Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Görüşlər və qəbullar
    Şeyxin Gürcüstan müsəlmanlarına təbriki

    Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Respublikasında Nümayəndəliyinin təsis olunması münasibətilə bir araya gələnlərin hər birini salamlayır, xalqlarımız və dövlətlərimizin səadət və rifahı naminə bütün səy və əməllərimizə Uca Yaradanımızdan rəvac diləyirəm.



    Qafqaz müsəlmanlarının tarixən formalaşmış dini mərkəzi - Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda nümayəndəliyinin təsis olunması mühüm əhəmiyyət kəsb edən hadisə olaraq, bu qədim diyarın xalqları və dövlətləri arasında əsrlərlə mövcud olmuş, ümumi rifah və tərəqqimizə xidmət edən dostluq və qardaşlıq əlaqələrinin inkişafında yeni mərhələ kimi dəyərləndirilməlidir. Zaman bizdən daima yenilənməyi, məqsəd və amallarımıza doğru aparan yeni yolları aramağı tələb edir. Bu baxımdan, QMİ-nin qardaş Gürcüstanda bu gün təsis olunan nümayəndəliyi iki əsrlik tarixi olan dini mərkəzin ənənəvi mənəvi əlaqələrimizə yeni nəfəs gətirəcək və onların inkişafına keyfiyyətcə yeni təkan verəcək qurumu kimi qarşılanmalıdır.


    Azərbaycan və Gürcüstan xalqları və dövlətləri arasında ən qədim dövrlərdən başlayan tarixi dostluq və qardaşlıq əlaqələri bu gün də birgə səylərimizlə ən yüksək səviyyədə davam və inkişaf etdirilir. İqtisadi, siyasi sahələrdə olduğu kimi, mənəvi sahədə də xalqlarımız arasında bir çoxlarının qibtə edəcəyi şəkildə əməkdaşlıq ruhu hökm sürür. Bu, ümumi evimiz olan Qafqazda sülhün, sabitliyin, rifah və tərəqqinin rəhni olmaqla yanaşı, dünya çapında bir çox birgə uğur və qələbələrimizə yol açır. Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Pravoslav Kilsəsi arasında mövcud əməkdaşlıq da xalqlarımızın mənəvi əlaqələrinin dərinləşməsinə, Qafqazda sülh və istiqrarın möhkəmlənməsinə xidmət etməklə yanaşı, beynəlxalq müstəvidə dinlərarası əməkdaşlığın gözəl örnəyi kimi çıxış edir. Zati-müqəddəsləri Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə aramızda mövcud olan bir qərinəlik böyük dostluq və sarsılmaz qardaşlıq münasibətlərinin O Bir Olan Yaradanımıza xoş gedən məqsədlərə və Gürcüstan-Azərbaycan  dostluğuna xidmət etməsindən çox məmnunam.


    Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev və Gürcüstan Prezidenti Zati-aliləri Mixeil Saakaşvilinin xalqlarımızın ümumi rifahı, dövlətlərimizin iqtisadi inkişafı və bölgəmizin tərəqqisinə yönəlik fəaliyyətlərini dəstəkləyərək, mənəvi əlaqələrimizin də inkişafına verdikləri önəmi, göstərdikləri ali diqqət və qayğını yüksək qiymətləndirirəm. İnanıram ki, möhtərəm dövlət başçılarımızın bundan sonrakı səy və fəaliyyətləri də qardaş ölkələrimiz və xalqlarımız arasında mənəvi körpülərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.


    Mənəvi tellər bizi bir-birimizə bağlayan möhkəm körpülərdir və onları qoruyub saxlamaq bizim ümdə borcumuzdur. Azərbaycanda yaşayan gürcülər, Gürcüstanda yaşayan azərbaycanlılar bu körpünün dayaqlarıdır. Bu dayaqlar var olduqca bizim mənəvi əlaqələrimizə zaval olmayacaq. Mən əminəm ki, bu gün təsis olunan yeni qurum da bu müqəddəs amalın gerçəkləşməsində öz mühüm rolunu oynayacaq, dini-mənəvi əlaqələrimizin təməlində duran dəyərləri daha da inkişaf etdirməyə nail olacaqdır, inşallah!


    Bir daha təsis toplantısına qatılan dostları səmimi qəlbdən salamlayır, hamıya O Bir Olan Yaradanımızdan xeyir-dualar diləyirəm. Fürsətdən istifadə edərək, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin təsis olunmasına yaxından kömək göstərmiş insanlara, ilk növbədə, Azərbaycan və Gürcüstanın möhtərəm dövlət rəhbərlərinə, aidiyyatı olan rəsmi şəxslərinə dərin minnətdarlığımı bildirirəm.


    Qoy Qafqazda hər zaman əmin-amanlıq, dostluq hökm sürsün, sülh və sabitlik  bərqərar olsun! Qoy Uca Yaradan Gürcüstan-Azərbaycan birliyini əbədi qərar versin! Amin!”



    Rusiya Patriarxı Kirilin kitabının təqdimat mərasimi oldu


    Qafqaz Müsəlmanları İdarəsində  Moskva və bütün Rusiya Patriarxı Kirilin Azərbaycan dilinə tərcümə edilmiş seçilmiş məqalələrini və Azərbaycana səfərlərinin xronikasını ehtiva edən kitabına təqdimat mərasimi oldu. Ölkəmizin elmi və dini ictimaiyyətinin tanınmış nümayəndələrinin iştirak etdiyi, habelə Rus Pravoslav Kilsəsinin rəsmi nümayəndə heyətinin qatıldığı tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış etmişdir:


     Bu gün bir araya gəlməyimizə yardımçı olmuş Uca Yaradanımıza həmd-səna edir, hər birinizə xeyir-dualarımı yetirirəm.


    Təqdimatına toplaşdığımız Moskva və bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kirilin Azərbaycan dilində ilk dəfə işıq üzü görən “Azadlıq və məsuliyyət: harmoniya axtarışında” kitabı ictimai-siyasi həyatın ən aktual məsələləri, çağdaş dünyanın çağırışları ilə bağlı Rus Pravoslav Kilsəsi başçısının görüşlərini əks etdirən olduqca dəyərli bir əsərdir. Kitabın məziyyətləri ilə bağlı onunla yaxından tanış olmuş elm və din xadimlərimiz öz rəylərini bildirəcəklər, odur ki, mən müəlliflə bağlı fikirlərimi diqqətinizə çatdırmaq istərdim.


    Çox şadam ki, müasir dövrün görkəmli dini lideri - Zati-müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətləri ilə uzun illər ərzində əməkdaşlıq etmək səadəti mənə nəsib olmuşdur. Uca Yaradanın İradəsi ilə Zati-müqəddəsləri Patriarx qismində sülh, xeyirxahlıq, qardaşlıq kimi müqəddəs idealların təntənəsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların əməkdaşlığı naminə xidmət etmək kimi böyük şərəfə layiq olmuşdur.


    Zati-müqəddəslərinin uğurlarına ürəkdən şad olaraq, böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Patriarxlıq illəri ərzində əziz qardaşım O Bir Olan Yaradanımızın müqəddəs ideallarına dərin sədaqətini daha artıq dərəcədə təsdiq etdi. Bu gün Zati-müqəddəslərinin - bütün həqiqi imanlı insanların, o cümlədən, müsəlmanların böyük ehtiram bəslədiyi bir dini liderin müdrikliyi və nüfuzuna bəşəriyyət hər zaman olduğundan daha artıq dərəcədə ehtiyac duyur. Zati-müqəddəsləri bütün bəşəriyyətin mənafeyi naminə dinlərarası dialoqa köklənərək, fəal dini və ictimai fəaliyyət nümayiş etdirir, müasir dövrün ən vacib problemlərinin həllinə aparan yolları böyük enerji və məqsədyönlülüklə axtarıb arayır.


    Məhz Zati-müqəddəsləri Patriarx Kirilin müdrik məsləhətləri və birgə səylərimiz sayəsində 2010-cu ildə Bakıda keçirilmiş Dünya dini liderlərinin Sammiti 2006-cı ilin Moskva Sammitinin uğurlu davamı olaraq, dinlərarası münasibətlər tarixinə parlaq səhifə yazdı. Zati-müqəddəslərinin Azərbaycanı qısa müddət ərzində iki dəfə ziyarət etməsi, şübhəsiz, tarixi əhəmiyyət kəsb etdi. Zati-müqəddəslərinin dövlətimizin başçısı ilə görüşləri olduqca yaddaqalan oldu. Azərbaycan Prezidentinin Patriarx Kiril həzrətlərini Azərbaycan dövlətinin ali mükafatı - «Şərəf» ordeni ilə təltif etməsi, Patriarx həzrətlərinin isə Azərbaycanın dövlət başçısını Rus Pravoslav Kilsəsinin yüksək mükafatı - I dərəcəli “Şərəf və şöhrət” ordeni ilə təltifi ölkələrimiz və dinlərimiz arasında münasibətlərin yüksək səviyyəsini səciyyələndirdi.


    Patriarxın Təzəpir məscidini ziyarəti, Azərbaycan müsəlmanları qarşısında etdiyi çıxış, habelə Bakı-Azərbaycan Yeparxiyasında unudulmaz görüşlərin təəssüratları Azərbaycan dindarlarının xatirəsində hələ uzun illər boyu yaşayacaqdır. Bu səfərlər və qardaşlıq görüşləri, heç şübhəsiz ki, xalqlarımız, dövlətlərimiz və dinlərimiz arasında münasibətlərin daha dinamik inkişafına və möhkəmlənməsinə dəlalat edir.


    Bu olduqca dəyərli haldır ki, Patriarx Kiril həzrətlərinin Azərbaycan Prezidenti ilə keçirilən görüşlərində, həmçinin, Rusiya Federasiyası rəhbərliyi ilə keçirdiyimiz görüşlərdə Rusiya-Azərbaycan mənəvi əlaqələrinin inkişafına yönəlik fəaliyyətimizə hər zaman dəstək hiss etmişik.


    Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında xalqlarımız, dövlətlərimiz və Qafqaz bölgəsinin mənafeyi naminə səmərəli əməkdaşlıq yönündə fəaliyyətimiz dövlət başçılarımız tərəfindən yüksək dəyərləndirilmiş, ali dövlət təltifatlarına layiq görülmüşdür.


    Uca Yaradanımızın Lüftü ilə dinlərimiz və dini liderlər olaraq Patriarx Kirillə aramızda bərqərar olmuş həqiqi qardaşlıq əlaqələri, dərin qarşılıqlı anlaşma xalqlarımız naminə, Qafqazda sülh və tərəqqi naminə məhsuldar əməkdaşlığın möhkəm təməli qismində çıxış edir. Biz sülh və həmrəyliyin carçısı olaraq çıxış edən Rus Pravoslav Kilsəsi rəhbərinin - Zati-müqəddəsləri Patriarx Kirilin mənəvi dəstək və xeyir-dualarını həmişə hiss edirik. Zati-müqəddəsləri Qafqazın problemlərinə hər zaman böyük həssaslıqla yanaşır, bölgənin mənafeyi naminə böyük işlər görür və qafqazlılar bunu yüksək dəyərləndirirlər. Biz Zati-müqəddəslərinin Qarabağ probleminin sülh yolu, beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində sülhyaratma səylərini və vasitəçilik fəaliyyətini yüksək qiymətləndiririk və buna görə minnətdarıq.


    Səmimi qəlbdən arzu edirəm ki, Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dəyərli əməkdaşlıq bundan sonra da xalqlarımız və dövlətlərimiz naminə, dinlərarası dialoq işinin yüksək səviyyəsi naminə davam və inkişaf etsin. Zati-müqəddəsləri ilə MDB Dinlərarası Şurasının həmsədrləri olaraq uğurlu əməkdaşlığımızı olduqca yüksək dəyərləndirirəm və düşünürəm ki, bu, nəinki birlik ölkələrində, həmçinin dünya çapında dinlərarası dialoqa layiqli nümunədir.


    Azərbaycan və Qafqaz müsəlmanlarının dərin ehtiram və minnətdarlığının ifadəsi olaraq Zati-müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kiril MDB məkanında və dünya miqyasında mədəni əlaqələrin, dinlər və millətlərarası dialoqun inkişaf etdirilməsi işinə böyük şəxsi töhfəsinə, Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi, Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında dostluq əlaqələrinin möhkəmlənirilməsi sahəsindəki görkəmli xidmətlərinə görə tərəfimdən “Şeyxülislam Ordeni” ilə təltif olunmuşdur.


    Ürəkdən əminəm ki, oxucuların diqqətinə təqdim olunan Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilin Azərbaycanda ilk dəfə işıq üzü görən, Zati-müqəddəslərinin ölkəmizə tarixi səfərinin mühüm məqamlarını da əks etdirən bu kitabı xalqlarımız arasında qarşılıqlı anlaşma ruhunun daha da möhkəmlənməsinə böyük töhfə olacaqdır.


    Bu kitabın Azərbaycan oxucusuna ana dilimizdə təqdim olunmasında bizə yaxından yardımçı olmuş Bakı Slavyan Universitetinin rektoru AMEA-nın müxbir üzvü professor Kamal Abdullaya, yüksək səviyyədə, akademik tərcüməsini həyata keçirmiş dosent Seyfəl Həsənova xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin, kitabın işıq üzü görməsində öz yardımını əsirgəməmiş MDB Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədri cənab Abbas Abbasova dərin təşəkkürlərimi çatdırmaq istərdim.


    Qoy bu kitabda əksini tapan həqiqətlər - görkəmli dini liderin dərin mənəvi. fəlsəfi fikirləri oxucuların qəlbinə yol tapsın, dünyamızın daha dolğun dərkində yardımçı olsun! Zati-müqəddəsləri Patriarx Kirilin Azərbaycan Respublikasına 2010-cu ildə etdiyi səfərini, Dünya Dini Liderlərinin 2010-cu ildə keçirilmiş Bakı Sammitində iştirakını, habelə Bakıda MDB Dinlərarası Şurasının iclasında qurumun həmsədri seçildiyi məqamları əks etdirən fotolar və sənədli materialların daxil edildiyi bu kitabın tarixi əhəmiyyət daşıyan bir nəşr olacağına tam əminəm. İnanıram ki, bu kitab Azərbaycan və Rusiya dövlətləri və xalqları arasında dini-mənəvi əlaqələrin inkişafına daha bir vəsilə olacaqdır, inşallah.
    Bir daha hamınıza, o cümlədən, Moskva Patriarxlığından təşrif buyurmuş yüksək səviyyəli qonaqlara bu günkü dəyərli təqdimata “xoş gəlmişsiniz” deyirəm”.


    Vatikan nümayəndə heyəti ilə görüş

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə (iyunun 11-də) Roma Papası II İohann Pavelin Azərbaycana gəlişinin 10 illiyi münasibətilə Bakıda səfərdə olan Kardinal Fernando Filoninin rəhbərlik etdiyi Vatikan nümayəndə heyətini qəbul etdi.


    Nümayəndə heyəti əvvəlcə Təzəpir məscidini ziyarət etdi. Qonağa məscidin tarixi barədə məlumat verildi. Bildirildi ki, 1918-ci ilin sentyabrında Bakını ermənilərdən azad edən Nuru Paşa Təzəpir məscidinə gələrək dindarlarla görüşüb və müraciətini məhz bu minbərdən çatdırıb.

    Qonağa Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası, kompleksin və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması barədə məlumat verildi. Qonaqlar, həmçinin, QMİ-də yaradılan muzeylə və idarənin böyük konfrans zalı ilə tanış oldular.


    Komplekslə tanışlıqdan sonra QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Kardinal Fernando Filoninin rəhbərlik etdiyi Vatikanın nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirildi. Qonağı səmimi salamlayan A.Paşazadə Azərbaycanda müstəqillikdən sonrakı dövrdə, xüsusən ümummilli lider Heydər Əliyev rəhbərliyə gəldikdən sonra Azərbaycanda bütün dinlər üçün hər cür şərait yaradıldığını və bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.


    Görüşdə ikitərəfli münasibətlər, tolerantlıq, dinlərarası əlaqələr və digər dini məsələlər barədə fikir mübadiləsi aparıldı. QMİ sədri dedi: "Azərbaycanda yaşayan istər pravoslav, istərsə katolik kilsəsinin nümayəndələri, o cümlədən yəhudi və digər icmaların nümayəndələri müsəlmanlarla eyni hüquqa malikdirlər və dövlət tərəfindən onlara hər cür yardım edilir. Son 20 ildə respublika ərazisində 2 minə yaxın müsəlman və qeyri-müsəlman məbədləri tikilib və bərpa olunub. Azərbaycanda söz və vicdan azadlıqları qorunur".


    A.Paşazadə xüsusi vurğuladı ki, ölkədə keçirdiyimiz görüşlər görüntü xatirinə deyil, həqiqətən gündəlik həyat tərzinə çevrilib. Dini icmaların rəhbərləri ilə tez-yez görüşlər keçiririk. Biz nəinki ölkə daxilində, hətta xarici səfərlərdə, beynəlxalq tədbirlərdə də birgə oluruq".


    Şeyxülislam Bakıdakı katolik icması sədrinin də Azərbaycanda bir ailə kimi yaşayan dini icmalara qaynayıb qarışdığını, bu yaxınlarda ABŞ-da keçirilən tədbirə də digər icma başçıları, o cümlədən, Vladimir Fekete ilə birgə qatıldıqlarını qonağın diqqətinə çatdırdı. 


    A.Paşazadə qonaqların diqqətinə Azərbaycan xalqının ən ağrılı problemi olan Qarabağ məsələsini çatdırdı. Bildirdi ki, bu təcavüz dinlərarası və millətlərarası sülhə ən böyük təhlükələrdəndir. Qonaq, öz növbəsində, bu problemin tezliklə həll olunmasına ümid bəslədiyini bildirdi.


    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Roma Papası XVI Benedikti Azərbaycana dəvətini Zati-müqəddəslərinin diqqətinə çatdırmağı qonaqdan xahiş etdi.


    Kardinal Fernando Filoni böyük məmnuniyyətlə dəvəti ünvanına yetirəcəyini QMİ sədrinin diqqətinə çatdıraraq, öz növbəsində, Şeyxülislam A.Paşazadəni hər zaman Romada, Vatikanda salamlamaqdan şərəf duyacaqlarını bildirdi. QMİ sədri ötən il Romaya beynəlxalq tədbirə dəvət aldığını, lakin iş qrafiki baxımından qatıla bilmədiyini qonağın diqqətinə çatdıraraq, gələcəkdə də Azərbaycan və Vatikan arasında qarşılıqlı səfərlərin olacağına ümid etdiyini bildirdi.


    Kardinal Filoni Azərbaycanda katolik icmanın gənc və azsaylı olmasına baxmayaraq, Azərbaycan cəmiyyətinə uğurlu inteqrasiya olunduğunu, kilsəsinin tikintisini minnətdarlıqla vurğuladı. Daha sonra kardinal Filoni yeni nunsini Şeyxülislam A.Paşazadəyə təqdim etdi.


    QMİ sədri Vatikanın Cənubi Qafqaza yeni təyin edilmiş nunsisi Marek Solçinskini təyinat münasibətilə təbrik etdi, ona fəaliyyətində böyük uğurlar dilədi. Əvvəlki xüsusi elçi Klaudio Qucerottinin fəaliyyətini də yüksək dəyərləndirən A.Paşazadə, xələfinin də bu sahədə uğurlar qazanacağına ümidlər bəslədiyini bildirdi: “Bizim Papa XVI Benedikt həzrətləri ilə və kilsə tərəfindən Azərbaycana gəlib-gedən kardinallarla davamlı əlaqələrimiz var. Düşünürəm ki, yeni təyin edilmiş nunsi bu əlaqələri daha da genişləndirəcək”.


    Vatikanın dövlət katibi Kardinal Tarçizio Bertoninin Azərbaycana səfəri zamanı keçirdikləri görüşü, Vatikanın yüksək səviyyəli təmsilçilərinin QMİ sədrinin 60 illik yubileyində, habelə Dünya dini liderlərinin Bakı Sammitində iştirakını məmnuniyyətlə xatırlayan Şeyxülislam A.Paşazadə bütün bu əlaqələrin dinlərarası dialoq işinin yüksək səviyyəsinə dəlalət etdiyini vurğuladı. A.Paşazadə kardinal Fernando Filonini Roma Papası II İohann Pavelin ulu öndər Heydər Əliyevin dəvəti ilə 2002-ci il mayın 22-də Azərbaycana səfərinin 10-cu ildönümü münasibətilə təbrik etdi.


    Fernando Filoni Azərbaycanın tolerantlıq mühitini yüksək qiymətləndirdi, ölkəmiz və Vatikan arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırdı, bunun üçün dövlətimizə minnətdarlığını bildirdi və QMİ-nin və onun sədrinin rolunu yüksək dəyərləndirdi.


    Sonda Şeyxülislam A.Paşazadə qonağa Bakının təsviri olan rəsm əsərini təqdim etdi. Yeni nunsiyə də xatirə hədiyyəsini təqdim olundu. Kardinal Filoni, öz növbəsində, Şeyxülislam A.Paşazadəyə xatirə hədiyyəsi verdi.


    Görüşdə Bakı və Azərbaycan yepiskopu Aleksandr İşeyin, Azərbaycandakı Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç və Bakıdakı katolik icmasının başçısı Vladimir Feketk iştirak etdilər.


    AŞPA-nın həmməruzəçiləri ilə görüş 

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə (iyunun 12-də) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debano Qrexi (Malta) qəbul etdi.


    Şeyxülislam Allahşükür Paşazadə qonaqları səmimi salamlayaraq, onlara ölkəmizdə din və dövlət münasibətləri barədə danışdı.

    Həmməruzəçilərə Azərbaycanda dini vəziyyət haqqında ətraflı məlumat verən Şeyxülislam A.Paşazadə ölkədə müxtəlif din nümayəndələrinin tolerantlıq, dostluq və qardaşlıq şəraitində yaşadığını diqqətə çatdırdı: "Azərbaycanda din sahəsində, eləcə də din və dövlət münasibətlərində heç bir problem yaşanmır. Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin prezidentliyi dövründə hər zaman dövlətin dinə diqqət və qayğısını hiss etmişik".


    Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Şeyxülislam A.Paşazadə bildirdi ki, problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır: bu, Azərbaycanın dəyişməz mövqeyidir. A.Paşazadə həmməruzəçilərin diqqətinə çatdırdı ki, onların təmsil etdikləri beynəlxalq qurumdan da məhz bu istiqamətdə səy və dəstək gözləyirik.


    Qəbulda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeyin, Dağ Yəhudiləri icmasının başçısı Milix Yevdayev, Avropa yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete və Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili iştirak edirdilər. Azərbaycanda təmsil olunan müxtəlif dini icmaların rəhbərləri də Azərbaycanın çoxmillətli bir ölkə olduğunu qeyd edərək burada bütün dinlərin nümayəndələrinə eyni hüquqların verildiyini, həyat və fəaliyyətləri üçün yüksək şəraitin yaradıldığını söylədilər. Ölkəmizdə mövcud olan tolerantlığın beynəlxalq aləmdə nümunəyə çevrildiyini vurğulayan icma rəhbərləri ölkədə müxtəlif dini konfessiya nümayəndələrinin dostluq, mehribanlıq şəraitində bir ailə kimi yaşadıqlarını diqqətə çatdırdılar.


    Müxtəlif dini konfessiya rəhbərlərinin bu görüşdə bir araya gəlməsinə görə QMİ sədri Şeyxülislam A.Paşazadəyə  təşəkkürlərini bildirən AŞPA-nın həmməruzəçiləri Azərbaycanın tolerantlıq mühitini yüksək qiymətləndirdilər, səmimi qəbula və ətraflı məlumata görə öz təşəkkürlərini bildirdilər.


    Özbəkistan səfiri ilə görüş

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasının Azərbaycana yeni təyin olunmuş  səfiri Şerzod Farziyevi onun öz xahişi ilə qəbul (iyunun 14-də) etmişdir.


    Səfiri səmimi salamlayan Şeyxülislam A.Paşazadə ona gələcək fəaliyyətində uğurlar dilədi, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında mövsud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirdi.


    Azərbaycana təyinat almasından məmnunluğunu bildirən səfir Ş.Farziyev dövlət başçısına etimadnaməsini təqdim etdikdən sonra ilk görüşünü məhz Şeyxülislam A. Paşazadə ilə keçirdiyini xüsusi vurğuladı və bunun QMİ sədrinin nəinki Qafqazda, MDB miqyasında, bütövlükdə İslam dünyasında tanınan nüfuzlu din xadimi olması ilə bağlı olduğunu bildirdi. Özbəkistanın dövlət başçısı İslam Kərimovun Şeyxülislam A.Paşazadənin şəxsiyyətinə böyük dəyər verdiyini dəfələrlə bəyan etdiyini diqqətə çatdıran səfir Ş.Farziyev QMİ sədrinin Azərbaycanın rəsmi nümayəndə heyəti tərkibində, habelə bu yaxınlarda elm və din xadimlərindən ibarət böyük nümayəndə heyətinin başında Özbəkistana etdiyi səfər barədə xoş fikirlərini bölüşdü.


    Şeyxülislam A.Paşazadə, öz növbəsidə, müstəqil Azərbayan və Özbəkistan dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərinin dövlət səviyyəsində təşəkkül tapmasında ümummilli liderimiz Heydər Əiyev və Prezident İslam Kərimovun böyük rolu oynadıqlarını və bu gün də bu münasibətlərin Prezident İlham Əliyevlə Özbəkistanın dövlət başçısının birgə səyləri sayəsində ən yüksək səviyyədə davam və inkişaf etdirilməsini məmnunluqla vurğuladı. 


    Özbəkistanı özünün ikinci vətəni saydığını bildirən Şeyxülislam A.Paşazadə bu ölkədə ali dini təhsil aldığı illəri xatırladaraq, 30 ilə yaxın müddətdə tanıdığı Özbəkistanın dövlət başçısı İslam Kərimovu müdrik şəxsiyyət və müstəqil Özbəkistan dövlətçiliyi üçün böyük işlər görmüş uzaqgörən dövlət xadimi kimi səciyyələndirdi. Ötən il Prezident İslam Kərimova “Şeyxülislam ordeni” təqdim etdiyini xatırladan A.Paşazadə Özbəkistan dövlət başçısına böyük ehtiram bəslədiyini və onun Qarabağ probleminin ədalətli həlli ilə bağlı mövqeyinə görə minnətdar olduğunu vurğuladı.


    İraq parlamenti üzvünün qəbulu

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İraq Parlamentinin üzvü, Yazıçılar Birliyinin sədri Fövzi Əkrəmin başçılıq etdiyi nümayəndə heyətini (iyunun 14-də) qəbul edib.


    Görüşdə xalqlarımız arasında dərin tarixi köklərə malik mədəni əlaqələrin vəziyyəti və perspektivləri müzakirə olunub, qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.


    Rusiyalı qonaqlar Təzəpirdə...


    Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının dövlət qulluqçularından, Gənclərin İctimai Palatası üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olublar.  Rusiyalı qonaqlar (iyulun 4-də) Təzəpir Məscid Kompleksini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, Təzəpir məscidi Nabat xanım Aşurbəyovanın şəxsi vəsaiti ilə ötən əsrin əvvəllərində inşa edilib.


    Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə məscid yenidən təmir olunaraq dindarların ixtiyarına verilib. Kompleksin ərazisi genişləndirilib, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası, Bakı İslam Universitetinin tədris korpusu inşa edilib. Nümayəndə heyətinin üzvləri kompleksin ərazisində aparılan yenidənqurma işlərini yüksək qiymətləndiriblər.


    Sonra qonaqlar Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalı və kitabxanası ilə yaxından tanış olublar. Nümayəndə heyətinə konfrans zalında keçirilən toplantılar, kitabxanada saxlanılan nadir əlyazmalar haqqında ətraflı məlumat verilib, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən nəşrlər hədiyyə edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 589
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30