Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi. Araşdırma – 2 (7)
    Qala kəndi – açıq səma altında mədəni irs...

    Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Zaman uzaq keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır.



    Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları ölkənin qədim tarixə malik olmasından xəbər verir. Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur ki, bu da respublika ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olmasına zəmin yaratmışdır. Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Tarixi abidələr baxımından Abşeron yarımadası xüsusi əhəmiyyətə malikdir. Qədim yaşayış məskəni olan Abşeron yarımadasının tarixi eradan əvvəlki dövrləri əhatə edir. Burada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş kurqanlar, ocaq izləri və qəbirlər bunu bir daha sübut edir. Abşeronun ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndidir.
    Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Burada e.ə. III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Qala kəndinin ərazisində e.ə III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. Beş min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd bu günədək qorunub qalmışdır.
    2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində “açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi” yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub.
    Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub. 1.2 hektar ərazisi olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılıb.
    Abşeron yarımadasının şərq hissəsində aşkar olunmuş abidələrin geniş öyrənilməsinə XX əsrin 60-cı illərindən başlanılıb. Aparılmış elmi tədqiqatlar nəticəsində aşkar edilmiş çoxsaylı petroqliflər orta tunc və dəmir dövrlərini əhatə edir.
    Abşeron yarımadasında tapılmış, e.ə. III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, müqəddəs nigah və s. səhnələr təsvir olunmuşdur. Ayrı-ayrı təsvirlərdə əsas yer qadın ilahəsinə verilib. O daha əhatəli – ayaq üstə, əlləri göyə qalxmış vəziyyətdə göstərilmişdir.
    Yarımadanın şərq hissəsinə aid olan ibadət mərkəzlərindən biri olmuş Bəndüstü abidəsində müqəddəs nigah əfsanəsi, heyvanların qurban verilməsi təsvirləri vardır. Qayaüstü təsvirlərdə nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar mühüm yer tutur.
    Abşeron ərazisində aşkar olunmuş qədim kurqanlar, qəbir daşları, yaşayış məskənləri, ibadət yerləri və bir sıra digər maddi-mədəniyyət qalıqları eramızdan əvvəl III minilliyin II yarısı – II minilliyin I yarısına qədərki dövrü əhatə edir.
    Abşeron ərazisində e.ə. III-II minilliyə aid bir sıra kurqanlar vardır. Bu kurqanlardan biri “Dübəndi kurqanı” adlanır. Həmin kurqanın əsasını kromlex adlanan halqaşəkilli daş hörgü təşkil edir. Dəfn kamerası kurqanın mərkəzindədir. O cənub-qərb-şimal-şərq xətti üzrə istiqamətlənib, dörd həcmli daş piltədən təşkil olunub. Cənub-qərb hissədə, kromlexin daş hörməsində qurban kamerası tikilmişdir ki, onun da bir tərəfi antropomorf stela görkəmindədir. Qurbangahın özündə saxsı qablar, qoyun sümükləri, daş alətlər və kül aşkar olunmuşdur. Burada dəfn mərasimindən sonra xüsusi ayin icra olunmuşdur. Kurqanın konstruksiyasında antropomorf stelanın çoxluğu qədim Abşeron sakinlərinin dini təsəvvürlərinin mövcudluğunu sübuta yetirir. Kurqanda olan antropomorf heykəlləri ehtimallara görə ölənlərin ruhunu o biri dünyaya yola salan ölüm Allahı ilə eyniləşdirmək olar. E.ə. III minilliyin I yarısına aid edilən Abşeron kurqanları yalnız dəfn abidələri deyil, eləcə də qədim Azərbaycan tayfalarının maddi və mənəvi mədəniyyətlərinin öyrənilməsi üçün zəngin mənbədir.
    Bu cür kurqanlardan biri də “Türkan kurqanı”dır. Kurqanın hündürlüyü 60 sm, diametri 9 metrdir. Təpə qumlu və daşlıdır, əsas konstruksiya bir cərgədə halqaşəkilli daş hörmədən ibarətdir. Mərkəzdə dörd daş piltədən ibarət və tində quraşdırılmış kamera yerləşir (şaquli). Antropomorf heykəlin hündürlüyü 240 sm, əsası düzbucaqlıdır, eni 80 sm, üz tərəfi qərbə istiqamətlənib. Başı, boynu və sinəsi seçilir. Həmçinin bel nahiyəsində dördkünc formalı deşik vardır. Kurqan e.ə. III minilliyə aid edilir.
    Qədim yaşayış məskəni Zirə daş piltələrdən tikilmiş dairəvi planlı tikilidir. Bu məskənin sakinləri heyvandarlıq, balıqçılıq və ovçuluqla məşğul olmuşlar. Ərazinin divarları güclü şimal küləklərindən qorunmaq üçün əhali tərəfindən irihəcmli daş və qayalarla möhkəmləndirilirdi. Bu məskəndə çoxlu sayda saxsı, sümük və daşdan hazırlanmış alətlər aşkar olunmuşdur. Bu məskənin sakinlərinin ideologiyası və dini baxışları daş tikililərin üzərində çoxlu sayda insan, heyvan təsvirləri və astral həndəsi işarələrdə öz əksini tapmışdır. Məskən e.ə. III minilliyin sonu - II minilliyin əvvəllərinə aid edilir.
    Abşeronun ayrı-ayrı qəbiristanlıqlarında islamaqədərki türk təfəkkürünə xas olan qoç heykəllərə rast gəlinir. Memorial abidələr üzərində Qurandan surələr, qafiyəli sətirlər, yaxud mərhum haqqında şeirlər verilirdi.
    Abidənin bəzədilməsi üçün daş üzərində oyma, cızma üsulu ilə bəzək açılır və ya heyvan fiquru həkk edilirdi.
    XIV-XVIII əsrlərə aid olan məzar daşlarının möhtəşəm nümunələrinə hal-hazırda Abşeron kənd qəbiristanlıqlarında rast gəlmək olar.
    Arxeoloji qazıntılar Qala kəndində 5000 il əvvəl tunc dövrünə aid yaşayış məskəninin olmasını sübut etsə də, onun müasir dövrümüzə qədər gəlib çatmış tarixi məişət və təsərrüfat tikililəri XVI-XIX əsrlərin əvvəllərinə aid edilir.
    Abşeronun yerli ağ əhəng daşından inşa olunmuş Qala yaşayış binaları təbii iqlim şəraitinə və meşə materiallarının çatışmadığına görə gümbəzli tağ tavanlı konstruksiyaya əsaslanan dublalı bacalarla inşa olunmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq kənddə ikimərtəbəli evlər və ya tir-dayaq konstruksiyalı, düz damlı yaşayış evlərinə üstünlük verilmişdir.
    Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində mövcud olan tarixi yaşayış binalarının əksəriyyətini dublalı evlər təşkil edir.
    Dublalı evlər birmərtəbəli olmaqla, yastı dam örtüyü üzərində dubların təndir və ocaq gümbəzlərinin olması ilə seçilir. Binanın fasadına dekorativ zənginlik gətirən daş navalçalar maili dam örtüyündə yağıntı sularının yığımını tənzimləyir.
    Plan quruluşuna görə dublalı evlər iki otaqdan ibarətdir. Otağın biri qonaq, digəri isə mətbəx hissə adlanırdı.
    Mətbəx hissədə təndir, yemək və su qızdırmaq üçün ocaq olurdu. Mətbəxin bir küncündə isə “suaxan” yerləşirdi. Dərin oyuq olan suaxan döşəmənin səviyyəsində qurulur və mətbəxdən heç bir arakəsmə vasitəsilə ayrılmır. Oyuğun qarşısında, döşəmənin üzərində bilavasitə binaya bitişik alçaq (15-20 sm) divarcıq ilə əhatə olunmuş kiçik meydança ayrılır. Suyun çölə axıdılması üçün meydançanın səthi üzərində bir dəlik açılırdı. Suaxandan paltar yumaq və islam aləmində namazdan əvvəl qüsl etmək üçün də istifadə olunurdu.
    Qonaq otağı əsasən taxçalar, ləmələr, cumaxatanlardan ibarət dekorativ elementlər vasitəsilə bəzədilirdi.
    Ləmələr adətən pəncərə açımlarının hündürlüyündə, divar boyunca uzanaraq kasalar, mis qablar, sinilər ilə bəzədilirdi.
    Taxçalarda sandıq və yorğan-döşəklər yığılmaqla interyer bəzədilirdi.
    Taxçalar rəflərə bölünərək cumaxatanlar yaradılırdı və onlar divar şkafları kimi istifadə olunurdu.
    Qalanın yaşayış evlərində rast gəlinən dekorativ elementlərdən biri də çıraq və “Quran” qoymaq üçün divarlarda açılmış taxçalardır.
    Otaqların qızdırılması üçün kürsüdən istifadə olunurdu. Ailənin qızınması üçün xörək bişirildikdən sonra ocaqdan yığılan kömür manqala tökülür, ailə manqalın ətrafına yığılaraq onun üstünə örtülmüş yorğanın altında qızınırdı. Bu yorğan kürsü yorğanı adlanırdı və məxsusi kürsü üçün sırınırdı.
    Beləliklə, insan həyatında yaşayış evlərinin formalaşması uzun bir dövrü əhatə etmiş və böyük təkamül prosesi keçmişdir.
    Qala kəndində bir sıra sənət sahələri də inkişaf etmişdi. Bu sənət sahələrindən biri Azərbaycanda ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq sənətidir. Müxtəlif mənbələrə görə Azərbaycanda dulusçuluq sənəti e.ə. II minilliyə təsadüf edir. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qalada arxeoloji qazıntılar zamanı aşkarlanan saxsı məmulatlar bədii cəhətdən çox maraqlıdır.
    Azərbaycan dulusçuluq ənənələrində iki növ dulusçu çarxı var idi: əl çarxı və ayaq çarxı. Dulusçunun əsas aləti daraq, dulusçu bıçağı, qələm, sim, bel və s. idi. Dulusçu emalatxanaları şəhərətrafı məhəllələrdə yerləşirdi. Dulusçuluq istehsalında məmulatın yandırılma prosesi əsas yerlərdən birini tutur. Yandırmanın – ocaq, quyu, təndir, açıq və örtülü kürələrdə yandırma kimi müxtəlif üsulları məlumdur.
    Bütün bunlar Azərbaycanda dulusçuluq sənətinin çoxəsrlik tarixə malik olmasını sübut edir.
    Ən inkişaf etmiş sənət növlərindən biri də dəmirçilik sənəti idi. Dəmirçilik sənəti Azərbaycanın bir çox bölgələrində, eləcə də Bakıda inkişaf etmişdir. Dəmirçilik sənətində geniş yayılmış kiçik emalatxanalardan biri nalbənd adlanırdı. Nalbəndlər əsasən yol qıraqlarında yerləşirdi. Onlar ancaq nal hazırlamaq və atın dırnağına nal vurmaqla məşğul idilər. Nalbənd emalatxanalarında müxtəlif növlərdə nallar - “Qarabağ nalı”, “Lahıc nalı”, “Rus nalı”, “Qazax nalı” hazırlanırdı.
    Maraq doğuran qədim abidələrdən biri də qədim musiqi aləti – Qavaldaşdır.
    Qavaldaşın səs çıxarmasının sirri onun hava yastığı üzərinə qaldırılmasındadır. Quru, yüngül, özündən altdakı daş və qaya üzərinə iki nöqtədə toxunan və beləliklə bir növ havada qalmış təbəqəvari yastı əhəngdaşına kiçik daşla zərbə vurduqda onun içərisindən gələn zümzümə bir dəqiqə kəsilmir.
    Abşeronun qərbində, Qobustan qayalıqlarında eradan əvvəlki dövrə təsadüf edən qayaüstü təsvirlər, yeni daş-tunc dövrünə aid mağaralar, Abşeronun şərqində Qala kəndi yaxınlığındakı Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji qazıntılar, e.ə. III minilliyə təsadüf edən yaşayış məskənləri, kurqanlar, ocaq izləri və maddi-mədəniyyət qalıqlarının izləri diyarımızın nə qədər qədim tarixə malik olduğundan xəbər verir.
    Sizə təqdim olunan araşdırmada Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində arxeoloji qazıntılar zamanı aşkar olunmuş yaşayış yerləri, qədim və orta əsrlərdən üzü bəri sakinlərin məişəti, təsərrüfatı, sənətkarlıqları haqqında ətraflı məlumat verməklə əyani tanışlığınızdan xoş təəssüratlar almağınızı arzulayırıq.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 608
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30