş davranış kimi qiymətləndirib: “Dinlərə, peyğəmbərlərə, insanların müqəddəs dəyərlərinə yönəlmiş təhqirlərə fikir azadlığı kimi baxmaq olmaz. Bu film açıq şəkildə təxribat və düşmənçiliyə yönəlmiş davranışdır. Dünya müsəlmanlarına bir daha xatırladıram. Bu çox ciddi təxribat və çox ciddi bir təhrikdir. Bu təhrikə qarşılıq olaraq şiddət tətbiq edənlərin özləri də müsəlmanlara qarşı provokasiya aparır”.


    Aksiyalara İran da qoşuldu

    İsveçrənin Tehrandakı səfirliyi qarşısında ABŞ əleyhinə aksiya keçirildi. İranda İslam inqilabından az sonra, 1980-ci ildə ABŞ-ın Tehrandakı səfirliyi zəbt olunub. Həmin vaxtdan Vaşinqtonu İranda İsveçrə səfirliyi təmsil edir. İsveçrənin Tehrandakı səfirliyi qarşısında aksiya keçirən bir qrup tələbə “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndiriblər, ABŞ bayrağını yandırıblar.


    “Barak Obama Məhəmməd Peyğəmbərin təhqir olunduğu filmlə əlaqədar dünya müsəlmanlarından üzr istəməlidir”. Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi deyib. O bildirib ki, ABŞ prezidenti təhqiramiz filmin yayılmasının qarşısını almaq üçün dərhal tədbirlər görməlidir. Ə.Burucerdi Liviya və Misirdəki kütləvi aksiyalara toxunaraq bəyan etdi ki, müsəlman ölkələrindəki reaksiya Qərbin İslam aləmindəki dini etiqadlara zərər vurmaq və islamı zəiflətmək siyasətinin uğursuzluqla nəticələnməsinin göstəricisidir: “Bu gün dünyada islami oyanış dalğası baş qaldırıb. ABŞ-da belə filmlər istehsal etməklə bu alovu söndürməyə cəhd göstərən insanlar yanılırlar”.


    “Məhəmməd Peyğəmbəri (s) təhqir edən “Müsəlmanların məsumiyyəti” filminin ssenarisinin arxasında ABŞ və İsrail dayanır”. Bu fikirlər İranın ali dini lideri, ayətullah Əli Xamneyinin öz xalqına və müsəlman dünyasına ünvanladığı müraciətdə yer alıb. Onun sözlərinə görə, bu hərəkətin arxasında ABŞ, İsrail və digər qüvvələrin islam dini əleyhinə düşməncə siyasəti dayanır: “Amerikalı siyasətçilər bu çirkin cəhddə rolları olmadığını iddia edirlər. Əgər belədirsə, onda dürüstlüklərini sübut etmək üçün müsəlmanları ürəkdən incidən bu iyrənc cinayəti işləyənləri və onlara maliyyə dəstəyi göstərənləri tapıb cəzalandırsınlar”. Ayətullah Xamneyi deyib ki, ABŞ, İsrail və digər qüvvələr keçmişdə də bu cür cəhdlərdə olublar: “Əgər bu zəncirin daha əvvəlki halqaları, yəni Salman Rüştü, danimarkalı karikaturaçı, “Quran”ı yandıran keşiş və yəhudi sərmayə sahiblərinə bağlı şirkətlərin tərəfindən islam əleyhinə onlarla film istehsal edənlər dəstək görməsəydilər, bu gün iş bu qədər böyük və bağışlanılmayacaq günah işlənməsi səviyyəsinədək böyüməyəcəkdi. Bu cinayətin bir saylı günahkarı İsrail və ABŞ-dır”.


    “İslam Əməkdaşlıq Təşkilatının təcili yığıncağı keçirilməlidir”. Bunu isə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini Mənsur Həqiqətpur deyib. O bildirib ki, təşkilat Məhəmməd Peyğəmbərin (s) təhqir olunduğu filmlə bağlı müzakirə aparmalıdır.


    M.Həqiqətpur qeyd edib ki, Məhəmməd Peyğəmbəri (s) təhqir cəhdi müsəlmanlarla digər dinlərin mənsubları arasında din davası çıxarmaq səyi kimi qiymətləndirilməlidir: “Bu baxımdan İƏT-ə üzv olan ölkələr dərhal toplanmalı və bu çirkin əməli araşdırmalıdır”.


    “Hizbullah” xalqı ayağa qaldırdı 

    Livanın paytaxtı Beyrutda “Hizbullah” təşkilatı tərəfdarlarının “Müsəlmanların məsumluğu” filmi ilə bağlı ABŞ əleyhinə aksiyası keçirildi. “Hizbullah” radikal qruplaşmasının lideri Şeyx Nəsrallah müsəlmanların təhqir olunduğu filmə etiraz olaraq Livanda yeni aksiyalar keçirməyə səslədi. Nəsrallah videomüraciətində bildirib ki, dünya müsəlmanları təhqir olunmasına sakit yanaşmamalıdır.


    Nəsrallah son günlər İslam ölkələrində etirazlara səbəb olmuş filmin məsuliyyətinin ABŞ-a aid olduğunu bildirib. Bu ölkənin söz azadlığı adıyla ikili standarta yol verdiyini deyən Nəsrallah ABŞ-ın filmin yayılmasına göstərdiyi reaksiya ilə bunu isbat etdiyini deyib. “Hizbullah” lideri müsəlmanların lazımi cavabı verməli olduğunu vurğulayıb: “İslam ümməti lazımi cavabı verməlidir. İslam dininə qarşı bir çox dəfə analoji addım atıldı. Buna misal olaraq Salman Rüşdünün kitabı, Terri Consun Quranı yandırması və s. göstərilə bilər. Bunlar ABŞ xüsusi xidmət orqanlarının işləridir. Müsəlmanlar ABŞ-dan bu filmin dayandırılmasını tələb edir. Amma lazımi addımlar atılmır və film internetdən yığışdırılmır”. İslam dünyasının xüsusi və əhəmiyyətli bir dövrü yaşadığını deyən Nəsrallah müsəlmanları çox diqqətli olmağa çağırıb. ABŞ Konqresinin müsəlmanlara istiqamətlənmiş hücumları cinayət sayan qanun qəbul etməsi üçün bu ölkədəki müsəlmanları səy göstərməyə səsləyən Nəsrallah Roma Papasının ziyarəti vaxtı livanlı müsəlmanların kifayət qədər tolerantlıq nümayiş etdirdiyini xatırladıb. İslam ölkələri liderlərini təcili keçiriləcək toplantı ilə müzakirələrə səsləyən “Hizbullah” rəhbəri siyasətçilərin də bu filmə münasibət bildirməsinin vacibliyini vurğulayıb.


    Əfqanıstan və Pakistanda mitinqlər

    Əfqanıstanın paytaxtı Kabildə yüzlərlə adam internetdə yayılmış “Müsəlmanların məsumluğu” filminə etiraz edib. Etirazçılar ABŞ əleyhinə şüarlar səsləndirib, maşın təkərləri yandırıb, daş atıblar. Kabil polisinin rəisi Məhəmməd Salangi bildirib ki, aksiyaçılardan bir neçəsi polisə atəş açıb. Azı 40 polis xəsarət alıb. Qarşıdurmanın qızışmaması üçün polis aksiyaçılara atəş açmayıb.


    Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq hava limanının yanında kamikadze qadın minalanmış avtomobili xarici vətəndaşların olduğu mikroavtobusun üzərinə sürüb. İslamçılar bildirib ki, bununla da ABŞ-da Məhəmməd Peyğəmbəri (s) təhqir edən filmin çəkilişinə etiraz bildiriblər.


    Səkkiz xarici və onların sürücüsü həlak olub, daha on nəfər yaralanıb. Həlak olanların adları və milliyyəti barədə hələ məlumat verilmir. Terror hadisəsindən dərhal sonra hücuma görə məsuliyyəti "Hezb-i-islami" qruplaşması üzərinə götürüb. Terrorçuların bəyanatında deyilir ki, partlayış Məhəmməd Peyğəmbərin təhqir edildiyi "İslamın məsumiyyəti" filminə görə qisas olub. "Hezb-i-islami"nin təmsilçisi bildirib ki, partlayışı üzərinə "şəhid kəməri" taxmış qadın gerçəkləşdirilib.


    Pakistanın müxtəlif şəhərlərində də filmə etiraz edən yüzlərlə müsəlman küçələrə axışıb. Etirazçılar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər. Aksiyada iştirak edən Cammat-Ud-Dava partiyasının rəhbəri Hafiz Məhəmməd Səid bildirib ki, belə bir hərəkətdən sonra Amerika səfirliyinin bu ölkədə fəaliyyət göstərməsi qeyri-mümkündür. Onun sözlərinə görə, filmi istehsal edənlər ölüm cəzasına məhkum edilməyənədək səfir və onun əməkdaşlarının həyatları daim təhlükə altında olacaq.


    Pakistan hökuməti Məhəmməd Peyğəmbəri (s) təhqir edən filmi yayımlayan “Youtube” saytına girişi qadağan etdi. Sayta girmək istəyənlər Pakistan Telekommunikasiya İdarəsinin təlimatı ilə “uyğun olmayan məzmun” səbəbilə girişin qadağan olunduğuna dair mesajla qarşılaşırlar.
    Qərarı “Youtube” rəsmilərinin Pakistan hökumətinin filmin saytdan çıxarılmasına dair tövsiyəsinə rədd cavabı verməsindən sonra baş nazir Rza Pərviz Əşrəf verib. Sudan Milli Telekommunikasiya Təşkilatı da "Youtube"a girişi qadağan edib. Təşkilat rəsmisi Mustafa Abdulhafiz "Anadolu" Agentliyinin müxbirinə verdiyi açıqlamada Məhəmməd Peyğəmbəri təhqir edən filmin silinməsi ilə bağlı sayta müraciət etdiklərini, amma cavab almadıqlarını bildirib: "Ona görə də "Youtube"a girişi qadağan etdik. Onlardan müsbət cavab gələnə qədər də bu qadağa davam edəcək".


    Lənkəranda ABŞ və İsrail əleyhinə şüarlar...

    Lənkəranda dindarların kütləvi etiraz aksiyası keçirildi. Şəhərin “Qalayçılar” məscidinə yığışan və ABŞ-da istehsal olunmuş “Müsəlmanların məsumluğu” filminə etiraz edən 100-lərlə dindar Amerika əleyhinə şüarlar səsləndiriblər.


    Aksiyanın icazəli olduğu bildirilir. Çıxış edənlər “Lənkəran ictimaiyyətinin, ağsaqqalarının” nümayəndələri adından filmi pisləyiblər. Dindarların müəyyən qrupları “Allahu əkbər!” təkbirləri səsləndirsələr də, aksiyanın təşkilatçıları toplaşanları təmkinli olmağa çağırıblar.


    Mikrofonla çıxış edən natiqlər İslam peyğəmbərinin təhqir edilməsini pisləyiblər və bunun üçün məsuliyyəti olanların cəzalandırılmasını tələb ediblər. Məscidin ətrafında xeyli polis olsa da, aksiyaya müdaxilə olunmayıb. 


    Aksiyanın sonunda qətnamə qəbul olunub. Məscidə yığışan dindarlar özləri ilə İslam dininin rəngi olan yaşıl bayraqlar gətiriblər və ABŞ, İsrail əleyhinə şüarlar səsləndiriblər.


    Avropa da silkələndi

    Britaniyanın paytaxtı Londonda Birləşmiş Ştatların səfirliyi qarşısında baş tutan aksiyaya 1000-dən çox İslam tərəfdarı qatılıb. Aksiya iştirakçıları Amerikanın antiislam siyasəti yürütməsini pisləyiblər. Sudanda da məlum filmə etiraz aksiyaları davam edir. ABŞ və Almaniya Sudandakı diplomatlarının çoxunu geri çağırıb. Fransada ABŞ səfirliyinin qarşısında keçirilən icazəsiz aksiya ilə bağlı istintaq başlayıb. Avropa paytaxtlarındakı ABŞ səfirliklərinin mühafizəsi gücləndirilib.


    Film qəsdən hazırlanıb

    BMT-nin baş katibi Pan Gi Mun məxsusi olaraq nifrəti qızışdırmaq üçün çəkilmiş, Yaxın Şərqdə kütləvi etiraz nümayişləri, ABŞ-ın Liviyadakı səfirliyinə hücumla nəticələnmiş filmi müsəlmanlar üçün təhqiramiz film adlandırıb. Bu barədə məlumatı BMT-nin mətbuat xidməti yayıb.
    Məlumatda deyilir: “O, nifrət dolu filmi pisləyir. Görünür, bu film qəsdən dözümsüzlüyün qızışdırılmasına və qan tökülməsinə yönəldilib”. Söhbət “Müsəlmanların məsumiyyəti” filmindən gedir. Bu film ABŞ-ın ərəb ölkələrindəki səfirliklərinə hücumlara təhrik edib. Nəticədə sentyabrın 11-də Liviyanın Benqazi şəhərində ABŞ səfiri Kristofer Stivens və daha üç nəfər həlak olub. Baş katib Pan Gi Mun Liviyada və Yaxın Şərqdə zorakılığın alovlanması barədə “dərin narahatlığını” ifadə edib. Mətbuat xidmətinin məlumatında onun adından deyilir: “Bu qətl və hücumlara heç nə ilə bəraət qazandırmaq olmaz”. Dialoqun, qarşılıqlı hörmətin və anlayışın zəruri olduğunu vurğulayan baş katib hamını sakitliyə və təmkini qoruyub saxlamağa çağırıb. Filmin fraqmentlərinin internetdə yerləşdirilməsi hiddətlənmiş müsəlmanların Qahirədə də ABŞ səfirliyinə hücum etmələrinə gətirib çıxarıb. Daha sonra bu ölkənin Liviya və Tunisdəki diplomatik nümayəndəlikləri də hücuma məruz qalıb. Hazırda etiraz aksiyaları regionun digər ölkələrinə də yayılıb, o cümlədən Yəmən və İranda da keçirilir.


    AŞ baş katibi filmi pislədi

    Yeri gəlmişkən, Avropa Şurasının baş katibi Tyorborn Yaqland “Müsəlmanların məsumiyyəti” filmini tənqid edib və və quruma üzv ölkələri insanlarda nifrət oyadan fikirlərlə, islamofobiya və dözülməzliklə mübarizəyə çağırıb. Yaqlandın fikirləri Avropa Şurasına üzv 47 ölkənin qurumdakı daimi nümayəndələrinə göndərdiyi bəyanatda öz əksini tapıb.


    “Biz bu filmi birmənalı şəkildə qınamaqdan başqa reaksiya verə bilmərik. Biz həmçinin ümid etməliyik ki, etiraz aksiyalarının müşahidə olunduğu ölkələrin siyasi və regional liderləri zorakılıq hallarının qarşısını almaq üçün əllərindən gələni edəcəklər”. Baş katib bu filmdən irqi ayrı-seçkilik və zorakılığın qızışdırılması üçün istifadə oluna biləcəyindən narahatlığını ifadə edib. O qeyd edib ki, Avropa Şurası yaranmış vəziyyəti sakitləşdirmək və gələcəkdə belə halların qarşısını almaq üçün kömək etməyə hazırdır.


    Filmin müəllifi danışdı

    Filmin müəllifi Sem Beysil amerikalıların öldürülməsindən təəssüf hissi keçirdiyini bildirdi və özünü deyil, konsulluğun zəif mühafizəsini günahkar gördü. Özünü amerikalı yəhudi adlandıran Sem Beysil bildirib ki, filmin çəkilişlərinə yəhudi cəmiyyətlərindən 100-ə yaxın sahibkardan ianələr daxil olub. Onun qənaətincə, bu filmlə İslamı Yaxın Şərqdə aşağılamaq istəyib. Bəzi mətbuat orqanlarının məlumatına görə, film Misirin Koptik xristianları tərəfindən maliyyələşdirilib.


    Filmin prodüseri müəyyənləşdi

    ABŞ Federal Təhqiqat Bürosu Məhəmməd Peyğəmbərin (s) təhqir edildiyi “Müsəlmanların məsumluğu” filminin prodüserinin Nakoula Basseley Nakoula olduğunu müəyyənləşdirib. Kaliforniya ştatının Cerritos bölgəsində yaşayan 55 yaşlı Misir əsilli kopt xristianı Nakoula Basseley Nakoula bundan öncə sənəd saxtalaşdırılması ilə əlaqədar dələduzluqla bağlı mühakimə edilib və şərti azadlığa buraxılıb. O, sənəd saxtalaşdırılması ilə əlaqədar dünən polis şöbəsində növbəti dəfə ifadə verib. Nakoula polis şöbəsinə ifadə verməyə aparılarkən üzünü örtüb. İfadə verdikdən sonra da filmlə bağlı təhdidlərdən çəkindiyi üçün evinə dönməyib. İngiltərənin “Daily Mail” qəzeti isə onun film çəkilişləri zamanı çəkilmiş bir foto-şəklini yayımlayıb. O, filmdə rol alan Anna Gurji ilə birgə şəkil çəkdirib.


    Aktyorlar aldadıldıqlarını bildiriblər

    İslam dünyasında etirazlara səbəb olan "Müsəlmanların məsumiyyəti" filminin 80 aktyoru aldadıldığını bildirdi. Aktyorlar ABŞ-dakı qəzetlərə verdikləri elanda və beynəlxalq media quruluşlarına göndərdikləri açıqlamada "Bütün oyunçular çox üzgündürlər və prodüserin bizdən istifadə etdiyini düşünürük" deyiblər. Elanda "Yüz faiz filmin arxasında deyilik. Filmin məqsədləri ilə bağlı yanlış istiqamətləndirildik" sözlərinə yer verilib. Aktyorlar aldadıldıqlarını və filmdəki obrazların dublyajla orjinaldakından fərqli hala gətirildiyini bildiriblər. Ssenaridəki ifadələrdən təəccübləndiklərini bildirən aktyorlar baş verən faciəyə görə üzüldüklərini qeyd ediblər.


    Filmdə çıxış edən aktrisalardan biri deyib ki, o bu filmin İslama qarşı olduğundan xəbərsiz imiş və bu halı pisləyir.  Kaliforniyalı Cindy Lee “Garcia Gawker” saytına verdiyi məlumata görə, filmdə kiçik bir rol oynayıb – lakin ona demişdilər ki, film “Desert Warriors” adlandırılacaq və Misirdə 2000 il bundan qabaqkı həyat haqqında olacaq.


    O, aktyorların filmdə təsvir olunmasına görə rejissoru məhkəmə verə biləcəyi barədə danışıb.


    Filmin rejissoru olduğunu iddia edən və özünü Sam Bacile adlandıran bir kişi bir neçə mətbuat orqanları ilə danışıb. O həmçinin İslama qarşı təhrikedici fikirlər söyləyərək filmə dəstək göstərib.


    O, bəzi mənbələrə əsasən 52, başqalarına isə 56 yaşında olduğunu deyib. Özünü Sam Bacile adlandıran şəxs əlavə edib ki, İsraildə anadan olan yahudidir və yahudi donorlar sayəsində filmi yaratmaq üçün bir neçə milyon dollar pul toplayıb. Lakin keçən həftəyə qədər – “sambacile” YouTube səhifəsindən başqa – bu adın internetdə heç bir izi yox idi. Sam Bacilein real insan olması barədə suallar yaranıb.


    Peyğəmbərlə bağlı film çəkiləcək

    Məhəmməd Peyğəmbəri (s) təhqir edən filmdən sonra qətərli prodüsserlər hərəkətə keçib. Qətərdə Məhəmməd Peyğəmbərin (s) həyatından bəhs edən və 3 hissədən ibarət olan film ssenarisi hazırlanıb. "Nur" adlı bir şirkətin çəkməyə hazırlaşdığı filmin büdcəsi isə 450 milyon dollardır. Şirkətin rəhbəri Əhməd Haşimi "Peyğəmbərimizə qarşı təhqirlərin olduğu filmin qarşısında belə bir film çəkmək və onun tolerantlığını texniki imkanlarla bütün dünyaya çatdırmaq istəyirik" deyib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 646
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30