Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dərbənd
    Şəhərin tarixi və əhalinin dini mənsubiyyəti (XIX –XX əsrin əvvəllərində)

    Zəngin və ulu keçmişə malik olan Azərbaycan xalqının tarixi torpaqlarının hər parçası əsrarəngiz, möhtəşəm maddi-mədəniyyət abidələri ilə yaşı minilliklərin ənginlikləri-nə gedən tariximizin canlı salnaməsidir. Əlverişli təbii-coğrafi mövqeyi, zəngin təbii sərvətləri Azərbaycanda hələ orta tunc dövründə şəhərlərin salınmasına, şəhər mədəniyyətinin yaranmasına zəmin yaratmışdı. Antik və erkən orta əsrlərdə hərtərəfli inkişaf qədim şəhərlərin böyüməsinə, yeni-yeni şəhərlərin salınmasına təkan vermişdi. Təsadüfi deyildir ki, erkən orta əsr ərəb coğrafiyaşünasları və tarixçiləri Azərbaycanı “şəhərlər ölkəsi” kimi xarakterizə edirlər.
    Azərbaycanın qədim, keşməkeşli tarixi və möhtəşəm memarlıq kompleksi olan şəhərlərindən biri də Dərbənddir. Dərbəndin təkcə Azərbaycan xalqının deyil, Ön Asiya və Şərqi Avropa xalqlarının tarixində mühüm rol oynaması ilk öncə onun mühüm hərbi-strateji mövqeyi ilə bağlı olmuşdur.

    Xəzər dənizinin qərb sahilində yerləşən Dərbənd həm Şimali Qafqaza və Şərqi Avropaya, həm də Cənubi Qafqaza və Ön Asiyaya hücum üçün əlverişli meydan rolunu oynamışdır. Bununla yanaşı Mərkəzi Asiyadan Qara və Aralıq dənizi sahillərinə, Avropadan Yaxın Şərqə doğru uzanan ticarət yollarının da Dərbənddən keçməsi onun iqtisadi əhəmiyyətini də önəmli amilə çevirmişdi. Məhz bütün bunların nəticəsində Dərbənd uğrunda zaman-zaman Roma və Parfiya, Sasanilər və Bizans, Ərəb xilafəti və Xəzər xaqanlığı, Səlcuq imperatorluğu və qıpçaqlar, Hülakülər və Qızıl Orda, Səfəvilər dövləti, Osmanlı və Rusiya imperatorluqları arasında hərbi toqquşmalar demək olar ki, bir an belə səngiməmişdi.

    Dərbəndin tarixi keçmişinə qısa səyahət

    Dərbənd şəhərinin yaranması, onun adı haqqında qaynaqlarda və tədqiqat əsərlərində   müxtəlif   rəvayətlər   və   mülahizələr   öz   əksini   tapmışdır.   Antik qaynaqlarda Kaspi və ya Alban qapıları, erkən orta əsr alban, erməni və gürcü mənbələrində Çora, Çoqa, Çola, hun qapıları, Bizans mənbələrində Tzor, Tzur, fars qaynaqlarında Daruband, Suriya mənbələrində Toraya qapıları kimi xatırlanan, ərəb müəlliflərinin Bab-əl-Əbvab, türklərin Dəmir qapı, rusların Jeleznıye vorota və s. adlandırdıqları Dərbənd şəhərinin salınması tarixini dəqiq müəyyənləşdirmək mümkün deyildir.
    1971-ci ildə Dərbənddə aparılmış genişmiqyaslı arxeoloji qazıntı işləri nəticəsində sübut edilmişdir ki, Dərbənd təpələrində qədim yaşayış məskəni eradan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərində meydana gəlmişdir. Bu faktı arxeoloqlar tərəfindən tapılmış daş və tunc baltalar, həmçinin tunc dövrünə aid dulusçuluq məmulatları sənədləşdirir. Lakin Dərbəndin şəhər tipli yaşayış məntəqəsi kimi meydana çıxmasını eradan əvvəl IV-III minilliyə aid yaşayış məskəni ilə bağlamaq doğru olmazdı.
    Dərbənd tarixə Qafqaz qapılarında mühüm dayaq məntəqəsi, qala kimi düşdüyü üçün onun şəhər kimi meydana çıxması da burada ilk müdafiə məqsədli tikililərin salınması ilə bağlıdır. Tədqiqatçıların fikrincə Dərbənd təpələrində müdafiə xarakterli erkən istehkamların yaranması eradan əvvəl VIII-VII əsrlərə aiddir. Bununla belə Dərbənd şəhərinin və istehkamlarının salınması haqqında digər mülahizələri də nəzərdən keçirməyə dəyər.
    Bəzi orta əsr mənbələrində, həmçinin Firdovsinin “Şahnamə”sində verilən məlumata əsasən Dərbənd, daha doğrusu Dərbənd təpəsində ucaldılmış qala İran hökmdarı Lehrasp tərəfindən tikilmişdir. Bu rəvayət XIV əsr salnaməçisi Həmdullah Qəzvininin «Nüzhətül qülub» əsərində belə əksini tapmışdır: “Ərəbcə onu fars Səriri, Dərbənd və ya Filan…, türkcə dəmir qapı adlandırırlar. Onu Kəyani Lehrasp tikmiş, onun nəvəsi İsfəndiyar bəy Kiştasf ibn Lehrasp tikintini başa çatdırmışdır”.
    Dərbəndin İran hökmdarı Lehrasp tərəfindən salınması haqqında ən dolğun rəvayət XIX əsr Dərbənd alimi Mirzə Heydər Vəzirovun “Dərbəndnamə”  adlı tarixi salnaməsində öz əksini tapmışdır.  Salnamənin məlumatına əsasən, şəhərin Narınqala hissəsi xəzərlərin Azərbaycana basqınlarının qarşısını almaq məqsədi ilə Solomonun müasiri Kəyanilər sülaləsindən olan İran hökmdarı Lehrasp tərəfindən ən yüksək, su ilə zəngin və iqlimi təmiz olan yerdə salınmış, bundan 270 il sonra onun nəticəsi İsfəndiyarın oğlu Bəhmən qaladan dəniz sahilinə qədər sədd tikdirmiş, səddin ətrafında İrandan köçürülən ailələri yerləşdirərək onlara Narınqaladakı qarnizona şimal barbarlarına qarşı mübarizədə kömək göstərmək əmrini vermişdi. Mirzə Heydər Vəzirov Narınqalanın e.ə. 733-cü ildə inşa edildiyini göstərmişdir.
    Tarixi mənbələrdə və bəzi epik ədəbiyyatda Dərbənd şəhərinin Peşdadilər sülaləsindən olan İran hökmdarı Cəmşidin oğlu Firudin tərəfindən salınması haqqında da rəvayət mövcuddur. Dərbəndin Makedoniyalı İsgəndər tərəfindən salınması haqqında rəvayət orta əsr ədəbiyyatlarında daha geniş yayılmışdır. Lakin tədqiqatçıların əksəriyyəti bu rəvayətin tarixi əsasa malik olmadığını göstərirlər. Belə ki, İsgəndərin yürüşünün iştirakçılarının heç biri, həmçinin antik dünyanın ən mötəbər tarixçiləri olan Strabon, Plutarx, Arrian öz əsərlərində İsgəndərin Qafqaza yürüşü haqqında məlumat verməmişlər. Bununla belə eranın ilk əsrlərində yaşamış bəzi antik müəlliflər, o cümlədən Pompey Troq, Yuli Solin İsgəndərin Qafqazı fəth etməsi və 17 günə 6 min addım uzunluğunda sədd tikdirməsini qələmə almışlar. Qafqaz uğrunda Parfiya-Roma müharibələrinin kəskinləşdiyi dövrdə yaranmış bu fikirlər real tarixi gerçəkliklərdən çox uzaqdır. Orta əsr şərq ədəbiyyatında Dərbənd şəhəri və istehkamlarının Makedoniyalı İsgəndər tərəfindən tikilməsi fikrinin geniş yayılmasına çox ehtimal ki, Qurani-Kərimin 18-ci surəsində əksini tapmış İsgəndər Zülqərneyin Yəcuc-Məcuc xalqına qarşı sədd tikdirməsi rəvayəti böyük təsir göstərmişdir. XII əsr böyük Azərbaycan şairi N.Gəncəvi “İsgəndərnamə” poemasında Dərbənd səddinin tikilməsini belə təsvir edir: “İsgəndər Elbrusa doğru hərəkət edərək Şirvandan keçib, o vaxtlar hələ şəhərin olmadığı, lakin uca dağ başında quldur dəstəsinin toplaşdığı qalanın yerləşdiyi Dərbənd   keçidinə  yaxınlaşdı… 40  günlük mühasirədən sonra qalanı ələ keçirən İsgəndər əhalini Qıpçaq ölkəsinin basqınlarından qorumaq üçün Dərbənddə daşdan sədd tikilməsi əmrini verdi” [26. Azərbaycan tarixçisi A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Makedoniyalı İsgəndərin qəddar şimal tayfalarından olan Qoq və maqoqlara qarşı Dərbənd səddini tikdirməsi haqqında rəvayəti təsvir etmişdir. Dərbəndin Makedoniyalı İsgəndər tərəfindən salınması haqqında rəvayəti Dərbənddə olmuş demək olar ki, əksər Avropa səyyahları – Gilyom de-Rubruk, Marko Pola, Ambrozio Kantarini, Adam Oleari və başqaları da təkrarlamışlar.
    Dərbənd səddi və istehkamlarının tikilməsi haqqında başqa bir məlumat isə Sasani hökmdarları II Yəzdəgird (439-457), I Qubad (488-496, 498/99-531) və I Xosrov Ənuşirəvanın (531-579) adı ilə bağlıdır. Rəvayətə görə, II Yəzdəgird Makedoniyalı İsgəndər tərəfindən tikilmiş səddi taparaq onu qumdan təmizləmiş və səddin tikintisini mis və qurğuşun pilitələrlə başa çatdırmışdır. Görkəmli şərqşünas V.V.Bartold belə hesab edir ki, II Yəzdəgirdin hakimiyyətinin sonuna yaxın üsyan qaldırmış albanlar onun tikdirdiyi qalanı dağıtmış və bu da 454-cü ildə hunların yürüşünü asanlaşdırmışdı. Dərbənd istehkamlarının tikintisi haqqında bir rəvayət də Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır. “Dərbəndnamə”də əksini tapmış rəvayətə görə, I Qubad Xəzər xaqanı ilə aralarındakı düşmənçiliyə son qoyaraq onun qızı ilə evlənmiş və Sasani dövləti ilə Xəzər xaqanlığı arasında sərhəd məntəqəsi rolunu oynayan qala tikdirmişdi. Rəvayətə  əsasən  qalanın  tikintisində  6  min usta  və  fəhlə,  10 min əsgər iştirak etmişdi. Qalanın özülünü qazanlar guya dənizin içərilərinə doğru uzanan, az qala Qara dənizə qədər çatan qədim daş səddi tapmış və onu təmizləyərək bərpa etmişdilər. Bundan sonra “İsgəndər səddi”ndən cənubda daha bir sədd inşa edilmişdi. İnşaatçılar şəhərdə dəmir qapılar düzəldərək onu  Bab-əl-Əbvab və yaxud Bab-əl Dərbənd adlandırmışdılar.
    Erkən orta əsr qaynaqlarının əksəriyyəti Dərbənd şəhəri və istehkamlarının tikintisini  I  Xosrov Ənuşirəvanla bağlayırlar. Ərəbdilli qaynaqların məlumatına əsasən I Xosrov Qafqaz dağlarının Xəzər dənizinə qovuşduğu yerdə Bab-əl-Əbvab şəhərini saldırmış, bir tərəfdən dağlarda Təbəristan istehkamlarına, o biri tərəfdən 1 mil dənizin içərilərinə doğru uzanan məşhur sədd tikdirərək, bütün sədd boyu hər üç mildən bir dəmir qapılar qoydurmuşdu. Erməni mənbələrinə görə, I Xosrov İranı xəzərlərin hücumundan qorumaq üçün Dərbənd şəhərini tikdirmiş və Çor qapılarını bağlamışdı. I Xosrov tərəfindən Dərbənd şəhərinin tikintisinin başa çatdırılması 542-ci ilə aid edilir.
    Göründüyü kimi, Dərbənd şəhəri və istehkamlarının tikilməsi tarixi ilə bağlı çoxlu rəvayətlər mövcuddur. V.V.Bartold belə hesab edir ki, Dərbənd keçidində yaşayış istehkamların tikintisindən çox-çox əvvəl mövcud olmuş, istehkamların salınması isə ehtimal ki, II Yəzdəgirdin dövründə baş vermişdir. N.A.Maqomedovun fikrincə, Dərbəndin əsaslı şəkildə möhkəmləndirilməsi III əsrdə Sasani dövləti yarandıqdan sonra başlamış, VI əsrdə başa çatdırılmışdır. Bütün bu rəvayət və mülahizələri yekunlaşdıraraq belə bir qənaətə gəlmək olar ki, Dərbənd şəhər tipli yaşayış məskəni kimi hələ eradan əvvəl I minilliyin VIII-VII əsrlərində təşəkkül tapmağa başlamış, erkən orta əsrlərdə (təxminən III-VI əsrlər) isə artıq istehkamlarla möhkəmləndirilmiş qala şəhərə çevrilmişdi.

    Dərbənd əhalisinin dini mənsubiyyəti

    XIX-XX əsrin əvvəllərində Dərbənd şəhəri əhalisinin dini mənsubiyyətinə görə, tərkibinin araşdırılması elmi nöqteyi nəzərdən mühüm əhəmiyyət kəsb edir. Rusiya işğalına qədər Dərbənd əhalisinin dini mənsubiyyət prinsipi üzrə tərkibi haqqında konkret rəqəmlər göstərmək mümkün olmasa da, XVIII əsrin sonu – XIX əsrin əvvəllərində bölgədə olmuş səyyah, elm adamları və hərbi yürüş iştirakçılarının yazılarında bəzi məlumatlara rast gəlmək mümkündür. F.F.Simonoviçin 1796-cı ilə aid yazısında Dərbənd şəhərində islamın Əli (şiə-A.H.) və sünni təriqətinə məxsus 2080, qriqoryan təriqətinə məxsus 90 ailənin yaşaması göstərilmişdir. Müəllif Dərbənd dairəsinə aid olan 780 ailənin dini mənsubiyyəti haqqında məlumat verməmişdir. N.F.Rtişşevin 1813-cü ilə aid hesabatında göstərilir ki, 1810-cu il sayımına görə, Dərbənddə qeydə alınan 1435 müsəlman ailəsində kişi cinsindən olan 3953, 28 erməni ailəsində 50, 59 yəhudi ailəsində isə 166 nəfər yaşayır. Bu hesabatda Dərbəndin müsəlman əhalisinin şiə və sünni təriqəti arasında hansı nisbətdə bölünməsi, həmçinin Ulus mahalına daxil olan 9 kənddə qeydə alınan 284 ailənin dini mənsubiyyəti göstərilməmişdir. 1820-ci ildə Dərbənddə olmuş Qambanın yazdığına görə, Dərbəndin 7-8 minlik əhalisinin 2/3 hissəsi fars, 600-700 nəfəri erməni, 200-300 nəfəri yəhudi və bir neçəsi ərəbdir. Müəllif əhalinin dini mənsubiyyətini göstərməsə də, fars və ərəb kimi qeyd etdiyi əhalinin müsəlman, ermənilərin qriqoryan, yəhudilərin isə iudaizmə inanması şübhə doğurmur. Kazan Universitetinin professoru E.İ.Eyxvaldın 1825-ci ildə yazdığına əsasən, Dərbənddə olan 1800 ailədə 26000 nəfər əhali yaşayır ki, onların da çoxu şiələrdir. Müəllif şəhərdə az miqdarda erməni və yəhudi, həmçinin çoxsaylı rus məmurlarının olmasını da nəzərdən qaçırmamışdır. Dərbənd komendantı fon Aşeberqin 1824-cü ildə Dərbənddə keçirdiyi siyahıyaalmanın nəticələrinə əsasən, şəhərdə 10377 müsəlman (5407 kişi, 4970 qadın), 239 erməni – (136 kişi, 103 qadın), 444 yəhudi (230 kişi, 214 qadın) qeydə alınmışdır. Erməni və yəhudilərin dini mənsubiyyəti göstərilməsə də, onların qriqoryanlıq və iudaizmə inanması şəksizdir (Ümumiyyətlə erməni və yəhudilərin mənsubiyyəti bir çox sənədlərdə göstərilməsə də onlar müvafiq olaraq qriqoryan və iudaizmə şamil edilmişdir.-A.H.). Dərbənd komendantı polkovnik Rozenfeldin 22 aprel 1830-cu il tarixli hesabatında da Dərbənd əhalisinin dini tərkibi haqqında müəyyən məlumatlar vardır. Hesabatdan aydın olur ki, həmin dövrdə Dərbənd şəhəri, forştat və Sabnova kəndində olan 1986 müsəlman ailəsindəki 9963 (5184 kişi, 4779 qadın), 87 yəhudi ailəsindən 455 (243 kişi, 212 qadın) və 42 erməni ailəsindəki 198 (107 kişi, 91 qadın) nəfər müvafiq olaraq islam, iudaizm və xristianlığın qriqoryan təriqətinə sitayiş edirdilər. 1832-ci ildə Dərbənddə keçirilmiş kameral təsvir sənədlərində əhalinin bütövlükdə tərkibi, o cümlədən dini tərkibi haqqında qənaətbəxş məlumatlar verilməmişdir. 1832-ci il sayımına görə, Dərbənd şəhəri, forştat və Sabnovada qeydiyyata alınmış 1795 ailədə kişi cinsindən olan 5139 nəfər yaşayır ki, onların 30-u erməni, 50-yə qədəri isə yəhudi ailəsidir. Dərbənd əhalisinin böyük əksəriyyəti Əli təriqətinə, 1/10 hissəsi isə sünni təriqətinə inanır.
    Qeyd etmək lazımdır ki, 1886-cı ilə qədər Dərbənddə keçirilmiş sayım
    materiallarında əhalinin dini tərkibi haqqında ətraflı məlumatlar verilmədiyi üçün şəhər əhalisinin ideoloji mənsubiyyət baxımından dolğun təsvirini vermək mümkün deyildir. 1886-cı il ailə siyahısı, 1897-ci il Ümumrusiya siyahıyaalınması materiallarında, həmçinin XIX əsrin sonu – XX əsrin əvvəllərində illər üzrə tərtib edilmiş qubernator hesabatları və icmallarında isə əhalinin dini tərkibi müxtəlif dinlər və təriqətlər üzrə konkret statistik rəqəmlər əsasında təsvir edilmişdir. Qeyd edilən materiallar əsasında tərtib etdiyimiz cədvəl Dərbənd əhalisinin dini mənsubiyyət baxımından tərkibi haqqında əyani təsəvvür yaradır.
    1897-ci il Ümumrusiya siyahıyaalınmasının nəticələrinə görə, Dərbənd şəhərində 1135 nəfər pravoslav, 3 nəfər təfriqəçi, 296 nəfər katolik, 25 nəfər protestant, 10.383 nəfər müsəlman, 2190 nəfər iudey, 613 nəfər müxtəlif xristian təriqətlərinə məxsus, 4 nəfər qeyri-xristian əhali yaşayırdı. Çox maraqlıdır ki, 1897-ci il sayımında qriqoryan əhalinin sayı göstərilməmişdir. Halbuki,  1897-ci ilə aid qubernator icmalında Dərbənd şəhərində hər iki cinsdən 942 qriqoryan əhalinin yaşaması faktı öz əksini tapmışdır.
    Cədvəldən  göründüyü  kimi,  XIX  əsrin  əvvəlləri  də  daxil olmaqla  Dərbənd şəhəri əhalisinin dini tərkibində pravoslav, qriqoryan və iudaizmə inanan yəhudi əhalisinin sayı dinamik olaraq yüksələn xətlə artmışdır. Qriqoryan əhalinin sayında hər hansı bir sıçrayış müşahidə olunmadığı halda, pravoslav və yəhudilərin artımında belə hallar müşahidə olunmuşdur. Belə ki, 1902, 1906 və 1908-ci illərdə Dərbəndin pravoslav əhalisinin say dinamikasında kəskin sıçrayışlar baş vermiş və 1908-ci ildə pravoslav əhalinin sayı rekord həddə 8645 nəfərə çatmışdı. Yəhudi əhalisinin sayında ciddi artımlar 1905 və 1908-ci illərdə qeydə alınmış və onların rekord say həddi 1908-ci ildə 6518-ə çatmışdı. Sünni və xüsusilə də şiə təriqətinə məxsus müsəlman əhalisinin sayında isə XIX əsrin sonu – XX əsrin əvvəllərində, 1908-ci il istisna olmaqla, diqqət çəkən bir irəliləyiş baş verməmişdi. Doğrudur, Dərbəndin sünni təriqətindən olan müsəlman əhalisinin sayında  1906  və  1907-ci   illərdə   yüksək   artım   qeydə alınmışdı. Belə ki, Dərbəndin sünni əhalisi 1905-ci ildə 1545 nəfər olduğu halda, 1906-cı və 1907-ci illərdə onların sayı 3096 və 3797 nəfər təşkil etmişdi. 1909-cu ildən etibarən Dərbənd əhalisinin sayında qeydə alınan azalma prosesi əhalinin dini tərkibində, xüsusilə də müsəlman əhalisinin sayında daha qabarıq müşahidə olunurdu. 1926-cı il Ümumrusiya siyahıyaalma sənədlərində əhalinin dini mənsubiyyəti haqqında məlumatlar olmadığı üçün Dərbənd əhalisinin  dini tərkibində hansı proseslərin izlənməsi mümkün deyildir. Beləliklə, əldə olunan materialların təhlili göstərir ki, çarizmin yeritdiyi ruslaşdırma, xristianlaşdırma siyasəti Dərbənd əhalisinin dini tərkibində müsəlmanların xüsusi çəkisinin kəskin şəkildə azalmasına gətirib çıxarmışdı.


    Asəf HACIYEV
    BDU-nun müəllimi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1792
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30