Yolumuz ayrılıb burda, Sən o yana, mən bu yana. Qoşa görünmərik bir də, Sən o yana, mən bu yana.
Sən idin başımın tacı, Acı üstən verdin acı. Qarşımızda yol ayrıcı, Sən o yana, mən bu yana.
Yazıq ürək dəlik-deşik, Bir birini incitmişik. İndi üzü çevirmişik Sən o yana, mən bu yana.
Hicranda çıxdı canımız, Tükənib hər imkanımız, Eyni deyil ünvanımız Sən o yana, mən bu yana.
Eşq içində yandıq, bişdik, Çay tək dənizə yetişdik. Dalğa atdı bizi, düşdük
Sən o yana, mən bu yana.
Uçub dağıldı səfimiz, Qalmadı bir tərəfimiz. Eyni deyil hədəfimiz Sən o yana, mən bu yana.
Əziz Pünhan dözər aha, Aşiq tək batar günaha, Ona can deyilsən daha Sən o yana, mən bu yana.
|
|