Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ölümsüzlük yolu
    Bu il Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatın 20 ili tamam olub. Şuşa ilə Laçın arasında strateji əhəmiyyətə malik ərazi olan Daşaltı kəndi Qarabağ müharibəsi zamanı yaşanan ən böyük faciələrdən birinə şahidlik edib. Müharibənin gedişi zamanı Kərkicahan ermənilər tərəfindən işğal olunub. Nəticədə Ağdamdan Şuşaya gələn yol bağlanıb. Bununla da 1992-ci ilin əvvəlində Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu yaranıb. Yeganə Laçın yolu qalıb ki, onu da Daşaltı kəndini zəbt etmiş ermənilər atəş altında saxlayıblar. Bu səbəbdən həm ermənilərin hücumlarının qarşısını almaq, həm də Şuşaya yolu açmaq məqsədilə Daşaltı kəndi istiqamətindən xüsusi əməliyyat hazırlanıb. Bu əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib.

    Əməliyyat 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Əməliyyatda o vaxt yenicə yaranan Azərbaycan Ordusunun könüllülərindən ibarət 3 taqım və Şuşa şəhərinin özünümüdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri düşmənin pusqusuna düşüb. Daşaltıya daxil olan bir taqım tamamilə məhv edilib. Kəndə daxil olmuş digər taqımlar isə itki verərək geri çəkilmək məcburiyyətində qalıb. Təxminən 150 hərbçimizin iştirak etdiyi əməliyyatın qurbanları barədə bu gün də dəqiqləşdirmələr aparılmaqdadır. Bəzi məlumatlarda Daşaltı əməliyyatında Azərbaycan Ordusunun 90 nəfərdən artıq itki verdiyi, onların böyük əksəriyyətinin isə hələ də itkin düşmüş sayıldığı bildirilir. Hadisədən sonra beynəlxalq təşkilatların iştirakı ilə olay yerinə baxış keçirilsə də, həlak olduğu güman edilən 64 soydaşımızın meyiti tapılmayıb. Bu qanlı döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.


    Könüllü əsgər


    Yuxarıda da söylənildiyi kimi, bu hərbi əməliyyatda iştirak edənlərin böyük əksəriyyəti orduya könüllü olaraq qoşulan Azərbaycan vətəndaşları olub. Onlardan biri də Pərviz Ağalar oğlu Musayevdir. P.Musayev 9 noyabr 1970-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında - Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Hələ uşaq ikən ailəsi Bakı şəhərinə köçərək, Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşıb. Pərviz də orta təhsilini buradakı orta məktəbdə alıb. 1986-cı ildə natamam orta təhsilini başa vuraraq, Bakı şəhəri 54 saylı texniki peşə məktəbinə daxil olub. 1989-cu ildə məktəbi bitirərək “Yol maşınları təmiri çilingəri” peşəsinə yiyələnib. Elə həmin il hərbi xidmətə yollanıb. Rusiya Federasiyasının Murmansk vilayətinin Severemorsk şəhərində dəniz qoşunlarında xidmət edib. 1991-ci ildə əsgəri xidmətini başa vuraraq, Vətəninə qayıdıb.
    Ölkəmizin erməni təcavüzü ilə üzləşməsi, torpaqlarımızın işğal olunması, vətəndaşlarımızın öz el-obasından didərgin düşməsi gənc Pərvizi daxilən narahat etdiyindən, o, 1991-ci ilin noyabrında evdəkilərdən xəbərsiz Müdafiə Nazirliyinə müraciət edib. Könüllü olaraq Azərbaycan Ordusu sıralarında düşmənə qarşı vuruşmaq istədiyini bildirib. Onun bu istəyi qəbul olunub və təyinatla cəbhə bölgəsinə göndərilib. Döyüşlərdə göstərdiyi şücaəti nəzərə alan komandanlıq, ona əvvəlcə baş çavuş, sonradan isə gizir hərbi rütbəsi verib. Pərviz peşəkar hərbçi kimi tabeliyində olan əsgərlərlə birgə ən çətin əməliyyatlara göndərilib. O, erməni qəsbkarlarına qarşı mərdliklə vuruşaraq hər dəfə komandanlığın etimadını doğruldub. Elə 1992-ci il yanvarın 25-də keçirilən Daşaltı əməliyyatına da məhz bu səbəbdən cəlb edilib. Lakin ağır keçən döyüşdə Pərviz bir çox silahdaşlarını itirməklə yanaşı, özü də yaralanıb. Döyüşçülərimiz tərəfindən hərbi hospitala çatdırılan Pərviz uzun müddət müalicə alıb.
    Tam sağalandan sonra təkrar ön cəbhəyə qayıtmaq istəsə də, ona Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində orduya yazılan gəncləri hazırlaşdırmaq tapşırılıb. Öz hərbi bilik və bacarığını həvəslə çağırışçılara öyrədən Pərvizin tabeliyində 150 gənc əsgər olub. Bir aydan sonra həmin gənc çağırışçılardan 130-u Kəlbəcər istiqamətində gedən döyüşlərə göndərilib. Bunun ardınca isə onun özü 20 əsgərlə birgə Kəlbəcərə yollanıb. Hərbçi yoldaşlarının rəğbətini qazanan Pərvizin son döyüşü 1992-ci il iyun ayının 2-də olub. Həmin vaxt Kəlbəcərin Ağdaban kəndinə düşmən hücuma keçib. Hücumun qarşısını alarkən Pərviz Musayev qəhrəmancasına həlak olub. 22 yaşlı gəncin cənazəsi Bakıya gətirilib. 1992-ci il iyun ayının 3-də Bakının Səbayel rayonundakı Zabitlər Evində onunla vida mərasimi təşkil edilib. Bunun ardınca Pərviz Musayev müqəddəs ruhların uyuduğu Şəhidlər Xiyabanında dəfn edilib.


    Döyüş yoldaşlarının xilaskarı


    Anası Xanım Musayeva oğlu Pərviz haqqında danışarkən onun mərhum qardaşı Vəfadar kimi qeyri-adi bir övlad olduğunu bildirdi. Qeyd etdi ki, Vətənini ailəsindən və canından çox sevən Pərviz hər zaman Azərbaycanın bütövlüyü eşqi ilə yaşayıb: “Böyük oğlum Vəfadar 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı uğrunda mübarizə aparan insanların yanında olub. Rus qoşunlarının Bakıya girişinin qarşısını almaq üçün barrikadalar qurub, onlara maneələr təşkil ediblər. Lakin bütün bunlara baxmayaraq, rus qoşunu Bakıya girib əliyalın əhalini qanına qəltan elədi. Vəfadar onda yaralanmasa da, çox böyük sarsıntı keçirmişdi. Elə bu sarsıntı üzündən də qanlı yanvardan iki ay sonra sükan arxasında infarkt keçirərək, avtomobil qəzasında dünyasını dəyişdi. Onda Pərviz hərbi xidmətdə idi. Əgər bilsəydi ki, o, Rusiyada xidmət etdiyi bir vaxtda ruslar azərbaycanlıların üstünə silah çəkib onları qətlə yetirib, mütləq nə isə edəcəkdi. Ona görə də bunu, xüsusən də qardaşının ölümünü ondan gizlətdik ki, sağ-salamat xidmətini başa vurub geri qayıtsın.
    Böyük oğlumun itkisi bizi xeyli bədbin etsə də, onun yadigarı olan İlkin və Elgünün varlığı, Pərvizin yaxşı xidmət etməsi ilə bağlı komandanlığın evə göndərdiyi təşəkkür məktubları atası Ağaları, eləcə də məni az da olsa ovundururdu. Amma evə dönəndə Pərviz olanları bilib bizdən xeyli incidi. Üstəlik də Qarabağ müharibəsinin başlanması sanki baş verənlərin qisasını almaq üçün onda zəmin yaratdı. Əsgərlikdən qayıdandan cəmi bir-iki gün sonra heç kimlə məsləhətləşmədən könüllülər batalyonuna yazıldı. Bir çox əməliyyatlarda, eləcə də Şuşa və Laçın uğrundakı gərgin döyüşlərdə iştirak etdi. Komandirləri deyirdilər ki, Pərviz döyüş əməliyyatlarının yerinə yetirilməsində şəxsi igidlik və cəsurluq nümayiş etdirir, həmişə sinəsini irəli verib düşmənə qan uddurur. Hərbçi yoldaşlarının sözlərinə görə, Pərviz Daşaltı kəndindəki hərbi əməliyyatda da fədakarlıq göstərib. Oğlum yaralı döyüş yoldaşlarını güllə altından xilas eləyib, özü də başından yaralanıb”.


    Vətən fədaisi


    Şəhid anasının dediyinə görə, Daşaltıda yaralanandan sonra bütün ailə üzvləri Pərvizə bir daha döyüşlərə getməməsini məsləhət görüb. Pərviz isə “mən getməsəm, sən getməsən, bəs kim gedib düşmənə qarşı vuruşacaq” deyə, təkrar orduya qayıdıb: “Atası, mən, bacıları, qardaşları Aqil və Yalçın dönə-dönə ona yalvardıq ki, getməsin. Hətta Vəfadardan sonra daha bir oğul itkisinə dözə bilmərik deyib, onu yolundan çəkindirmək istədik. Heç kimə qulaq asmadı. Üstünə çox gedəndə də əsəbiləşib bizdən inciyir, özünə qapanır, günlərlə danışdırmırdı heç kimi. Ona görə də onun atdığı addımlarla hesablaşmaq məcburiyyətində qalırdıq. Qardaşı Aqilin toyunda isə sevdiyi qızın olduğunu açıb dedi. Fikirləşirdik ki, tezliklə onun da toyunu edək, ailə-uşaq sahibi eləyək, bəlkə onda cəbhəyə getmədi. Ancaq necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Axırıncı dəfə döyüşə getməzdən qabaq ana-bala xeyli söhbətləşdik. Hələ mənə güllə qabı da tikdirdi. Yatmazdan qabaq isə dedi ki, ürəyimdən halva keçir. Tez durdum ki, balamın arzusunu yerinə yetirim, qoymadı. Dedi ki, gedim, qayıdanda bişirərsən.


    Amma qayıtmadı...


    Dəfnində o qədər hərbçi var idi ki, insan əlindən tərpənmək olmurdu. Sağ olsunlar, hər cür izzət-ehtiramla yola saldılar oğlumu son mənzilinə. Bundan qürur duysam da, ailə başçısı üçün iki övladı itirmək ağırdır. Atası bu dərdə çox dözə bilmədi. O, da dünyasını dəyişdi. İndi yeganə təsəllim hər iki oğlumun Vətən fədaisi olmağıdır. Ailə-uşaq sahibi olan oğlanlarım, qızlarım, nəvələrimlə özümü ovundururam. Dünyasını dəyişən böyük oğlumun adını onun nəvəsi, mənim nəticəm Vəfadar daşıyır. Pərvizin adını isə Yalçının kiçik oğluna qoymuşuq. Bu gün bütün ailə üzvlərim, eləcə də mən, həmçinin 10 nəvəm və 5 nəticəm mərhum Vəfadar və Pərvizlə qürur duyuruq. İstərdim ki, onlar da Pərviz kimi Vətəninə, elinə-obasına bağlı, xalqına, dövlətinə sədaqətli gənc kimi böyüsünlər”.
    Xanım Musayeva 20 ildir sarsıntı və mənəvi gərginlik içərisində Bakıdakı Şəhidlər Xiyabanını ziyarət etdiyini dilə gətirərək, burada uyuyan müqəddəs ruhların gec-tez qisasının alınacağına, torpaqlarımızın yağı düşməndən tezliklə azad olunacağına böyük ümidlər bəslədiyini bildirdi.


    Rufik İSMAYILOV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 651
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30