Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 8 (12)
    Məişət tullantılarının idarə olunması

    Məişət tullantısı problemi ölkəmizdə illərdir müzakirə edilir. Bu problem Bakının mərkəzi ərazilərində müşahidə edilməsə də, ətraf rayon və qəsəbələrdə, kəndlərdə özünü qabarıq büruzə verir. Lakin məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə bu sahədə nümunəvi şəraitin yaradılacağından xəbər verir. Bu isə geniş mənada ekologiyanın təmizlənməsinə, məişət tullantılarının isə gəlir mənbəyinə çevrilməsinə səbəb olacaq...



    Tullantı əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşya, maddə və materiallar toplusudur. Tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etmək mümkündür ki, bu da, öz növbəsində, ekoloji və iqtisadi baxımdan əhəmiyyətlidir. Ən əsası isə təkrar emal təbii resurslardan istifadəni minimuma endirir.
    Tullantılar müxtəlif kateqoriyalar üzrə təsnif olunur. Məsələn, istehsal (sənaye) və istehlak (kommunal-məişət) tullantıları. Təkrar istifadəyə yararlı tullantılara biotullantılar, polietilen, metal, şüşə, kağız, karton və s. daxildir. Biotullantılara əsasən qida qalıqları, quru və ya xarab olmuş məhsullar, meyvə və tərəvəzlərin qabıqları aiddir. Makulaturaya isə qəzet və jurnallar, ofis kağızları, yumşaq cildli kitablar və s. daxildir. Lakin sadalanan tullantıların bir çox növləri də var ki, təkrar istifadəyə yararlı hesab edilmir.
    Təhlükəli tullantılara sənaye və tibbi tullantılar aiddir. Məişət tullantılarının müəyyən qismi də təhlükəli ola bilər. Bu tip tullantılar əsasən aşındırıcı, oddan təhlükəli və ya partlayıcı olur. Təhlükəli tullantı kimi təsnif olunan məişət tullantılarına köhnə batareyalar, qutalin (ayaqqabı mazı), boya qabları, köhnə dərmanlar və dərman butulkaları və s. daxildir. Kimyəvi preparatlardan ibarət tullantılar da təhlükəli hesab olunur.
    Üzvi (bitki və ya qida qalıqlarından əmələ gələn) tullantıları isə bioloji kompostlama və çürütmək yolu ilə emal etmək mümkündür. Əldə olunan üzvi maddədən gələcəkdə çürüntü və ya kompost (üzvi gübrə) kimi bağçılıqda və kənd təsərrüfatında istifadə edilə bilər.


    Məişət tullantılarının idarə olunması


    Tullantıların idarə edilməsi sistemi onların yığılması, daşınması, təkrar emalı, ikinci dəfə istifadəsi və ya utilizasiyası (səmərəli istifadəsi) və bütün prosesə nəzarətdən ibarət kompleks tədbirdir. Bu cür tədbirlər tullantıların insan sağlamlığına və ətraf mühitə mənfi təsirini azaltmaq üçün vacibdir. “Hazırda dünyada zibil və tullantıların utilizasiyası üçün iki başlıca üsul mövcuddur. Utilizasiyaya başlamazdan əvvəl, müxtəlif kateqoriyalı bərk məişət tullantıları ayrıca yığılmalıdır. Çünki sənaye tullantılarının utilizasiyası ilə məişət tullantılarının utilizasiyası texnologiya və xərc baxımından fərqlənir”. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Layihələrin idarə edilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Arif Kərimov bizimlə söhbətində dedi ki, basdırma tullantılardan azad olmaq üçün ən ucuz üsul hesab edilir. Çünki bu prosedura tullantıları xüsusi zibilxana və poliqonlara atmaqla yekunlaşır. Təbii ki, sanitariya və gigiyena qaydalarına əməl olunmaq şərti ilə: “Əks təqdirdə, zibil və tullantıların nəzarətsiz şəkildə poliqonlara atılması infeksion xəstəliklərin yayılması ilə nəticələnə bilər”. Həmsöhbətimiz dedi ki, zibilxanalardakı üzvi tullantıların anaerob çürüməsi zamanı ayrılan qaz (metan və karbon) ətraf mühitə olduqca kəskin və üfunətli qoxu yayır ki, bunun da nəticəsində bitki aləmi məhv olur.
    Utilizasiyanın digər növü tullantıların yandırılmasıdır. Lakin bu üsulla bağlı da bəzi mübahisələr mövcuddur. Belə ki, yandırma nəticəsində əmələ gələn maddələr ətraf mühitin çirklənməsinə səbəb olur.


    Məişət tullantılarının idarə olunmasının Azərbaycan modeli


    Bəs gələcəkdə ölkəmizdə məişət tullantılarının vahid idarəçiliyi necə həyata keçiriləcək? Bu sahədə nümunəvi modelin tətbiqi üçün hansı addımlar atılmalıdır? Arif Kərimov dedi ki, “Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Bakının Balaxanı qəsəbəsində tullantıların yandırılması zavodunun tikintisinə başlanılıb. Onun sözlərinə görə, zavodun layihələndirmə-tikinti işlərinin ümumi məbləği 346 milyon avrodur. Balaxanı qəsəbəsində 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavod 2012-ci ildə istifadəyə veriləcək: “Bərk məişət tullantılarının yandırılması zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarət olacaq. Tullantıların yandırılması nəticəsində əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 mln. KVt saat enerjiyə bərabər olacaq”. Müsahibimiz yanma nəticəsində əmələ gələn tüstü və külün xüsusi filtrlərlə tutulacağını və ətraf mühiti çirkləndirməyəcəyini söylədi: “Daha ağır və zərərsiz olan dib külü isə yol inşası üçün nəzərdə tutulmuş materialların istehsalında istifadə ediləcək. Onu da deyim ki, tullantının yandırılması zamanı soyutma üçün istifadə edilən təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldiləcək. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçiriləcək və nəzarətdə saxlanılacaq”. A. Kərimov dedi ki, Dünya Bankı ilə Azərbaycan Hökuməti “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsini reallaşdırır. Məqsəd bərk məişət tullantılarının yığılması və utilizasiyasının davamlı və sistemli təşkili üçün aparılan islahata yardım etməkdir.  A. Kərimovun sözlərinə görə, layihənin Balaxanı poliqonunun təkmilləşdirilməsi və idarə edilməsi istiqaməti çərçivəsində bərk məişət tullantılarının idarə edilməsinin ətraf mühitə təsirinə nəzarət, mövcud poliqonun səmərəliliyinin artırılması və müasir standartlara uyğun avadanlıq və texnikanın alınması (körpü tərəziləri, buldozerlər və s.), tikinti işləri (hasarlama, tullantıların basdırılması, daxili yolların çəkilməsi və s.) maliyyələşdirilir. Balaxanı poliqonunun fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, onun gələcəkdə bağlanmasına hazırlıq işləri də görülür. Bu çərçivədə yeni müasir poliqonların tikintisi üçün də işlər həyata keçirilir.
    Həmsöhbətimiz dedi ki, layihə çərçivəsində Bakıdakı qeyri-rəsmi zibilliklərin bağlanması və təmizlənməsi, digər poliqonların idarə edilməsinin təkmilləşdirilməsi (və ya bağlanması) maliyyələşdiriləcək. Bu çərçivədə Bakının rayonlarında, o cümlədən hazırda tullantıların effektiv şəkildə toplanmadığı ərazilərdə xidmətin keyfiyyəti yüksəldiləcək, ehtiyac olan yerlərdə yük maşınlarının sayı artırılacaq və yeni zibil qabları alınacaq.
    Müsahibimiz qeyd olunan tədbirlərin məişət tullantıları probleminin həllinə, Bakı və Abşeronda ekoloji vəziyyətin yaxşılaşmasına, zərərli tullantılar səbəbindən içməli suya, ətraf mühitə və vətəndaşların sağlamlığına təhlükə törədən amillərin aradan qaldırılmasına imkan yaradacağını söylədi. Qeyd edək ki, 5 il müddətinə nəzərdə tutulmuş layihə üzrə vəsaitin ümumi dəyəri 41,5 milyon dollardır.
    Arif Kərimov 2010-cu ilin fevralından “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə ilkin mərhələdə üzvi və qeyri-üzvi tullantıların çeşidlənməsinə başlanıldığını qeyd etdi.
    Bu məqsədlə tullantıları ayırmaq üçün xüsusi işarələnmiş konteynerlər qoruq ərazisində yerləşdirilib.
    “Bakının Qala qəsəbəsi ərazisində də tullantıların yığılmasının və daşınmasının, o cümlədən utilizasiyasının müasir standartlara uyğun təşkil edilməsi məqsədilə layihə həyata keçirilir. Layihə çərçivəsində qəsəbə ərazisində tullantıların toplanması üçün 60-a yaxın tullantı meydançası qurulub və mütəmadi daşınması təşkil edilib”,-deyə Arif Kərimov bildirdi. Həmsöhbətimizin sözlərinə görə, Bakı şəhərində əhalinin sayının çoxalması və sosial rifahın yüksəlməsi nəticəsində tullantıların həcmi durmadan artır: “Bununla əlaqədar son illər tullantı daşıyan maşınların sayı xeyli artırılıb. Bu maşınlar paytaxtın bütün küçə və məhəllələrini dolaşır və tullantıların toplanması işini həyata keçirir. Tullantı daşıyan maşınlar topladığı tullantını poliqona boşaltdıqdan sonra yenidən öz fəaliyyətinə davam edir”.
    Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə deyir ki, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsindən söhbət gedirsə, onda tullantı daşıyan maşınların çirkli vəziyyətdə şəhərə daxil olmasının qarşısı alınmalıdır: “Bu maşınların çirkli vəziyyətdə şəhərdə hərəkəti yoluxucu xəstəliklərin yayılmasına və insan sağlamlığı üçün ciddi təhlükə yaranmasına şərait yaradır. Həssas qrupa aid olan uşaqlar və körpələrin əsasən küçə və məhəllələrdə oynadığını nəzərə alsaq, onda bu təhlükə daha da yüksəlir. Bu təhlükənin aradan qaldırılması üçün zibil daşıyan maşınların dezinfeksiyasına və yuyulmasına ehtiyac var”. Bununla bağlı sualımıza Arif Kərimovun cavabı belə oldu: “Ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılması məqsədi ilə “Təmiz Şəhər” ASC tərəfindən Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunu tərk edən bütün maşınların dezinfeksiya və yuyulmasını həyata keçirən məntəqələrin tikilməsi planlaşdırılır. Layihə ilə bağlı texniki-iqtisadi əsaslandırma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri hazırlanıb. Hazırda Balaxanı poliqonunun Almaniyanın tanınmış “Christ” şirkəti tərəfindən yuma avadanlıqları ilə təchiz edilməsi prosesi həyata keçirilir. Layihəyə əsasən, 4 ədəd yuma və dezinfeksiya məntəqəsi ən müasir standartlara cavab verməklə gün ərzində 400-dən çox maşına xidmət göstərmək iqtidarında olacaq. Layihə bu ilin sonunadək tam istismara veriləcək”.
    Məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə Bakıda bu problemin birdəfəlik həll ediləcəyindən xəbər verir. Növbəti mərhələdə isə ölkənin digər iri şəhər və rayonlarında bu prosesə start veriləcək. Gəncə və Sumqayıtda artıq bu məqsədlə araşdırmalara başlanılıb...
    Adətən məişət tullantısını evdən çölə çıxaranda çox nadir hallarda onun sonrakı taleyinin necə olacağını düşünürük. Maraqlananlar isə bilir ki, dünya ölkələrində məişət tullantıları xüsusi poliqonlara daşınır, ya da zavodların zibilyandırma sobalarında yandırılır. Amma hər iki üsul artan məişət tullantıları ilə mübarizədə az effektlidir. Bu tədbirlər xarici mühitə, atmosferə dəyən zərərin, insanların səhhəti üçün yaranan problemin qarşısını tam  almaqda acizdir. Hazırda bütün dünyada tullantıların idarə olunması, onların həcminin azaldılması sanitar-ekoloji və sosial-iqtisadi baxımdan ən prioritet istiqamət kimi gündəmdədir. Dünyada ekoloji təmizliyinə, sanitar-gigiyenik vəziyyətinə görə insanları heyran qoymaqda davam edən ölkələrin siyahısına Azərbaycanın nə vaxt düşəcəyini bilmək fikri isə yəqin ki, hamını narahat edir.
    Azərbaycanda hələ ki problemin qarşısını alacaq poliqon və zavod yoxdur. Yalnız Balaxanı zibilliyi var ki, onun bağlanışından  sonra da ətraf aləmi çirkləndirməkdə davam edib-etməyəcəyi müzakirə mövzusudur.


    Həllini tapmayan problem


    Bakının küçələrində ictimai yerlərdə dolub-daşan zibilqabları, uyğun olmayan yerlərdə yaradılan zibilxanaları hər addımda müşahidə etmək mümkündür. Şəhərin mərkəzi küçələrində də vəziyyət bu cürdür,  kənarda da. 
    Məsələn, Xəzər rayonu II Şağan qəsəbəsində məişət tullantılarının daşınmaması qəsəbədə ən böyük problemə çevrilib. Ərazidə demək olar ki, ümumiyyətlə zibil daşınmır. Məişət tullantıları ərazidə bir neçə yerə tullanır. Sakinlər öz qapılarından zibili uzaqlaşdıraraq hara gəldi atırlar. Xüsusən yay aylarında zibillərin qoxuduğu üfunətdən nəfəs almaq çox çətindir. Məişət tullantıları bəzən axşamlar  qəsəbə və ya bələdiyyə nümayəndəliyinin üzvləri tərəfindən yandırılır.  Onlar ərazinin məişət tullantılarından təmizlənməsinin yolunu yalnız bunda görürlər. Əraziyə atılan məişət tullantılarının həm insanların sağlamlığına, həm də atmosferə atılan zərərli maddə olduğunun fərqində olan yoxdur. Maraqlananda da səlahiyyətli qurumların hər biri məsuliyyəti boynundan atır.  Onu da nəzərə alaq ki, biz məişət tullantılarının paytaxtın yalnız bir rayonu ərazisində qalaqlanmasından danışırıq. Bakının 11 inzibati rayonunda isə yüzlərlə belə ara məhəllələrin və oralarda minlərlə sakinin yaşadığını nəzərə alsaq, onda acınacaqlı bir mənzərəni təsəvvür eləmək çətin olmaz. 
    Bu gün Bakı şəhərinin hər bir rayonunda bu cür qeyri-qanuni zibilxanalar mövcuddur. Ancaq onu da qeyd edək ki, zibillərin daşınmasını gözləməkdən öncə, hər bir şəxs zibillə davranma mədəniyyətini də özündə formalaşdırmalıdır.


    Genefondun düşməni


    Sadalanan problemləri aradan qaldırmaq üçün həyata keçirilən layihələr də hələ ki,  problemi tam qaradan qaldırmağa kömək etmir. Bu isə deməyə əsas verir ki,  ölkəmizdə  məişət tullantılarının yaranması, atılması, zərərsizləşdirilməsi ilə bağlı vəziyyət qeyri-qənaətbəxşdir. Belə ki, indiyə kimi tullantıların inventarizasiyası və analizi sahəsində zəruri işlər aparılmayıb. Bu səbəbdən ölkədə tullantıların toplanması, daşınması, basdırılması, zərərsizləşdirilməsi əməliyyatları ətraf mühit, təhlükəsizlik və sağlamlıq tələblərinə cavab verməyib. Paytaxtda əmələ gələn tullantıların həcminin mövsümdən asılı olaraq dəyişməsi də problemin dərinləşməsinə təsir edib. Belə ki, yay vaxtı yaranan tullantıların miqdarı qış vaxtında olduğundan təxminən 48 faiz yüksək olur. Həmçinin indiyə qədər Abşeron yarımadasında da bərk tullantıların idarə edilməsi ilə bağlı böyük problemlər olub. Təhlillər onu da göstərib ki, regionda hər il əmələ gələn təxminən 900 min ton tullantıdan yalnız 60 faiz toplanıb və rəsmi tullantı yerlərinə çatdırılıb. Bərk tullantıların qalan hissəsi isə qeyri-rəsmi zibilliklərdə toplanaraq nəticədə suyu və havanı çirkləndirir, pis qoxu əmələ gəlir, infeksiya yayıcılarının artması ilə bağlı problemlər ortaya çıxarır.
    Ekspertlər narahatlıqla bildirirlər ki,  müəssisə, idarə və təşkilatların öz iş fəaliyyətləri zamanı xarici mühiti fiziki, kimyəvi, bakterioloji və maye halında olan müxtəlif növ toksiki, radioaktiv və s. tullantılarla  çirkləndirmələri qlobal istiləşməyə, millətin genefonduna təsir edir. Eyni zamanda, bu çirklənmə ekoloji cəhətdən insanların yaşamasına öz mənfi töhfəsini verir.


    Xəstəlik mənbəyi


    Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitoring Departamentinin direktor müavini Mətanət Avazova məişət tullantılarının çeşidindən asılı olaraq cürbəcür zərərli təsirlərinin olduğunu istisna etmir: “Məişət tullantıları quru halda yananda onlardan əsasən azot oksidi(IV) və karbon qazı (CO2) ayrılır. Təbii ki yandırılan bütün əşyaların hisi olur. Polietilen qablar, sellafon torbalar yananda isə ayrılan dioksinlər ayrı toksikologiyaya malikdir. Üzvü sintezdən alınan maddələr daha çox toksiki təsir göstərir. Onlar yananda cürbəcür xlor birləşməli qazlar ayrıla bilir ki, onlar daha toksikidir. Üzvü birləşmələr yananda həmçinin onların spesifik iyi hiss olunur. Bu da insanların səhhətinə mənfi təsir göstərir. Bu ərazilərin bəzilərində bəzi qaz birləşmələri normadan artıq olur». M.Avazova məişət tullantılarının hər hansı ərazidə yandırılmasının qadağan olunduğunu bildirdi: “Bakı şəhərində məişət tullantılarının daşınması və çeşidlənməsi ilə məşğul olan mərkəzləşdirilmiş qurum var. Kommunal təsərrüfat işçiləri və  işbazlar isə adətən gecə vaxtları məişət tullantılarını qanunsuz olaraq yandırırlar”.  M.Avazovanın sözlərinə görə, bu cür qeyri-qanuni hallara qarşı Ətpaf Mühitin Mühafizəsi Departamenti öz tədbirlərini görür. Belə ki, əhali tərəfindən nazirliyin qaynar xəttinə daxil olan zənglər əsasında monitorinq qrupu həmin ərazidən götürdükləri hava nümunələrini laboratoriyada analiz edərək müəyyənləşdirir və Ətraf Mühitin Mühafizəsi Departamentinə məlumat verir. Monitorinq Departamenti öz növbəsində gündəlik bülletenləri yerli icra hakimiyyətlərinə də ünvanlayır. Bundan əlavə, buraxılan operativ bülletenlərdə məişət tullantılarının yandırılmasının qadağan olunması barədə tövsiyələr yer alır.
    Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov bu gün şəhərimizdəki mövcud  sanitariya durumunun nəinki əhalini, hətta mütəxəssisləri də razı salmadığı qənaətindədir. Onun sözlərinə görə, Bakı ərazisində məişət tullantılarının daşınması yüksək səviyyədə təşkil olunmur.  Z.Kazımov da ayrı-ayrı küçələrdə, məhəllələrdə məişət tullantılarının yığılıb qalmasının qanunla qadağan olunduğunu bildirdi: “Bu, insanlar arasında cürbəcür yoluxucu xəstəliklərin yaranmasına şərait yarada bilər. Eyni zamanda, həmin ərazilərdə sahibsiz heyvanların, gəmiricilərin  çoxalmasına səbəb ola bilər. Hansı ərazidə antisanitar şərait yaradılırsa, orada istənilən yoluxucu xəstəliyin yaranma ehtimalı yüksəkdir”.
    RGEM öz növbəsində mövcud vəziyyətlə bağlı dəfələrlə sanitariya təmizliyi ilə əlaqədar olaraq həm rayon icra hakimiyyətlərinə, həm Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) geniş məlumatlar təqdim edib. Amma əfsuslar olsun ki, mərkəzi yol kənarlarından savayı, yerdə qalan ərazilərdə, tinlərdə, döngələrdə qeyri-qanuni zibilxanaların yaranmasına geniş şərait yaradılıb. Təbii ki, əsas irad obyekti  hər bir rayonda fəaliyyət göstərən mənzil-istismar sahələri (MİS) və onların birbaşa tabe olduqları mənzil-kommunal təsərrüfat departamentləridir (MKTD) ki, burada da iş yarıtmazdır. Z. Kazımovun bildirdiyinə görə, problemlə əlaqədar olaraq RGEM  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müxtəlif cərimə sanksiyaları tətbiq edir. Təəssüf ki, küçələrdə, məhəllələrdə yaranan qeyri-rəsmi poliqonlardan görünür ki, bu cəzalar da heç bir effekt vermir.


    Zibillərin bəxti açılır


    Dünya ölkələrində çoxdandır ki, məişət tullantılarına yalnız zibil kimi yanaşılmır. Belə ki, inkişafda olan ölkələr hazırda məişət tullantılarının idarə olunması-onların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ən optimal variantın axtarışındadır. Artıq Azərbaycan da bu ölkələr sırasındadır. Heç şübhəsiz, tullantıların tərkibinin kağız, plastik və polimer materiallar, qara və əlvan metallar, həmçinin elektron cihazlarının nadir elementləri kimi müxtəlif, bəzən də ekoloji nöqteyi-nəzərdən təhlükəli olması da problemə müxtəlif istiqamətlərdən yanaşmanı tələb edir. Sellüloza-kağız, kimya, neftkimya, dağ-mədən və metallurgiya sahələrində formalaşan tullantılar ətraf mühitə və insan sağlamlığına toksikoloji təsirlər göstərir ki, bunun təsirini azaltmaq məqsədilə tullantıların idarə olunması dövlətlərin başlıca siyasətinə çevrilməkdədir.
    Qeyd edək ki, ölkə başçısının 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində tullantılarının yandırılması zavodunun tikilişinə başlanıb.  Zavodun layihələndirilməsi, tikintisi və istismarı bütünlüklə Fransanın “Constructions Industrielles de la Méditerranée S.A.” (“CNİM” S.A.) şirkəti tərəfindən həyata keçirilir. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavodun tikintisi və 20 illik istismarı nəzərdə tutulur.  Ətraf mühitin çoxsəviyyəli mühafizəsi mexanizminə malik olan bu zavod Avropa Birliyinin və Azərbaycanın ətraf mühitin qorunmasına dair qoyduqları ən ciddi tələblərə uyğun şəkildə işləyəcək.  Belə ki, yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirməyəcək. Daha ağır və zərərsiz olan dib külü yol inşası üçün nəzərdə tutulmuş tikinti materiallarında istifadə oluna bilər. Bundan əlavə, tullantının yandırılması zamanı soyutmaq üçün istifadə edilən təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldiləcək. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçiriləcək və nəzarətdə saxlanılacaq.
    Balaxanı tullantı poliqonu daxil olmaqla Bakı şəhərində yerləşən tullantı poliqonlarının bərpası və ya bağlanması nəticəsində ətraf mühitə ekoloji təsirin qiymətləndirilməsi üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Azərbaycanın “ACEP” şirkəti ilə müqavilə imzalanıb. Şirkətin göstərəcəyi xidmətlərə əsasən, layihənin komponentlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və idarəçiliyi planının hazırlanması vasitəsilə Bakı şəhəri ərazisində tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsi və bərk məişət tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması həyata keçiriləcək.
    Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  eləcə də“Təmiz şəhər ASC” ətraf mühitin məişət tullantılarından qorunması və onların zərərinin azaldılması üçün müxtəlif layihələr həyata keçirməkdə davam edir.
    Bəlkə bütün bu layihələrin tam reallaşacağı təqdirdə doğrudan da “Təmiz şəhər”dən danışmaq mümkün olacaq. Hələlik isə...


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 860
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30