Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    DİN: məşğuliyyət, yoxsa inanc mənbəyi...
    (əvvəli ötən nömrəmizdə)

    XIII

    Ötən saylarımızda qeyd etdiyimiz kimi, Azərbaycanda İslamın əsas 2 məzhəbinin 3 qolunun, 1 məzhəbin isə 3 cərəyanının davamçıları var. Bunlar şiə məzhəbinin cəfəri qolu, sünni məzhəbinin isə şafii və hənəfi qolları, eləcə də özlərini sünni hesab edən sufi, vəhhabi, sələfi və nurçu cərəyanlarıdır.



    Bu cərəyanları və təriqətləri yayan (əsasən də vəhhabilik, sələfilik və nurçuluq) missionerlər intellektli, müəyyən dərəcədə bilik səviyyəsi olan insanlara təsir etməyə daha çox üstünlük verirlər. Onlar bu cür insanları “ələ keçirmək”də daha maraqlıdırlar. Xüsusən də dövlət strukturlarında çalışan “rütbəlilərə” daha çox nüfuz edirlər. Bundan əvvəlki yazılarda xristian missionerliyi, İslami təriqətlərdən isə vəhhabiliyin Azərbaycanda yayılması ilə bağlı qısa da olsa məlumat vermişik. Bu yazıda isə nurçulardan bəhs edəcəyik. Kimdir nurçular?
    Nurçuluq hərəkətinin qurucusu olan Səidi Nursi 1873-cü ildə Bitlisin Hizan Mahalının Nurs kəndində dünyaya gəlib. Əvvəllər Səid-i Kürdi olaraq tanınan, soyad qanunu çıxdıqdan sonra doğulduğu kəndə görə Nursi soyadını alan Səid-i Nursi elmi karieri olmayan bir insan olub.  İlk əvvəl Bitlisdə şeyxlik fəaliyyətlərinə başlayan Səidi-i Nursi sonra İstanbula gələrək siyasi fəaliyyətlərə qatılır, İttihad-ı Muhammed-i Cəmiyyətinin quruluşunda iştirak edir.


    1912-ci ildə yazdığı bir kitabında “Oyan ey Səlahəddin Əyyubinin nəvələri kürdlər” deyərək kürdləri türklərə qarşı təhrik etməyə səy göstərmişdir. Məktubat adlı risaləsində isə “Özünün Türk olmadığını, türklük ilə münasibətinin olmadığını, Türkiyədə kürd milləti deyə ayrı bir millətin olduğu” ideyasını irəli sürmüşdür.


    İstiqlal döyüşü əsnasında Ankaranın xəlifəni qurtaracağı inancıyla Ankaraya gəlmiş, ancaq dünyəvi bir dövlətin qurulması və Cümhuriyyətin elanından sonra Ankaranı tərk edərək Vana getmişdir. Tiryək, Dənizli və Əskişəhir həbsxanalarında yatmışdır.


    Səid-i Nursi 23 mart 1960-cı il tarixində Urfada vəfat etmişdir. Ancaq yetişdirdiyi tələbələri (Nur şagirdləri) onun fəlsəfəsini günümüzə qədər gətirə bilmişlər.


    Nurçular bu hərəkətin bir təriqət olmadığını, Qurani-Kərimin 20-ci əsrdə təfsiri üzərinə qurulmuş məktəb olduğunu və sayı 130-a çatan Nur risalələrinin də Qurani-Kərimin təfsirini əhatə etdiyini ifadə etməkdədirlər. İlk dəfə 1955-1957-ci illərdə Qurani-Kərimin və Nur risalələrinin yazılışı səbəbi ilə ortaya çıxan nurçular arasındakı qruplaşma, Səid-i Nursinin ölümündən sonra daha aşkar bir hal almışdır.


    Nurçuluğun dünyəvi respublikaya və Atatürkə qarşı bir hərəkət olduğunu görə bilmək üçün Nur risalələrinə baxmaq kifayətdir. “Barla Məktubları” səhifə 53-də Atatürkü nəzərdə tutaraq “Tək gözlü Dəccal, ya iman et, ya bütün Dünyanın məsxərəsi olacaqsan” deyilmişdir. Bu xüsus Mətin Tokerin “Sağda və solda vuruşanlar” adlı kitabının 96-cı səhifəsində də qeyd olunmuşdur.


    Nurçular özlərinə Nur tələbələri adını verməkdə və hizbul-Quran olduqlarını irəli sürməkdədirlər. Nur tələbələrinin digər bir vəzifəsi də nur risalələrini çoxaldıb paylamaqdır.  Səid-i Nursinin ideyalarına görə, nur tələbəliyini buraxmaq günah hesab olunur, eyni zamanda nur tələbələrinə sataşanlar vətən və millət xaini adlandırılır. Nur tələbələrinin subay qalanları izlənilməkdə, evlənməsi lazımsa bir nurçu ilə evlənməsi əmr edilməkdədir.


    XIV

    Bəs, bu cərəyanın Azərbaycanda yayılmasına nə zamandan başlanılıb? Türkiyədə yaranmasına baxmayaraq, bu təriqət getdikcə bir çox ölkələrə, o cümlədən Azərbaycana da yol tapıb. Qəbələ və Oğuz rayonlarında, Göyçay, Ağdaş, Şəki və Sumqayıt şəhərlərində nurçuluğun tərəfdarları günü-gündən çoxalır. Baxmayaraq ki, nurçuluq adı altında Azərbaycanda heç bir dini icma rəsmi qeydiyyatdan keçməyib. Bu təriqətin tərəfdarları insanlar arasında İslamın ibadət şərtlərinin yüngülləşdirilməsinə, mənəviyyat, əxlaq problemlərinin ön plana çəkilməsinə, İslamın sufi prizmasından başa düşülməsinə çalışırlar.


    Nurçuluğun prinsipləri sünniliyə yaxın olduğundan Azərbaycanda yayımında təriqət faktoru əsas götürülərək çoxluqla sünni bölgələrinin seçilməsi da əvvəlcədən hesablanmış plandır. Hadisələrin bu qədər uyğun, üst-üst düşməsi xeyli ip ucları ələ verir. 


    Müstəqilliyin ilk beş ilində Azərbaycanın Cənub və Mil-Muğan istisna olmaqla demək olar ki, bütün regionlarında milli memarlıq üslublarına əhəmiyyət verilmədən türk üslublu məscidlər inşa olundu. Hətta Gürcüstanın Azərbaycanlılar yaşayan kənd və qəsəbələrində də bu tip məscidlərin çoxluq təşkil etdiyini görməmək olmur.


    Bu gün əhli - sünnə qardaşlarımız nədənsə Azərbaycanda insanların əqidəsinə  təsir etmək imkanını əldən buraxmaq istəmir. Türkiyənin Dini İşlər Başkanlığı və Diyanət Vəqfi son illərdə Azərbaycanda 8 məscid binası tikmiş, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini yaratmış, türk liseylərini maliyyələşdirmiş, qaçqınlara və məcburi köçkünlərə 1 mln. ABŞ dolları həcmində ərzaq paylamışdır. Bütün bunlarla yanaşı qardaşlarımız məzhəbləri ilə yanaşı, təriqətlərinin də bizlərlə paylaşırlar...


    XV

    Nurçuluğu yayma ideyasının əsasında təhsil dayanır. Çünki, nurçu siyasətinin həyata keçirilməsində gənclər daha perspektivli hesab olunur. Gənclər həm kiçik yaşlarında bu ideologiya ilə zəhərlənir, həm də “xidmət” baxımından daha çox yaş müddətinə malikdirlər. Bundan başqa enerjilidirlər, hissləri ilə davranmaq dərəcələri yüksəkdir.


    Bu gün nurçular Azərbaycanın hər yerində orta və ali məktəbləri, hazırlıq kurslarını zəbt ediblər. Yuxarı sinif şagirdləri üçün “Araz” hazırlıq kursları adı altında məşğələlər yaradılıb. Araz kursları respublikanın 10-dan çox şəhər və rayonunda fəaliyyət göstər. Orada və digər nurçu liseylərdə “Azərbaycana xidmət edirik” şüarı altında pullu təhsili ilk dəfə olaraq rəsmiləşdirdilər. Təbii ki, xidmət adı altında əsas məqsəd nurçuların əməllərindən bixəbər lisey uşaqlarını manqurtlaşdırmaq, onlardan özlərinə xidmətçilər düzəltməkdir. Hər bir şagird ildə 300-1000 manat arasında təhsil haqqı ödəyir. Bu məbləğ bir çox hallarda artıma doğru dəyişə də bilir: həm də 2500-7000 AZN arasında... Ədalət naminə qeyd edək ki, 7000-10000 AZN verib boş başla universitetə “qəbul olunca”, 7000 AZN verib savad alıb universitetə daxil olmaq daha məqbuldur. 


    Qeyd: Elə valideyn tanıyıram ki, bir il üçün 4500 AZN məbləğində nurçu kurs və liseylərlə müqavilə imzalayıb. Qəribəsi də ondan ibarətdir ki, bu məbləğin bu qədər yüksək olmasından narahat da deyil. 


    Liseylərdə savadlı uşaqlara daha çox üstünlük verirlər. Çünki həmin uşaqlar ömürləri boyu onların gələcək maraqlarına və böyük strategiyalarına xidmət edəcəklər. Hər ölkədə güclü, səviyyəli kadr yetişdirib, onların vasitəsi ilə həmin ölkənin cəmiyyətinə və iqtidarına nüfuz edirlər. Eyni zamanda, cəmiyyətin, öz ölkələrinin tanınmış insanlarının uşaqlarını ələ keçirmək, onları təriqətlərinə cəlb etmək üçün bütün yollara baş vururlar. Məsələn, hazırda Azərbaycanın müxalifətli-iqtidarlı, bir çox tanınmışların, xüsusən də jurnalistlərin uşaqları bu və ya digər mənada nurçuların təsiri altındadır. 


    Balaca fidanlarımız Türk liseylərində təkcə dünyəvi elmlərə yiyələnmirlər. Bu gün Bakıda və regionlarda Türk liseyləri az qala milli orta məktəblərimizin sayına yaxınlaşmaq səviyyəsinə çatıb. Harada belə bir şey var ki, inkişaf etməkdə olan müstəqil bir ölkənin təhsil sistemi dini təriqətin yönləndirdiyi təhsil sistemi üzərində dayanıb. Çox maraqlı faktlardan biri də ondan ibarətdir ki, valideynlərin bir çoxu uşaqlarının məhz türk liseylərində təhsil almalarında maraqlıdırlar. Əcəba, niyə? Məgər həmin valideyn anlamır ki, övladının kompüter, ingilis dili bilməsi hələ onun savadlı olması, fikrimizi daha dəqiq ifadə etsək Vətənə layiqli şəxsiyyət kimi yetişməsi demək deyil. Texniki bilgilər və əcnəbi dil öyrənmək çox müsbət bir hal olsa da bunun üçün nurçu məktəblərində təhsil almağa ehtiyac varmı?


    Daha maraqlısı həmin təhsil ocaqlarında gələcəyə hesablanmış kadrların seçilməsi və yetişdirilməsidir. Hazırlanmaqda olan belə gənclər “xidmət” dərəcəsinə görə təhsil və digər xərclərdən də azad olunurlar. Xüsusi yetişdirilmiş həmin kadrların Avropada təhsil almaları, onların dövlət və digər strukturlarda yerləşdirilməsi, öz missioner fəaliyyətlərini reallaşdırdıqları digər bir ölkəyə göndərilməsi nurçu siyasətinin tərkib hissəsidir.


    Təbii ki, gənclərin belə çirkin siyasətin qurbanına çevrilmə səbəblərindən və ya yollarından biri də onların sosial problemləri ilə əlaqədardır.


    Belə gənclərin əksəriyyətini müxtəlif universitetlərdə təhsil alan tələbələr təşkil edir.


    Azərbaycanda “Zaman-AZƏR” MMC firması,  “Nurlar” mətbəəsi, “Zaman – Azərbaycan” qəzeti, “Ailəm” jurnalı mətbu orqanları, “Quba “Nur” Studiyası”, “Nurlu Sabah” Uşaq-Gənclər təşkilatı (Quba),  “Araz” Hazırlıq” Kursları, “Araz” Yayınları” MMC,  “Araz” dərgiləri, dərsliklər, test bankları,  Qafqaz Universiteti,  tələbə yataqxanaları, Türkiyə İşbirliyi və Kalkınma İdarəsinin Azərbaycan üzrə Koordinatorluğu, Azərbaycanda yayımı dayandırılan “STV” (“Xəzər” TV) və digərləri məhz nurçu şəbəkəsinin əhatəsinə aiddir. Qafqaz Universitetinin əməkdaşlıq siyahısını əsasən Türkiyə iş adamlarının təsis etdiyi şirkətlər təşkil edir. Təhsil müəssisələrinin yerləşdiyi  bölgələrdə mətbu orqanlarının təmsilçilikləri  təşkil olunub. Təhsil müəssisələrini mətbu orqanlarla pulsuz təmin edirlər.


    Sevindirici hal budur ki, Azərbaycanın hərbi və güc strukturlarından – Polis Akademiyası, MTN və digər hüquq-mühafizə orqanlarına qəbul zamanı nurçu liseylərin attestatları qəbul edilmir. 


    Bəlkə də çox adam Bakıdakı Qafqaz Universitetinin binasının “F” hərfi formasında tikildiyini bilmir, yaxud bilirsə də buna ciddi əhəmiyyət verməyib. Bəs bu “F” nə deməkdir? Əslində sözügedən universitetin korpusunun “F” şəklində tikilməsi təsadüf deyil. Bu, nurçuların lideri - Fətullah Gülənin adının baş hərfidir. Şəbəkənin Azərbaycandakı əsas mərkəzi Qafqaz Universiteti olduğu üçün növbəti korpus “G” hərfi şəklində tikilir. F.G. - yəni Fətullah Gülən...


    Bu günlərdə Amerikanın CBS telekanalının məşhur “60 dəqiqə” verilişi Fətulla Güləni “yaşayan ən önəmli 2-3 islam alimindən biri” kimi təqdim edib. Proqramda Gülən hərəkatının təkcə ABŞ-da 130 özəl məktəbə sahib olduğu, həmin məktəblərdə 20 mindən çox şagirdin təhsil aldığı qeyd olunub. Bu məktəblərdə təhsil almaq üçün 30 mindən çox şəxsin isə növbədə durduğu vurğulanıb. Bu məktəblərdə din yerinə riyaziyyat və fizikanın tədris olunduğu və Gülənin internet səhifəsində öz müridlərinə “fizika, cəbr və kimya öyrənmək Allaha ibadətdir” fikirlərini aşıladığı qeyd olunub.


    Proqramda Gülənin müsəlman dünyasında güc toplamağa davam edən ruhani lider olduğu, onun milyonlarla davamçısının isə Güləni Qandi və Martin Lüter Kinq kimi gördüklərini iddia edilib.


    Türkiyədəki milyard dollarlıq Gülən imperatorluğunun yüzlərlə məktəblərlə yanaşı, televiziya kanalları, bir böyük banka, ölkənin ən iri ticarət şəbəkəsi və qəzetə sahib olduğu deyilib.


    ABŞ-da Gülən məktəblərinə dövlətin 150 milyon dollar ayırması isə ABŞ rəsmi dairələrində müzakirə mövzusuna çevrildiyi qeyd olunub. ABŞ-ın Pensilvaniya əyalətində yaşayan Gülənin oradan Türkiyəni idarə etməyə çalışması ilə bağlı müzakirələrə də yer verilib.


    Fətullah Gülən 1941-ci ildə Türkiyənin Ərzurum vilayətinin Qorucuq kəndində anadan olub. Dini elmləri Ərzurumun böyük alimlərindən öyrənən Gülənin vaxtilə Nurçuluq cərəyanın banisi Səidi-i Nursinin təsiri altında olduğu bildirilir. 1959-cu ildə Türkiyə Cümhuriyyətində dini işlər üzrə dövlət komitəsinin strukturunda imam kimi rəsmi fəaliyyətə başlayan Gülən təqribən 30 il ərzində müxtəlif bölgələrdə müxtəlif vəzifələrdə çalışıb.


    Uzun illərdir missionerlik edən F.Gülən 1999-cu ildə islamçıların sıxışdırılmasından dolayı Türkiyəni tərk edib. Bütün dünyada onun milyonlarla tərəfdarı var. “Gülən Camaatı”nın dünyanın bir çox ölkələrində məktəblər, liseylər şəbəkəsi fəaliyyət göstərir. Bu məktəblərdə həm elmi biliklər, həm də dini-mənəvi təhsil verilir. Mənəviyyat islam dəyərlərinə əsaslanır.”


    Türkiyənin özündə F.Gülənə münasibət ikilidir. Bəziləri onu tolerantlığın və çevikliyin nümunəsi hesab edirlər, bəziləri isə fikirləşir ki, Gülən Türkiyənin dünyəvi dövlətçiliyinin əsaslarını dağıtmaqla məşğuldur.


    Gülən tərəfdarları və ardıcıllarının həm Türkiyədə, həm də xaricdə böyük gücə malik olduğu vurğulanır. Onlar həm siyasi dairələrdə, həm də iqtisadi sahələrdə güc sahibidirlər. Gülən tərəfdarı olan dinə meylli biznesmenlərin, biznes strukturlarının dəqiq sayı barədə məlumat yoxdur. Gülən tərəfdarları eyni zamanda böyük media şəbəkələrinə də sahibdirlər.


    XVI

    Türkiyədə başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan şəbəkə Qafqazı aşıb Mərkəzi və Orta Asiya ölkələrinə də geniş yayılmaqdadır. Orta Asyada türk məktəbləri 1990-cı illərin ortalarından açılmağa başlayıb. Təkcə Özbəkistanda 65 belə məktəb var idi.  Amma Özbəkistan hakimiyyəti 1999-cu ildə Ankara ilə münasibətləri korlanan kimi türk məktəblərinin hamısını bağladı. O vaxtdan 10 il keçsə də İslam Kərimov hakimiyyəti nurçu məktəbləri məsələsini hələ gündəmə gətirməyib. İndi də məktəbləri yox, bu məktəbləri bitirənləri təqib edilir. Dövlət hər zaman onları ölkədəki dünyəvi sistemi dağıtmaq cəhdlərində ittiham edib.


    Qırğızıstanda isə məktəblərin sayı az olub, bu günün özündə 25 türk məktəbi var - eyni zamanda 2 universitet fəaliyyət göstərir.
    Türk məktəbləri hətta regionun farsdilli ölkəsi olan Tacikistanda da yetərincə populyarlıq qazanıb. Burada tez-tez bu məktəblərin proqramlarını yoxlayırlar ki, orda pantürkist ideyaları yayılmasın.


    Türkmənistanda türk məktəblərinə regionun tarixi ilə  bağlı dərslərin keçilməsi qadağan olunub.


    Bu məktəblərin populyarlığın bir səbəbi də İngilis, Rus, Türk və Tacik dillərini öyrətməsidir.


    Orta Asiyadakı türk məktəblərinin populyarlığının bir səbəbi də müasir binalar, avadanlıqlarla təchiz olunması, təhsildə nizam-intizam və keyfiyyətdir. Düzdü bu cür məktəblərdə təhsil də heç də həmişə havayı olmur. Ancaq elə Azərbaycanda olduğu kimi, özəl liseylərdə təhsil haqlarından yaxşı oxuyan tələbələri azad edirlər. Azərbaycanda özəl türk liseylərində təhsil haqqı illik 5 min manat həndəvərindədir. Orta Asyada isə bu rəqəm nisbətən aşağıdır.


    Amma Azərbaycanda fərqli olaraq, Orta Asiyada indi Türk məktəblərinin başını qara buludların aldığını demək olar. Səbəb isə həmin məktəblərdə təkcə yüksək keyfiyyətli təhsil yox, dini təmayüllərin və pantürkizmin yayılması iddialarıdır.


    Hələ ötən illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə İdarəsinin və Dağıstan Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə İdarəsinin əməkdaşları İzberbaş şəhərində 9 ölkə vətəndaşını, həmçinin 7 Azərbaycan və 1 Türkiyə vətəndaşını saxlamışdılar. Bu şəxslər Rusiyada fəaliyyəti qadağan olunmuş nurçuluq  hərəkatına adam cəlb etməyə çalışırmış. Müəyyən olunub ki, onlar bu illər ərzində Moskva, Sankt-Peterburq, Kalininqrad, Kostroma, Yaroslavl, Kazan və Krasnoyarsk şəhərlərində nurçularla görüşərək gələcək planları müzakirə edib. Aparılan axtarış zamanı nurçuların toplaşdığı yerdə bu cərəyanın təbliğ edilməsi məqsədilə xərclənmiş 72 min dollar haqqında maliyyə-hesabat sənədləri və çoxsaylı ədəbiyyat aşkarlanmışdı. Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya Ali Məhkəməsinin qərarı ilə nurçuların bu ölkədə fəaliyyəti rəsmən yasaqlanıb. Rusiya Ali Məhkəməsi nurçuluğu ekstremist cərəyan kimi xarakterizə edib.


    Bu hadisədən iki  - üç gün sonra isə Bakıda “Dialoq Avrasiya” jurnalının təqdimatı keçirilir. Mərasimdə Azərbaycanın tanınmış ziyalıları, millət vəkilləri qatılır. Tədbiri yarımçıq tərk edən Azərbaycanın millət vəkilləri buna səbəb kimi orada nurçuluğun təbliğatının getdiyini bildiriblər.


    Yeri gəlmişkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev bir neçə il bundan əvvəl “Azadlıq” radiosuna demişdir ki, Bakıdakı türk məktəbləri nurçuluq cərəyanını yayır və Azərbaycanda 2010-cu ilə qədər 5-6 min nəfərlik yüksək təhsilli, peşəkar dini elita yaratmağı hədəfləyiblər:  “Azərbaycandakı türk məktəbləri İslam elitası yaratmaq istəyir. Bu elit təbəqənin sıralarında təxminən 5-6 min nəfər cəmləşib. Belə yüksək səviyyəli elita Azərbaycanda müəyyən işlər görə bilər. Hətta məzunların işə düzəlməsini də bu qrup izləyir. Nurçular belə bir proqramı 1992-ci ildən həyata keçirirlər. 2010-cu ilə kimi proses qurtaracaq və onları dəstəkləyəcək elit təbəqə formalaşacaq”.


    Artıq 2012-ci ildə yaşayırıq. Nurçuların formalaşdırdığı həmin o elit təbəqə ilə bizim aramızdakı məsafə daha yaxın deyilmi?!

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1061
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30