Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təzə Pir
    Xəlifədam  və ya Təzə pir

    Məlum olduğu kimi, müsəlman aləmində ilk məscidlər 623-cü ildə Mədinədə Məhəmməd Pey ğəmbərin (s) evinin yerində, 630-cu ildə Məkkədə, yəni Kəbədə, 632-ci ildə Canadiyada, VII əsrin 70-ci illərində Sapedə Əl-Cami, Əl-Kəbir, 687-691-ci illərdə Qüds ətrafında Kubbat əz Səhra, VIII əsrin əvvəllərində Qüdsdə əl-Əksa, 708-ci ildə Dəməşqdə Validə və 641-ci ildə Qahirədə tikilmişdir.


    VII əsrin ortalarında İslam dininin Azərbaycanda yayılmasını rəsmiləşdirən tarixi və dini abidələr içərisində məscidlər xüsusi yer tuturdu. Müsəlmanlar bu əra-zilərdə İslam dinini geniş yaymaq məqsədilə ilk növbədə cümə məscidləri inşa edirdilər. Bu məscidlərdən birincisi 733-cü ildə Dərbənddə, ikincisi isə 743-cü ildə Şamaxıda inşa olunmuşdur. Dərbənddə hər məhəllənin öz məscidi tikilməklə, 733-cü ildə ümumşəhər Cümə məscidinin inşa olunması başa çatdı. Geniş bir meydanda şərqdən qərbə doğru istiqamətlənən düzbucaqlı daş hasarla (uzunluğu 67 m, eni 17 m.) əhatə olunmuş Cümə məscidi sütun düzü lüşü ilə kvadrat formada üç hissəyə ayrılırdı. Cümə məscidinin gümbəzlənmiş üstu dini məzmun daşıyan rəsmlərlə bəzədilmişdi. Zəlzələ nəticəsində ciddi zədə almış Dərbənd Cümə məscidi 1368-ci ildə bakılı memar Tacəddin Musa oğlu tərəfindən şəhər hakimi Əfriburzun göstərişi ilə əsaslı təmir olunmuşdur. İlk ərəb məscidlərinin inşasını nəzərə almasaq, Dərbənd Cümə məscidi müsəlman dünyasının Qafqazda ən qədim ibadət yerlərindən biridir. Şamaxıda inşa edilən Cümə məscidi Şirvan ərazisində ən çox diqqəti cəlb edən ilk dini tikililərdən biri idi. İslam dininin əzəmətini nəzərə çarpdırmaq üçün Cümə məscidlərinin memarlığına xüsusi diqqət yetirilirdi. Uzunluğu 47 metr, eni 28 metr olan Şamaxıdakı Cümə məscidinin geniş zalı kvadrat şəkilli üç sərbəst hissəyə bölünmüş və bunlar bir-birilə enli keçidlərlə əlaqələndirilmişdi.
    Azərbaycanda İslam dininin yayılması ilə əlaqədar Bakıda Məhəmməd və ya Sınıqqala məscidi kimi tanınan, Şirvan-Abşeron memarlığının bir çox cəhətlərini özündə birləşdirən bu məscid 1078-ci ildə ustaların başçısı Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunmuşdur. Zəngin dekorativ elementlərlə bəzədilmiş bir otaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir. Tağbəndin çərçivəsi Bakı-Abşeron memarlığı üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə ornamentlərlə bəzədilmişdir. Məscidə bitişik şəkildə qaldırılmış silindrik formalı minarə yuxarıdan karniz üzərinə oturdulmuş daş şəbəkəli müəzzin eyvanı ilə tamamlanır. Minarə daxilində quraşdırılmış vintvari daş pillələr ibadət zalının döşəməsindən başlanır. Minarənin müəyyən yüksəkliyində məscidin damına keçmək üçün qapı qoyulmuşdur. Məscidin damı iri daşlarla döşənmiş, skalantik kəmər boyu ərəb dilində kufi xətlə Quran ayəsi yazılmışdır.
    Bakının qədim dini abidələrindən biri də Bibiheybətdə Şıxlar kəndində inşa olunmuş məsciddir. Həmin məscid dağ döşündə dəniz sahilindən yarım kilometr aralı, yeddinci imam Museyi Kazımın Əməvi xəlifələrinin təqiblərindən qaçıb Bakıya gəlmiş qızının türbəsinin yerində tikilmişdir. Məlum olduğu kimi imam Museyi Kazım 800-cü ildə xəlifə Harun ər–Rəşid tərəfindən Bağdadda öldürülmüşdür.
    Digər bir məlumata görə Xilafətin mərkəzində hakimiyyət uğrunda gedən mübarizədə məsləklərindən dönməyən insanları öz vətənlərini tərk etməyə məcbur edirdilər. Səkkizinci İmam Rza (ə) da ailəsi ilə birlikdə doğma yurdunu tərk edənlər arasında olmuşdur. İmam Rza (ə) Xorasana, qızı və bacısı isə Bakı ətrafına gəlib çıxaraq, indiki Şıxlar kəndinin yerində məskən salmış və burada da vəfat etmişlər.
    Müqəddəslərdən sayıldıqlarına görə onların dəfn olunduğu yerdə türbə və məscid tikilmişdir. İmam Rzanın (ə) bacısının adı Hökumə xanım idi. 825-ci ildə səkkizinci İmam Rza (ə) şəhid olduqda Hökümə (Həkimə) xanım üç uşaqla Məşhəddən Ənzəli şəhərinə gəlmiş, burada Babasucad adlı şəxs onu Ənzəlidən gəmi vasitəsi ilə Bakıya gətirmişdir. Vətəni Mədinəyə qayıtmaq təhlükəli olduğuna görə Hökümə xanım Azərbaycanda qalmışdı. Burada Hacı Bədir adlı bir şəxs onları qəbul edib evində gizlətmiş və məxfilik olsun deyə, öz adını dəyişərək Heybət qoymuşdu. Bibi Heybət məscidi ilə bağlı rəvayətlərin bir qismində Hacı Bədir – Heybət nökər kimi təqdim olunsa da, əslində o, varlı – dövlətli, başqalarını himayəsində saxlamağa qadir olan bir şəxs olmuşdur. Hacı Bədirin Həzrət Hökümə xanıma "bibi" deyə müraciət etməsi isə onun imam övladına hörmət və ehtiramının ifadəsi idi. Heybət Hökumə xanımı bibi çağırdığından məscid də Bibi Heybət, yəni Heybətin bibisinin məscidi adlandırılmışdır. Məscid tikildikdən sonra yeni təriqətin üzvləri–şeyxlər onun ətrafına toplaşdı və kənd onların adı ilə Şeyxlər və ya Şıxlar adlanmağa başladı. Məscidin yanında 20 metrlik yaraşıqlı minarə ucalırdı. Məscidə bitişik türbə, sərdabə və məzarlar var idi. 1900-cü ildə şimal tərəfdən türbəyə bitişik yeni məscid tikilmiş və bununla əlaqədar köhnə məsciddə və türbədə bərpa və dəyişiklik aparılmışdır. Köhnə məscidin cənub divarında ərəbcə kitabə mövcud idi. Kitabədə deyilirdi: "Mahmud ibn Sədin əməlidir". 1301-ci ildə Nardaran kəndində tikilmiş qalada da eyni məzmunda kitabə vardır. Həmin memarın adı İçərişəhərdəki Molla Əhməd məscidinin kitabəsində də çəkilir. Beləliklə, Bibiheybət məscidinin tikilmə tarixini XIII əsrin sonlarına aid etmək mümkündür. Bakı şəhərində diqqəti cəlb edən və əzəmətinə görə xüsusi maraq doğuran məscidlərdən biri də Təzəpir məscididir. Müqəddəslik Təzəpir məscidinin özülündən başlanır. Tədqiqatlar sübut edir ki, məscidin dərin süxur qatları altında mövcud olan turbeyi-şərif  zəmanəsinin görkəmli alimi və övliyası Şeyx Əbu Səid Abdal Bakuyi həzrətlərinə aiddir. Həzrət Əlinin (ə) nəslindən olan bu insan böyük kəramət və fəzilət sahibi, dövrünün tanınmış ziyalılarından biri olmuşdur. Bununla bağlı Abbasqulu ağa Bakıxanov yazır: "Əbu Səid Abdal yoxsul olmasına baxmayaraq, kəramətilə tanınmış və son dərəcə əliaçıq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində bir sovmədə oturub ibadətlə məşğul olurdu. Əbu Səid azacıq mədaxili ilə yanına gələnləri qonaq edirdi. Sultanların fərmanlarına əsasən Şibani nefti və əkinləri onun türbəsinin məsarifinə məxsus idi. Bu ölkənin vəziyyətində əmələ gələn ixtişaş nəticəsində Əbu Səidin məscidi və karvansarası dağılaraq, qəbri və ibadət etdiyi yer torpaq altında qalmışdır. Bu yerdə olan bir neçə ev "Xəlifə damı" adı ilə tanınmağa başlamışdır".
    XIV əsrdə yaşamış Əbu Səid Abdal həzrətlərinin tərcümeyi halından məlum olur ki, o, XII əsrdə Bakıya pənah gətirmiş İmam Museyi Kazımın (ə) qızı həzrət Hökumə xanım ilə eyni soydan olmuşdur. Çünki Şirvanşahların iqamətgahından kənarda yaşayan Əbu Səid diqqəti cəlb etməmək və nəzarətdən yayınmaq üçün özünü dərviş adlandırırdı və tezliklə onun ətrafına toplaşanların mürşidinə çevrilmişdi.
    Tarixən dərviş sözü farsca olub qapı-qapı dolaşan, dilənçi mənasında işlənir. İslam ölkələrində isə bu söz təriqət adamı, təriqətə mənsub olmaq mənasında işlənir. Oturaq həyat keçirən dərvişlərlə yanaşı, onların müsafir həyatı sürən abdalqələndər qolları da var idi. Abdal-qələndərlər də daimi yaşayış yerləri ilə bağlı adamlar idi. Ancaq zaman-zaman mahal və vilayətləri, hətta ölkələri təriqət, yəni yol adamı kimi dolaşmalı, təriqətin ideyalarını insanlara yetirməli idilər. XIV əsrdə dərviş icmaları, xüsusilə abdal-qələndər dərvişlər Ərdəbil əyalətində və Şərqi Anadoluda böyük nüfuz qazanmışdılar.
    Mənbələrdən məlum olur ki, Hülaki xanın nəvəsi Olcaytu Məhəmməd Xudabəndə Əbu Səidin şöhrətini eşidərək onun görüşünə gəlmişdir. Əbu Səidin fəzilətindən təsirlənən Məhəmməd Xudabəndə onunla qardaşlıq əhdi bağlamaqla özünü onun muridi elan edir. Şirvanşah I Xəlilullahın və ülamə Seyyid Yəhya Şirvani Bakuvinin müasiri olan Əbu Səid alim və xeyriyyəçi kimi məşhurlaşsa da, sarayla əlaqə saxlamırdı. Şirvanşahlar sarayı ilə əlaqə saxlamasa da, Şirvanda böyük hörmət sahibi olan Əbu Səid vəfat etdikdə xüsusi hal kimi öz evində dəfn edilir və qəbrinin üzərində türbə inşa edilir. Sağlığında xalqın böyük hörmətini qazanan Əbu Səid vəfat etdikdən sonra da dindarların və naumidlərin yadından çıxmır. Xalq bu yerə pir – ocaq kimi ibadət etməyə başlayır, xəstələr şəfa, mömünlər nicat tapmağa gəlir. Beləliklə, Pirin yerləşdiyi məkan XIX əsrin ortalarına qədər "Xəlfədam" adı ilə tanınmış və sonralar Təzəpir məscidi də bu ərazidə inşa edilmişdir.
    Başqa bir tarixi sənəddə qeyd olunur ki, Bakı şəhərinin əhalisi çoxaldıqca əhalinin bir hissəsi tədricən şəhərin bayırında evlər və daha sonralar məhəllələr salmağa başladılar. İçərişəhərdən bir qədər yuxarı, indiki Təzəpir küçəsində təzə evə köçən bir nəfər özünə su quyusu qazdığı zaman yerin altından bir tikili və tikilinin içindən bir qəbr çıxmışdır. Əhalinin həssas təbəqəsi bu ərazini ziyarətgah kimi qəbul etmiş və ona Təzəpir adını qoymuşdular. Bakıdan və ətraf ərazilərdən Pirə ziyarətə gələnlərin sayı çox olduğundan Şeyx Əbu Səid adlı bir varlı dindar köhnə Türbənin içərisində kiçik məscid tikdirərək ətrafını hasarlayır. Beləliklə, bu yeni tikili el arasında Təzəpir adlandırılmağa başlayır.
    Bakı əhalisinin ən böyük problemlərindən biri içməli su ilə bağlı idi. Təzəpirdə içməli su quyularının olması əhalinin buranı ilin hər fəslində ziyarət etməsi üçün şərait yaradırdı. Bakıda əhalinin artması və ziyarətə gələnlərin sayı çoxaldığı üçün şəhər əsilzadələri bu ziyarətgahı təmir etməyi və genişləndirməyi özləri üçün böyük şərəf sayırdılar.
    Rusya imperatoru I Pyotrun 1722-1723-cü illərdə Xəzər yürüşü zamanı Bakı şəhəri ruslar tərəfindən işğal olundu. I Pyotr rusların Bakıda möhkəmlənməsini təmin etmək üçün şəhərə ermənilərin və kalmıkların köçürülməsi haqqında qərar verdi. I Pyotr müsəlman əhalisinin rəğbətini qazanmaq üçün bildirirdi ki, o, İran şahının dostu olduğu üçün burada yaşayan müsəlmanların xahişlərinə də böyük hörmətlə yanaşacaqdır. Əgər müsəlman əhalisinin müqəddəs tikililərlə bağlı bir xahişi varsa, onu yerinə yetirməyə hazırdır. I Pyotr bu barədə Xəzər yürüşünü həyata keçirən general Matyuşkinə yazırdı ki, müsəlmanların ən kiçik xahişini nəzərdən qaçırma. Əks təqdirdə, biz orada xristian əhalisinin yerləşdirilməsində çətinliklərlə üzləşməli olacağıq. Çalış, müsəlmanların dini ocaqlarının bir neçəsini abadlaşdır. Müsəlmanların etimadını qazanandan sonra xristian tikililərinə rahat başlamaq olar.
    Sənədlərdən məlum olur ki, rusların Xəzər yürüşü zamanı Təzəpirin təmiri ilə bağlı müəyyən işlər görülmüşdür. Cünki Bakı şəhərinə komendant təyin olunan knyaz Baryatinski mərkəzə göndərdiyi raportunda yazırdı ki, Bakı əsilzadələrini və qara camaatı öz tərəfimizə çəkmək üçün əlahəzrət imperatorun əmrinə tam riayət edirik. Bakıda Təzəpir deyilən ibadət yerinin təmirində iştirak etdik. Müsəlman əsilzadələri bizim köməyimizdən istifadə etməyə razılıq versələr də, bizim orada şəxsən iştirak etməyimizi qəbul etmədilər. Hər halda belə bir iştirak da bizi qane
    edir.
    1806-cı ilin əvvəllərində Qafqazda rus qoşunlarının komandanı general Sisianov qurudan Bakı şəhərinə yaxınlaşdı. Sisianov Bakı xanlığının Rusiya tabeliyinə keçməsi haqqında müqavilənin layihəsini Bakı xanı Hüseynqulu xana göndərdi. 
    Bu layihəyə görə xanlığın ərazisi Rusiyaya birləşdirilməli, xanlığın bütün gəlirləri çar xəzinəsinə göndərilməli, xan isə ildə on min manat məbləğində maaş almalı idi. Hüseynqulu xan Sisianovun şərtlərini qəbul etdiyini bildirdi. Eyni zamanda, Hüseynqulu xan təklif edirdi ki, o, Sisianovla şəxsən görüşmək və Bakı darvazasının açarlarını ona təqdim etmək istəyir. Görüşün uğurla nəticələnəcəyinə əmin olan Sisianov fevralın 8-də xanla görüşə getdi. Hüseynqulu xan açarları ona təqdim edərkən Sisianov xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü.
    Rus qoşunları 1806-cı ilin oktyabrında Bakını işğal edərkən Sisianovun ölümündə günahkar bilinənlərə qarşı ən sərt cəza tədbirlərini həyata keçirdilər. Rusların əlindən canını qurtaran Hüseynqulu xanın kürəkəni Qasım bəy bir müddət Təzəpir məscidində və onun həndəvərində gizlənməli oldu. Sisianovun ölümündə təqsiri olmadığını sübuta yetirən Qasım bəy əhd etdi ki, Təzəpir məscidini və Şeyx Əbusəidin türbəsini təmir etdirəcəkdir.
    1813-cü ildə Qasım bəy Bakı komendantı general Bulqakova Təzəpir məscidinin təmir olunmasına icazə verilməsi ilə bağlı müraciət etdi. Lakin Bulqakov Bakı xanı Hüseynqulu xanın İrana qaçmasını və Rusiyaya düşmən mövqeyində qalmasını əsas gətirərək Qasım bəyə rədd cavabı verdi. Qasım bəy ikinci dəfə Bakı camaatı adından çar orqanlarına müraciət etdi. Uzun müzakirələrdən sonra Qafqazın baş hakimi general A.Yermolov 1816-cı ildə Qasım bəyin arzusuna müsbət cavab verdi. Beləliklə, 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy Şeyx Əbu Səidin qəbrini və Təzəpir məscidini əsaslı şəkildə bərpa etdirməyə nail oldu.
    1828-ci ildə Şimali Azərbaycanın Rusiya tərəfindən işğal olunmasından sonra Azərbaycanda, o cümlədən Bakı şəhərində yerləşən dini abidələr, o cümlədən məscidlər və pirlər çar Rusiyasının sərt nəzarəti altına düşdü. Çar hökuməti xristian amilini əsas götürərək Tiflisi siyasi mərkəz seçdi və Cənubi Qafqazın dini mərkəzi də bu şəhərə köçürüldü.
    1859-cu ildə Şamaxıda baş verən zəlzələdən sonra quberniya mərkəzi Bakıya köçdü. Bu zaman Bakının şəhər əhalisinin sayı yeddi minə yaxın idi. Şəhər əsasən Qala divarları içərisində yerləşirdi. Küçələr darısqal, evlər bir-iki mərtəbəli idi. Şəhərdə diqqəti üç böyük bina – Təpədə Şirvanşahlar sarayı, "Qoşa Qala qapısı" və ya Şamaxı darvazaları yanında Bakı xanlığının sarayı və əfsanəvi Qız qalası cəlb edirdi. Bakı quberniya mərkəzinə çevriləndən sonra əhalinin sayı sürətlə artır, qalanın ətrafında, pərakəndə halda olan xırda məhəllələrin arasında yeni, səliqəli məhəllələr salınırdı. Şəhər küçələri get-gedə qaydaya düşürdü. 1870-ci ildən başlayaraq şəhərdə inzibati və ictimai binaların sayı artmağa başladı.
    1864-cü ildə Axund molla Məhəmməd Hüseyn Bakı qubernatoruna "Təzəpir"in həyətində yeni məscidin tikilməsinə razılıq verilməsi haqqında ərizə ilə müraciət etmişdi. Lakin qubernator məscidin bir nəfər tərəfindən deyil, "Müsəlman Cəmiyyəti" tərəfindən tikilməsinin mümkün olduğunu bildirmişdi. Hətta 1872-ci il sentyabrın 11-də məscidin tikinti layihəsi qubernator tərəfindən təsdiq olunmuşdu.
    1874-1885-ci illər üçün Bakı quberniyasının vəqf daşınmaz torpaqları üzrə xəbərlərindən məlum olur ki, Təzəpir məscidinə aşağıdakı torpaqlar daxil idi:
    1.Məscidin həyətinin qərbə tərəf olan küncündə daşdan tikilmiş dükan. Bu dükan üç qapıdan ibarət olaraq Aşağı Təzəpir küçəsinin tini və döngəsində yerləşir, Yuxarı və Aşağı Təzəpir küçələrinə çıxırdı. Sərhədləri bunlar idi: şərqdən - Aşağı Təzəpir, cənubdan – döngə, qərbdən və şimaldan – məscidin həyəti.
    2. Məscidin həyətinin şimal-qərb istiqamətindəki küncündə daşdan tikilmiş dükan mövcud idi. Bu dükan Aşağı Təzəpir və Kamenisti küçələrinin küncündə yerləşirdi. Sərhədləri bunlar idi: qərbdən Aşağı Təzəpir küçəsi, həyət tərəfdən Kamenisti küçəsi, qərbdən və cənubdan – məscidin həyəti. Bu dükan da məscid cəmiyyəti tərəfindən tikilmişdi və vəsiyyətnaməsi haqqında məlumat yoxdur.
    3. Məscidin şimal tərəfi istiqamətində daşdan tikilmiş dörd dükan mövcud idi. Bu dükanlar Kamenisti küçəsində yerləşirdi və sərhədləri şimaldan–Kamenisti küçəsi, şərqdən, cənubdan və qərbdən–məscidin həyəti və məscidin özü ilə əhatələnirdi. Bu dörd dükandan ikisi bir-birinə yaxın olduğu üçün birləşdirilmiş və məscid tərəfindən pulsuz olaraq məktəb kimi istifadə olunmasına icazə verilmişdi.
    4. Məscidin qərb hissəsində səkkiz daş hündürlüyündə tikili mövcud idi. Bu tikili Yuxarı Təzəpir küçəsində yerləşirdi və sərhədləri aşağıdakı kimi idi: Qərbdən Yuxarı Təzəpir küçəsi, şimaldan Kamenisti küçəsi, qərbdən və cənubdan – məscidin həyəti yerləşirdi. Bu binalar məscid cəmiyyəti tərəfindən tikilmişdi. Bu səkkiz tikilidən ikisi məscid cəmiyyətinin razılaşmasına əsasən Bakı sakini Hacı Baloğlan Abbas oğlunun şəxsi hesabına tikilmiş və ona bu iki binadan 1902-ci ilin mayına qədər istifadə etmək hüququ verilmişdi. Bu müddət qurtardıqdan sonra dükanlar məscidin istifadəsinə keçirdi. 1883-cü ildə Bakı şəhər bələdiyyə idarəsi Bakı şəhər əhalisinin xahişini nəzərə alaraq müsəlman dini təşkilatlarına şəhərin mərkəzindəki köhnə müsəlman qəbristanlığında məscidin tikilməsinə razılıq verdi. Bakı şəhər bələdiyyəsi qeyd olunan yerdə məscidin tikilməsi ilə bağlı qərar da çıxarmışdı. Lakin məscidin tikilməsi ilə bağlı ayrı-ayrı imkanlı şəxslərlə "Müsəlman Cəmiyyəti" arasında mübahisələr yarandı və çəkişmələr xeyli vaxt apardı. Müsəlman dindarlarının çəkişmələrini bəhanə edən çar hökuməti bu ərazidə "Qızıllı" və ya "Aleksandr Nevski" kilsəsinin tikilməsinə qərar verdi. Çar III Aleksandr köhnə müsəlman qəbristanlığında (indiki 190 saylı orta məktəbin yerində – A.İ.) möhtəşəm bir xristian kilsəsinin tikilməsi üçün kifayət qədər pul buraxılmasına göstəriş verdi. Akademik Marfeld tikintiyə baş memar təyin edildi. Layihə tamamlananda məlum oldu ki, nəzərdə tutulan məbləğ azlıq edir. Kilsənin tikintisini başa çatdırmaq üçün ianə toplanmasına başlandı.
    Qısa müddət ərzində 200 min manat ianə toplandı, onun 150 min manatı müsəlman əhalisindən yığılmışdı. "Qızıllı kilsə" Bakı şəhərinə xüsusi yaraşıq verirdi. Qızılı rəngə çalan, par-par parıldayan kilsənin qübbələri on kilometrlərlə uzaqdan görünür, səfərdən qayıdan gəmilərin kapitanları səmti bu qübbələrlə müəyyənləşdirirdilər.
    Müsəlman dindarları da sürətlə böyüyən və inkişaf edən Bakı şəhərində möhtəşəm bir dini mərkəzin, yəni məscidin tikilməsinə böyük ehtiyac hiss edirdilər. Doğrudur, Bibiheybət ziyarətgahında orta əsrlərdə tikilmiş məscid gözəlliyinə görə hamını heyran edirdi. Bu abidə təkcə Bakı şəhərinin deyil, həm də Abşeronun ən məşhur və möhtəşəm ibadət yeri idi. Cümə günləri əhali şəhər və kəndlərdən piyada, atla, uzunqulaqla, qazalaqda, faytonda, varlılar isə karetada və avtomobillərdə ziyarətə gəlirdilər. Yazda və payızın ilk aylarında burada zəvvar və dindarların əlindən tərpənmək olmurdu. Bayılı keçəndən sonra Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi yol Bibiheybət dərəsindəki buruqların arası ilə dolana –dolana dağa qalxırdı. Dağın yamacındakı üzü günçıxana baxan məscid qədim qalaları xatırladır, diqqəti uzaqdan cəlb edirdi. Böyük və balaca qübbələr firuzəyi rəngdə parıldayır, göylərə baş qaldırmış minarə günəş altında qızılı rəngə çalırdı. Məscidin ətrafındakı kiçik binalar ağarırdı. Püstə, ərik, söyüd, əncir və çinar ağacları, üzüm tənəkləri bu mənzərəni tamamlayırdı. Dağın döşündəki məsciddən xeyli aralı fəhlələrin qara damları, daxmaları yerləşirdi. Şosse yolları zəmilərin arasından qarala-qarala dağ zirvəsinə qalxırdı. Dərədə bir-birinə sıxılmış, neft və palçığa bulaşmış ağac buruqlar qaralırdı.
    Zəvvarlar məscidin ətrafında palaz, həsir döşəyir, qadınlar imam halvası çalır, xörək bişirir, sacda lavaş salırdılar. Çarşablı qadınlar, çuxalı, arxalıqlı, papaqlı kişilər məscidin qabağında toplaşırdılar.
    Varlılar süfrə açıb əliaşı verirdilər. Müəzzinlər minacat çəkir, dərvişlər qəsidə oxuyurdular. Məscidin həyətində, eyvanlarda zəvvarlar qarışqa kimi qaynaşırdılar. Başı əmmaməli, əynində ləbbadə və əba olan şeyxlər uzaqdan diqqəti cəlb edirdilər. Onlar savadsız və avam zəvvarlar üçün ziyarətnamə oxuyurdular. Bibiheybət məscidinin içərisi qaranlıq və rütubətli idi. Pəncərələrdən zəif, dumanlı işıq süzülürdü. Abı rəngli uca tavan göy qübbəsini xatırladırdı. Baş tərəfdə, mehrabın yanında minbər dururdu, yerə həsir, palaz, köhnə xalça-kilim döşənirdi. Burada həmişə namaz qılanlara rast gəlinirdi. Ortadakı qəbri zəvvarlar dövrəyə alırdılar. Uşağı olmayan gəlinlər, ərə getmək istəyən qızlar, zürriyyətsiz kişilər, dili tutulanlar, karlar, korlar, bir sözlə min bir dərdə düçar olanlar özlərini qəbir daşına, dəmir məhəccərlərə bağlayıb, dua edə-edə, ağlaya-ağlaya Bibidən, daş məqbərədən dərdlərinə çarə, azarlarına şəfa diləyirdilər.
    Orucluq və qurban bayramlarında, Peyğəmbərin mövludu günlərində Bibiheybət məscidində tərpənmək olmurdu. Amma qış aylarında, yağışlı və qarlı günlərdə ziyarətə gələnlərin sayı azalırdı. Bu səbəbdən Bakı dindarları Bakının mərkəzində möhtəşəm bir məscidin tikintisində israrlı idilər. İçəri şəhərdə onlarla məscidin olmasına baxmayaraq, onların həcmcə kiçik olması və uzaqdan diqqəti cəlb edə bilməməsi, Bibiheybət məscidinin isə şəhərdən uzaqda yerləşməsi "Təzəpir" məscidinin yerində yeni bir məscidin tikilməsini zəruri edirdi.
    Bakı şəhər Dumasının köhnə müsəlman qəbristanlığında məscidin tikilməsi haqqında qərarının uzun müddət icra olunmaması, onun yerində Qızıllı kilsənin tikilməsi müsəlman dindarların ciddi narazılığına səbəb oldu. Ona görə də məscidin tikilməsi ilə bağlı əlaqədar təşkilatların razılığı və qərarından sonra məscidin kim tərəfindən maliyyələşdirilməsi mübahisə doğurmadı.


    (ardı var)
    Anar İskəndərov
    tarix elmləri doktoru, profesor

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 793
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30