Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şeyx Nəsimi: Tarixi həqiqətlər, həyəcanlı anlar
    Taledən gələn ömür payımda bir çox ölkələrdə olmuş, səfər qeydləri və hətta kitablar da çap etdirmişəm. Lakin noyabrın 10-17 arası Suriyaya səfərimizi əhəmiyyətinə görə heç bir səfərlə müqayisə etmək olmaz. Bu səfərin həyəcanlı anları bir ömrə bəs edər.
    Biz Suriyaya Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Azərbaycan səfirliyinin uğurla həyata keçirməkdə olduğu müqəddəs bir işin yerinə yetirilməsində yardımçı olmaq amacı ilə gəlmişdik.
    Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Heydər Əliyev adına Fondun memarı Rüstəm Muxtarov, bərpaçı Telman Kərimli, Milli Elmlər Akademiyasından akad. Bəkir Nəbiyev, Akademiyanın müxbir üzvü Teymur Kərimli, f.e.n. Səadət Şıxıyeva və mən daxil idik.

    Bakıdan birbaşa Hələbə uçan təyyarəmizi hava limanında səfirimiz Mahir Əliyev və səfirliyin işçiləri qarşıladılar. «Riqa» adlanan səliqə-sahmanlı mehmanxanada yerləşdik və mehmanxananın zalında Hələb valisinin müavini, cənab Məhəmməd Kaccah və Hələb Mədəniyyət İdarəsinin müdiri Məhəmməd Qattanla görüşdük. Elə buradaca bizə Nəsiminin məqbərəsinin baxıcısı, ucaboy bir şəxsi – Məhəmməd Nəsimini təqdim etdilər. Mat qalmışdıq. Təsadüfə bax Məhəmməd Nəsimi M.Abdullayevin «Nəsimi» portretinə və Rasim Balayevin yaratdığı Nəsimi obrazına oxşayırdı.
    Cənab Məhəmməd Kaccahın bir cümləsi hamımızı həyəcanlandırmışdı: «Biz hamımız Nəsiminin övladlarıyıq».
    Sevincdən özümüzə yer tapmırdıq. Doğrudur, biz Nəsimiyə Hələbdə yaxşı münasibət olduğunu bilirdik. Mən özüm dəfələrlə Hələbdə Nəsiminin adına küçə və təkyə olduğunu, şairin məsciddə dəfn olunduğunu, qohumlarının XV əsrdən başlamış məscidin həyətində basdırıldıqlarını, qəbrinin üstündə «Şeyx Nəsimi» yazıldığını Azərbaycanda və İraqda çap olunan məqalələrimdə göstərmişdim.
    Az sonra hamımızın səbirsizliklə gözlədiyimiz an gəlib çatdı. Cənab /Məhəmməd Kaccah, Məhəmməd Qattan və səfirimiz Mahir Əliyev başda olmaqla Nəsiminin məqbərəsini ziyarətə yola düşdük. Nə gizlədim, çox həyəcan keçirirdim. Mənbələrə əsasən yazdıqlarım görəsən həqiqətdən uzaq deyil ki, - deyə fikirləşirdim. Allaha şükür ki, yazdıqlarımla gördüklərimiz üst-üstə düşdü. Akademik Bəkir Nəbiyevlə Nəsiminin məzarını qucaqlayıb öpəndə göz yaşlarımızı saxlaya bilmədik. 
    Nəsiminin məzarının üstündə ərəbcə yazılıb: «Bu, şəhid bəndə, böyük sufi arif, Allahın dostu, Şeyx Əli İmadəddin Nəsiminin qəbridir. O, 824 hicri ilində (əslində 820 hicri – Q.P.) şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Qəbri müqəddəs olsun».
    Nəsimi təkyəsində gözəl hərflərlə lövhədə yazılmışdır:  «Həzrət Nəsimi təkyəsi». Aşağıda isə təkyə barədə məlumat verilmişdir: «Nəsimi təkyəsi qədim bir məscid idi. Burada 820 hicri – 1417 miladi ilində İmadəddin Nəsimi dəfn edilmişdir. Təkyə onun adı ilə adlandırılmışdır. Bu, Məmluk sultanı Məlik əl-Müəyyəd Şeyxin zamanında (Məmluk dövründə) olmuşdur».
    Şairin məqbərəsindən sevinc və kədər dolu hisslərlə döndük.
    Valinin müavini cənab Məhəmməd Kaccah bizdən ayrılanda «Möhtərəm müşavir, dünyada böyük şəxsiyyətlər çox olub. Lakin Makedoniyalı İskəndər daxil olmaqla, onların çoxunun qəbri itib, yoxa çıxıb. Nəsimi isə Allahın kəraməti ilə 600 ilə yaxındır ki, Hələb şəhərinin mərkəzində uyuyur. Onu siz qoruyubsunuz. Buna görə biz Suriya dövlətinə, suriyalılara minnətdarıq» - dedim. Akademik Bəkir Nəbiyev əlavə etdi: «Ələlxüsus hələblilərə». Müşavir çox məmnun oldu.
    Ertəsi gün Hələb  valisi cənab Tamir əl-Həcci ilə unudulmaz bir görüş oldu. Bu, elə-belə görüş deyildi. Tarixi görüş idi. Vali hamımızla görüşəndən sonra dedi: «Yaradandan təmənna edək ki, bu görüş əlaqələrimizə təkan versin. Mən hiss edirəm ki, belə də olacaq. Nəsimi ilə bağlı müştərək elmi konfrans, şairin məqbərəsinin və ətrafının abadlaşdırılması məsələsi mənə məmnunluq gətirir. Keçmişə ehtiram böyük işdir».
    Bütün görüşlərdə iştirak edən, bizi istiqamətləndirən səfirimiz cavab nitqində dedi: «Azərbaycan nümayəndə heyətinə elm və mədəniyyət adamları, eləcə də görkəmli memarlar daxildir. Cənab vali, biz sizinlə həm mədəniyyət, həm elm, həm də tarixən eyniyik. Hətta xarici görkəmdə də suriyalılar və azərbaycanlılar arasında çox oxşarlıq vardır. Qürur hissi ilə demək istəyirəm ki, tariximizin qızıl hərflərlə yazılan dövrü başlayıb. Biz indi azadıq. Dövlətimiz müstəqildir. Əminəm ki, Allahın köməyi ilə ərəb-Azərbaycan, o cümlədən də A/zərbaycan-Suriya əlaqələri qüvvətlənəcək».
    Bundan sonra müştərək bərpa komissiyasının rəyi dinlənildi və göstəriş verildi ki, valinin müavini Məhəmməd Kaccahın rəhbərliyi ilə komissiya işi davam etdirsin. O da xüsusi vurğulandı ki, Nəsiminin məqbərəsi və məscid tarixi abidə kimi YUNESKO-nun nəzarətində olduğuna görə divarlarda və tavanda çatların olduğu göstərilsin və bərpa işlərinin zəruriliyi əsaslandırılsın.
    Beləliklə, F.Babayev və memarlar suriyalı həmkarları ilə davamlı tədqiqata başladılar ki, bir neçə variantda təkliflərini versinlər. Biz isə Nəsimiyə həsr olunmuş iki günlük müştərək elmi konfransa başladıq. Birinci gün konfrans Hələb şəhərinin Mədəniyyət Mərkəzinin böyük zalında keçirildi. Konfransın açılışında cənab Məhəmməd Qattan, cənab Məhəmməd Kaccah və səfirimiz Mahir Əliyev çıxış etdilər. Cənab Məhəmməd Qattan Nəsimi yaradıcılığına nəzər saldı və Suriyada Nəsimiyə bir şair və şəxsiyyət kimi böyük ehtiram göstərildiyini qeyd etdi.
    Hələb valisinin müavini cənab Məhəmməd Kaccah isə çıxışında Nəsiminin məzarını ziyarətimizdən, şairin uyuduğu məsciddən, Nəsimi təkyəsindən, Nəsimi adına küçədən, Nəsimi ailəsinin məscidin həyətindəki qəbirlərindən, Nəsimi şəcərəsinin davam etdiyindən, Nəsimi məqbərəsinin qorunmasına məsul şəxs Məhəmməd Nəsimidən və s. söz açdı. Nəsiminin uyuduğu Hələbdə anadan olan Cəlaləddin Rumi kimi böyük şəxsiyyətlərdən bəhs etdi. Nəsimi məqbərəsinin Hələb şəhərini şərəfləndirdiyini xüsusi vurğuladı. – Nəsimi ilə biz fəxr edirik. O, həm sizin, həm də bizim şairimizdir, – dedi.
    Azərbaycanın Suriyadakı səfiri Mahir /Əliyev Suriya ilə Azərbaycanın inkişafından, azadlıq mücadiləsində oxşarlıqlardan, Suriyada sabiq Prezident Hafiz Əsədin, Azərbaycanda ulu öndərimiz Heydər Əliyevin xalq qarşısında xidmətlərindən, Prezident İlham Əliyev və Prezident Bəşar Əsədin ölkələrimizin gələcəyi naminə titanik fəaliyyətindən danışdı. Nəsimi ilə bağlı Prezidentimizin təşəbbüsü və tapşırığından söz açdı və dedi ki, cəmi altı ay bundan öncə məni Suriyaya səfir göndərəndə möhtərəm Prezidentimiz göstəriş verdi ki, etimadnaməmi Suriya Prezidentinə təqdim edəndə Nəsiminin məqbərəsinin və ətrafının abadlaşdırılmasına icazə verilməsi barədə Prezidentimizin istəyini ona çatdırım. Nəinki icazə verildi, Prezident Bəşar Əsəd müştərək komissiyanın yaradılması barədə göstəriş verdi. Budur, dünən və bu gün mütəxəssislər birgə çalışırlar. Nəsiminin nəinki məqbərəsi, təkyəsi, uyuduğu məscid bərpa olunacaq, ətraf da qaydaya salınacaq. Bütün bunlara görə Suriya Prezidenti möhtərəm Bəşar Əsədə minnətdarlığımızı bildiririk. Eyni zamanda, Azərbaycan nümayəndə heyətinə hər cür köməklik göstərən Hələb valisi cənab Tamir əl-Həcciyə və müavini cənab Məhəmməd Kaccaha təşəkkürlərimizi çatdırırıq.
    Açığını deyim ki, səfərimizin tarixi əhəmiyyətini səfirimizin çıxışından sonra dərindən duydum. Səfirimizin dediyinə görə bu ilin iyul ayında İslam ölkələrinin Turizm Nazirlərinin VI konfransında iştirak edən Mədəniyyət və Turizm nazimiz Əbülfəs Qarayev də Suriya Mədəniyyət, Turizm, eləcə də Xarici İşlər nazirləri ilə görüşləri zamanı bir daha Nəsimi ilə bağlı bu müqəddəs məsələni gündəmə gətirmişdi. Bütün bunları biləndən sonra alimlərimiz konfransda əzmlə çıxış etməyə hazırlaşdılar.
    Konfransda «Azərbaycan şerində Nəsimi möcüzəsi» mövzusunda məruzə üçün ilk söz akad. Bəkir Nəbiyevə verildi. Sonra suriyalı alim, vaxtilə Hələb Universitetinin rektoru olmuş prof.Dr. Bəkri Şeyx Əmin Nəsimi yaradıcılığına dair məruzə etdi. Məruzəsini bu cümlə ilə bitirdi: «Nəsiminin bizim ölkədə uyuması bizə şərəf gətirir».
    AMEA-nın müxbir üzvü Teymur Kərimli «Nəsimi yaradıcılığında humanizm» mövzusunda, suriyalı alim Dr. Məhəmməd Kəmal «Nəsiminin qətli və səbəbləri» mövzusunda məruzə etdilər. Bütün məruzələr böyük maraq doğurdu. Bunu zalda əyləşənlərin çoxsaylı suallarından da görmək olurdu. Maraqlıdır ki, konfrans başlayanda zalda yerlərin yarısı boş idi. Konfransın sonuna yaxın bir yer belə boş qalmamışdı. Bu, ağıllı adamlara məxsus incə yumoru ilə seçilən Bəkir müəllimin diqqətindən yayınmadı: «Deyəsən məruzələrimiz o qədər xoşunuza gəlib ki, telefon açaraq dost-tanışları dəvət edibsiniz».
    Bəkir müəllimin zarafatı yerinə düşmüşdü. Hamı əl çaldı, ağsaqqal alimimizi alqışladı.
    Axşam saat 9-da mətbuat konfransı oldu. Konfransda Nəsimiyə dair verilən suallardan belə qənaət hasil oldu ki, Hələb şəhərində şairə laqeyd deyillər. Şairin məqbərəsinin ziyarətgaha çevrilməsi isə onun yaradıcılığına və şəxsiyyətinə ehtiramdan xəbər verir. Konfransda Azərbaycan-Suriya əlaqələrinə dair suallar da cavablandırıldı.
    Azərbaycanda Nəsimi yaradıcılığına dair hansı işlər görülüb - sualına akad. Bəkir Nəbiyev hərtərəfli cavab verdi. S.Mümtazın 1926-cı ildə çap olunan kitabından başlayaraq, akad. H.Araslı, prof. M.Quluzadə, prof. C.Qəhrəmanov, AMEA-nın müxbir üzvü Ə.Səfərli, prof. Z.Quluzadə və başqalarının tədqiqatlarından söz açdı. Onu da əlavə etdi ki, Bakıda Nəsiminin möhtəşəm heykəli ucalır, Milli Elmlər Akademiyamızın Dilçilik İnstitutu və Bakının ən böyük rayonlarından biri şairin adını dayışır. Şairin 600 illik yubileyi ilə əlaqədar Bakıda Beynəlxalq konfrans keçirilib. Alim Hələb şəhərində Nəsimiyə dair müştərək konfransın keçirilməsini görülən işlərin davamı və məntiqi nəticəsi kimi qiymətləndirdi.
    Ertəsi gün konfras öz işini Hələb Universitetinin böyük zalında davam etdirdi. Onu da deyim ki, universitetdə 130 min tələbə təhsil alır. Onların 35 mini filologiya fakültəsinin tələbələrinin payına düşür. Konfransın ikinci günü ilk məruzə ilə mən çıxış etdim: «Nəsiminin İraq Divanı və şairin həyat və yaradıcılığına yeni baxış» mövzusunda məruzəmdə göstərdim ki, Nəsiminin İraq Divan nüsxəsi ən kamil, mükəmməl, geniş əlyazma nüsxəsidir.
    Şübhəsiz, buna görədir ki, Nəsiminin ayrıca kitab kimi çap olunan yeganə Divan nüsxəsidir (Bax: İmadəddin Nəsimi. İraq Divanı. Bakı, «Yazıçı», 1987, 336 s.)
    Nəsiminin İraq Divan nüsxəsi üzərində tədqiqat apararkən qəribə bir mənzərənin şahidi olmuşdum. Divan nüsxəsində yer alan şeirlərin üçdə bir hissəsindən çoxu Allaha, İslam dininə, Peyğəmbərimizə və başqa müqəddəslərə həsr olunub. Sovet dönəmində bu barədə söz açmaq asan deyildi. Odur ki, kitabda onların yalnız ilk və son beytlərini verə bilmişdim (s. 256-279).
    Bu şeirlərdən hasil olan qənaət odur ki, Nəsiminin Allaha sevgisi hüdudsuzdur. Belə olan halda onun allahsızlıqda təqsirli bilinərək qətlə yetirilməsi nə qədər inandırıcı olardı? Apardığımız tədqiqatlar bizim haqlı olduğumuzu sübut etdi.  Hələb canişini Yəşbək Abdulla əl-Yusifinin israrla şairin ölümünə fitva verilməsini tələb etməsinə baxmayaraq, Hələb qaziləri fitvadan imtina etmişdilər. Bəlkə bu işdə şairin dini şeirləri də onların dadına çatmışdı, bilmirəm. Bir onu bilirəm ki, şairi dini görüşlərinə görə deyil, siyasi baxışlarına görə edam etmişdilər. Bunu Misir sultanı Müəyyədin əmrindən, eləcə də şairin müasirləri ibn Həcər əl-Əsləqani (1372-1449), Şəmsəddin Səxavi (1427-1497), Müvəffəqəddin Əhməd ibn İbrahim əl-Hələbi (XV əsr) və başqalarının əsərlərindən də görmək olur. Gün kimi aydındır ki, Nəsimi dini etiqadına görə edam edilsəydi, məsciddə dəfn olunmazdı, ona məqbərə tikilməzdi. Türbəsi ziyarətğaha çevrilməzdi. Adına küçə qoyulmazdı, təkyəsi olmazdı. Təkyənin üstündə «Həzrət Nəsimi», türbəsinin üstündə «Şeyx Nəsimi» yazılmazdı.
    Mən danışdıqca hiss edirdim ki, mənimlə yanaşı oturan Hələb müftisi Dr. Mahmud Əkkam həyəcan keçirir. Narahat oldum. Fikirləşdim ki, bəlkə mənimlə razılaşmır. Lakin belə deyilmiş. Burada xüsusi vurğulamağa dəyər ki, elə müftinin konfransda iştirakının özü Nəsiminin ruhuna böyük ehtiram idi. Lakin o, məndən sonra «Nəsimi və sufilik» mövzusunda çox maraqla qarşılanan məruzə etdi. Dr.Mahmud Əkkam məruzəyə başlamazdan əvvəl dedi: «Prof. Paşayevin məruzəsindən çox təsirləndim. Nəsiminin başına gətirilən bəlalara, ona verilən işkəncələrə görə üzr istəyirəm. Bu hələblilərin işi deyil, Hələbdəki gəlmələrin və onların havadarlarının işi idi. Təsəllini onda tapırıq ki, Hələb Nəsimini öz oğlu kimi qoynunda uyutdu və bu gün də uyudur. Mən Nəsimiyə həmişə dua oxuyuram. Çünki o, haqq yolunda şəhid olub. Haqsız işkəncələrə məruz qalıb. Yaradandan təmənna edirəm ruhu şad olsun. Bu gün də həmişə olduğu kimi, Hələbdə şairin adı ehtiramla yad edilir, ona işkəncə verənlər lənətlənir».
    Dr.Mahmud Əkkam məruzəsini ərəb müğənnisi Əbdül Vahabın mahnısındakı çox mənalı sözlərlə başladı: «Gəldiniz, qardaş olduq» və Nəsimiyə məhəbbətlə sufilikdən söz açdı.
    Sonra azərbaycanlı Nəsimişünas alim Səadət Şıxıyeva «Nəsiminin irfani görüşləri» adlı maraqlı məruzə ilə çıxış etdi. Son olaraq Hələb Universitetinin müəllimi Dr.Hüsseyn əl-Siddiq məruzəsində Nəsiminin həyat və yaradıcılığından söz açaraq şairin təkcə fiziki deyil, mənəvi əzaba da məruz qalmasını ön plana çəkdi.
    Sonra isə məruzələr ətrafında müzakirələr oldu və çoxsaylı suallar cavablandırıldı. Mənim  «Nəsimi hansı meydanda çarmıxa çəkilib? - sualımla əlaqədar yalnız onu deyə bildilər ki, «Nəsimi Hələb qalasında qətlə yetirilib».
    Bizə qalarsa, Nəsimi «Saat qulləsi» ucalan meydanda çarmıxa çəkilib. Lap qədim zamanlardan ağır cinayətlər törədən, günahsız insanları xüsusi amansızlıqla qətlə yetirən adamları burada səhər-səhər asarlarmış. Bu adət zəmanəmizə qədər davam edib. Dr.Hüsseyn əl-Siddiqin Hələb müftisinə ünvanladığı «Nəsiminin qətli ilə bağlı niyə üzr istəyirsiniz? - sualına Dr.Mahmud Ə/kkamın cavabı hamını qane etdi: «Biz ona görə üzr istəyirik ki, hadisə Hələbdə baş verib. Doğrudur, bu işdə hələblilərin heç bir günahı olmayıb. Nəsiminin qətlinə fitva verənlər gəlmələr idi».
    Noyabr ayının 13-də Hələb qalasını ziyarət etdik. Ömrümdə çox qalalar görmüşəm. Bu möhtəşəmlikdə, bu əzəmətdə qala görməmişəm. Yeni eradan əvvəl inşa olunan bu qala XIII əsrdə –məmluklar və sonralar Osmanlı imperiyası dövründə bərpa olunmuş, məscidə azan vermək üçün minarə əlavə edilmişdir. Elə həmin gün Hələbdən Dəməşqə yola düşdük.
    Vaxtilə Hələblə Dəməşq arasında Qara Türkman xanlığı yerləşən bu yerlərdə türkman kəndlərinə rast gəlmək olur. Ümumiyyətlə, Hələb ətrafında 60-dan çox türkman kəndi vardır. Hələbdə bizimlə görüşə gələn türkmanlar çox idi. Onlar da azərbaycanca danışırlar. İxtisasca hüquqşünas olan Əli Öztürkman və idxal-ixracla məşğul olan Əli Bəşir bizdən ayrılmır, tez-tez «Özümüz burda, ruhumuz Azərbaycandadır» - deyirdilər.
    Noyabrın 14-də Azərbaycanın Suriyadakı səfirliyində görüş oldu. Görüşdə bütün günü bizimlə olan Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı da iştirak edirdi. Səfirliyimiz Dəməşqin ən baxımlı yeri – Məzzə prospektində yerləşir. Binanın üstündə Azərbaycan bayrağının dalğalandığını, fasadını isə gerbimizin bəzədiyini görəndə ürəyimiz qürurla döyündü. Müstəqilliymizin dadını dərindən duyduq. Vətəndə insan adətən belə hisslərin fərqinə o qədər varmır.
    Onu da deyim ki, səfirliyin böyük zalını ümummilli liderimiz Heydər Əliyev və Suriyanın sabiq Prezidenti Hafiz Əsədin birgə portreti, Prezidentimiz İlham Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Suriyanın birinci xanımı Əsma əl-Əsədin birgə çəkilmiş portretləri bəzəyir. Həmin günü şəhərlə tanışlıqla keçirdik. Əməvilər dövründən ölkənin paytaxtı olan Dəməşq gözəl şəhərdir. Onun gözəlliyini şimal tərəfdən uzanıb gedən Qasyon dağ silsiləsi daha da artırır. Dağın zirvəsi başdan-başa istirahət yerləri ilə örtülmüşdür.
    Dəməşq şəhərində ən məşhur yer Əməvilər məscididir. Bu möhtəşəm abidəni miladi 705-ci ildə (86 h.) Xəlifə Vəlid ibn Əbdülməlik tikdirmişdir. Yaqub peyğəmbər və ərəb aləminin əfsanəvi qəhrəmanı Səlahəddin burada dəfn olunmuşlar. Odur ki, ziyarətgaha çevrilmişdir. Başqa bir  ziyarətgah isə İmam Əlinin qızı xanım Zeynəbə məxsusdur. Məscidi və ziyarətgahı iranlılar tikdirmişlər. Burada qəribə görünən bir məsələnin şahidi olduq. Ziyarətgahın həyətində bir-birindən cəmi 30-40 metr aralı azan vermək üçün iki minarə vardır. Onlardan biri sünnilərə, o biri isə şiələrə məxsusdur.
    Suriya Milli muzeyində də olduq. Bu çox zəngin muzeyin bələdçisi Bəsarin həyat yoldaşı azərbaycanlı idi. Səlimə xanım bizim muzeyə gələcəyimizdən xəbər tutaraq oğlanları - altı yaşlı Samir və dörd yaşlı Yusiflə bizim görüşümüzə gəlmişdi. Oğlanların hər ikisi həm ərəb, həm də azərbaycanca sərbəst danışırdılar. Gözlərindən vətən həsrəti oxunan Səlimə xanımın qərib ölkədə övladlarına Azərbaycan dilini öyrətməsi bizi duyğulandırdı.
    Noyabrın 15-də Dəməş Dövlət Universitetinin rektoru, prof. Dr.Vael Müəllanın görüşünə getdik. Rektor səfirimizlə qucaqlaşıb öpüşdü. Maraqlıdır ki, hər yerdə səfirimizi özününkü kimi qəbul edir, qucaqlaşıb öpüşür, şirin-şirin zarafatlaşırdılar. Bunun sirri aydın idi. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunu Mahir Əliyev uzun müddət ərəb ölkələrində tərcüməçi işləmişdi. Həm ərəb dilini mükəmməl bilir, həm də ərəblərin adət-ənənələrini yaxşı bilirdi.
    Professor Vael Mualla hamımızın əlini səmimiyyətlə sıxaraq dedi ki, sizin Suriyaya gəlişinizi eşidən kimi sizinlə görüşmək arzusunda olduğumu bildirdim.  Sonra professor Vael Mualla qısaca olaraq universitetin fəaliyyətindən söz açdı. Universitetdə 120 min tələbənin, 1700 professor-müəllim heyətinin, universitetin 16 fakültəsinin, ölkədə yeddi filialının olmasından, Suriyada beş dövlət, on bir özəl universitetin fəaliyyət göstərməsindən, Dəməşq universitetində ərəb, ingilis, yapon, fars, fransız dillərinin öyrənilməsindən, lap yaxın vaxtda çin və türk dillərinin də tədrisinə başlanacağından və kafedraların açılacağından bəhs etdi. Gələn ilin fevralında universitetdə keçiriləcək elmi konfransda iştirak etməyimizi arzu etdi. Xüsusi vurğuladı ki, elmi və mədəni əlaqələr digər əlaqələrə yol açır.
    Səfirimiz cavab nitqində təşəkkür etdi və Azərbaycan təhsil sistemi haqqında məlumat verdi və tələbə mübadiləsinin zəruriliyindən söz açdı: Cənab Vael Mualla biləndə ki, bizə tərcüməçilik edən Elnur Məmmədzadə azərbaycanlıdır, səfirliyin ikinci katibidir, təəccübləndi və dedi: «Biz ərəb dilini ondan öyrənməliyik».
    Təbii ki, qürur hissi keçirdik və ürəyimizdə BDU-nun Şərəqşünaslıq fakültəsinin müəllimlərinə minnətdar olduq.
    Noyabrın 16-da Dəməşqdə iki mühüm görüşümüz vardı: Milli Ensiklopediya və Yazıçılar Birliyində.
    Suriya Ensiklopediyasının prezidenti Məhəmməd Əziz Şükri qeyd etdi ki, Ensiklopediya üzərində işə 1952-ci ildə başlayıblar. 28 cilddə nəşr olunub. Ərəb aləmində inanmırdılar ki, belə bir işin öhdəsindən gəlmək olar. Ensiklopediyamızda səhvlər də var. Lakin bununla belə biz ensiklopediyamızla fəxr edirik. Gələcəkdə səhvləri düzəldəcəyik. Biz indi ixtisaslaşdırılmış (sahələr üzrə) ensiklopediyalar üzərində işləyirik. Birinci cildi 2009-cu ildə çıxacaq. Ensiklopediyamızın da yeni nəşrini hazırlayırıq. Kanadada çap olunacaq. Xahişimiz budur ki, Azərbaycanla bağlı məqalələrdə səhvlər varsa, onları göstərməklə məqalələr yazmaq üçün bizə Azərbaycan tarixi, Azərbaycan dili, incəsənəti barədə ərəbcə məlumat göndərəsiniz.
    Gözləmədiyimiz halda Əziz Şükri dedi: «Mən Bakıda olmuşam. Bakı və yeməkləriniz çox xoşuma gəlib. Arzu edirəm ki, qismət olaydı bir də Azərbaycana gələydim».
    Akademik Bəkir Nəbiyev səmimi sözlərinə görə cənab Əziz Şükriyə təşəkkür etdi. Sizin ensiklopediya barədə bir onu deyə bilərəm ki, müstəqil dövlətin ensiklopediyası elə belə gözəl olarmış. Biz sizə minnətdarıq ki, ensiklopediyanızda çox doğru olaraq ermənilərin Azərbaycana İran və Türkiyədən köçüb gəlmə olduqlarını dəqiqliklə göstərmisiniz.
    Bununla bərabər deməliyəm ki, Azərbaycanla bağlı ensiklopediyanızda verdiyiniz materiallarda bir az köhnəlik duyulur. Sizə Azərbaycanla bağlı kifayət qədər material: şəkillər, illüstrasiyalar, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə məlumat göndərəcəyik.
    Bəkir müəllim Nəsimi ilə bağlı konfransdan söz açanda ensiklopediyanın prezidentinin müavini Nəbil əl-Həffar pıçıltı ilə mənə dedi ki, iki il öncə Əbdül Fəttah Qəlaçının Nəsimiyə həsr olunmuş «Şərafətli hökmdar» adlı əsəri Hələbdə səhnəyə qoyulub və göstərilib. Prof.Dr.Nəbil Əl-Həffar gözəl xətlə müəllifin və əsərin adını qeyd dəftərimə yazdı. Onu da deyim ki, akad. Bəkir Nəbiyev həmin əsərin surətini əldə etdi və Azərbaycana gətirdi.
    Gözəl əhval-ruhiyyə və təəssüratla hörmətli elm alamlarından ayrılıb Yazıçılar Birliyinə üz tutduq. Yazıçılar Birliyinin sədri Dr.Hüseyn Cuma və Birliyin İdarə Heyətin üzvləri bizi böyük ehtiram və sevinclə qarşıladılar. Dr.Hüseyn Cuma bizi Yazıçılar Birliyinin işi ilə tanış etdi. Məlum oldu ki, Suriya Ərəb Yazıçılar Birliyinin 900 üzvü var.
    Yazıçılar Birliyi sərbəstdir. Dövlətin heç bir strukturuna tabe deyil. Hər beş ildən bir seçki olur. Yazıçılar Birliyi 25 nəfərdən ibarət Şura seçir, Şura isə öz növbəsində 9 nəfərdən ibarət İdarə Heyətini, İdarə Heyəti isə sədri seçir. Plan əsasında yazıçıların kitabları çap olunur. Xəstələnən yazıçıların xəstəxana xərcləri ödənir. Yaşa dolan yazıçılara az-çox təqaüd kəsilir. Yazıçılar dövlətdən nə maaş, nə də təqaüd alır. Akad. Bəkir Nəbiyevin «Bəs onlar nəyin hesabına kitablarını çap etdirirlər, necə dolanırlar?» sualına Dr. Hüseyn Cumanın cavabından məlum oldu ki, Suriyanın sabiq prezidenti Hafiz Əsəd vaxtilə Dəməşqin mərkəzində səkkiz mərtəbədən ibarət möhtəşəm bir bina tikdirərək yazıçılara hədiyyə edibmiş. Bir mərtəbədə Yazıçılar Birliyi fəaliyyət göstərir, qalan mərtəbələri isə icarəyə verərək əldə edilən gəlirlə fəaliyyət göstərir və dolanırlar. Dr.Hüseyn onu da dedi ki, Çin və Rusiya ilə kitabların çapı barədə müqavilələri vardır. Arzu etdi ki, Azərbaycan Yazıçılar Birliyi ilə də gələcəkdə belə bir müqavilə bağlansın. Dinimizin bir, adət-ənənələrimizin demək olar ki, bir olduğundan oxucular hər iki ölkədə çap olunan kitablara daha çox maraq göstərərdilər.
    Akademik Bəkir Nəbiyev maraqlı məlumat üçün təşəkkür etdi və dedi ki, prof. Q.Paşayev Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir.
    Təklif edirəm Yazıçılar Birliyinin fəaliyyəti və strukturu barədə o danışsın.
    Mən hazırda Yazıçılar Birliyimizin 1400-ə yaxın üzvü olduğundan, rəhbər orqanların beş ildən bir Yazıçıların qurultayında seçildiyindən, Yazıçılar Birliyinin sədri, dörd katibi olduğundan, burada nəsr, poeziya, tərcümə, uşaq ədəbiyyatı, dramaturgiya, tənqid və ədəbiyyatşünaslıq seksiyalarının olduğundan, komissiyalardan, Yazıçılar Birliyinin Suriyadakı kimi sərbəst olmağından, ulu öndərimiz Heydər Əliyevin Xəzər dənizi sahilində yeddi mərtəbəli bina tikdirib istirahət və yaradıcılıqla məşğul olmaları üçün yazıçılara verməyindən, müvəqqəti olaraq orada qaçqınların yerləşdirilməsindən, tanınmış yazıçıların yubileylərinin keçirilməsindən, pensiyaya çıxanda onlara təqaüd verilməsindən, xalq qarşısında xidmətləri olan yazıçılara yüksək prezident təqaüdü verilməyindən, aylıq «Azərbaycan», «Ulduz», «Qobustan» jurnallarının və həftəlik «Ədəbiyyat qəzeti»nin dövlətin köməyi ilə nəşrindən, Yazıçılar Birliyinin üçmərtəbəli binasının prezidentimizin ayırdığı vəsait hesabına təmir və bərpasından, təmirdən sonra açılışda möhtərəm prezidentimizin iştirakından, istedadlı gənc yazarlara dövlət qayğısından, prezident təqaüdü verilməsindən və s. söz açdım.
    AMEA-nın müxbir üzvü Teymur Kərimli ərəb-Azərbaycan ədəbi əlaqələrindən danışdı. Dr.Hüseyn Cuma təklifimə tərəfdar çıxaraq dedi ki, bu işə antologiya ilə başlamaq daha yaxşı olar. Suriyada Azərbaycan ədəbiyyatı antologiyası, Azərbaycanda Suriya ədəbiyyatı antologiyası buraxılsa, oxucuların təsəvvürü daha dolğun olar.
    Şairə Fadiə Geybul qeyd etdi ki, danışığınızda işlətdiyiniz bir çox ərəb sözləri göstərir ki, tarixən nə qədər yaxın olmuşuq. Bu yaxınlığı bərpa etmək üçün ədəbi  əlaqələr əvəzsizdir. Şübhəm yoxdur ki, bu görüş ədəbi əlaqələrimizin inkişafına müsbət təsir edəcək.
    Onu da deyim ki, Suriyaya səfərimiz demək olar ki, bütün qəzetlərdə dostcasına işıqlandırılırdı. Həqiqətən də Hələbin müftisi Dr.Mahmud Əkkamın dediyi sözlər çin oldu. Nəsiminin sorağı ilə Suriyaya getdik, qardaş olduq.

    Qəzənfər PAŞAYEV
    filologiya elmləri doktoru, professor

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 965
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30