Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əməlləri ilə əbədiyaşar insan
    Yaşasaydı 80 illiyini qeyd edəcəkdik
    Görkəmli jurnalist, istedadlı publisist, ictimai xadim və gözəl insan Rəşid İsmayıl oğlu Mahmudovun haqqa qovuşmasından bir neçə ay keçir.
    Qırxına az qalmış avtobusda uzun illər Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri işləmiş jurnalist-filoloq Vəli Məmmədovu gördüm. Yanındakı yer boş idi. Salamlaşıb oturdum.
    – Rəşid müəllim necədir? – deyə soruşdu.


    – Qırxına düz on gün qalıb – cavab verdim. Tutuldu. Bir qədər susduqdan sonra astadan bayatı çağırdı: – Burdan bir atlı keçdi,
    Atın oynatdı keçdi.
    Gün kimi şəfəq saçdı,
    Ay kimi batdı getdi. Bu bayatını Rəşid müəllim də arabir təkrarlayardı. Avtobus dayanır, sağollaşırıq.
    Arabir Rəşid müəllimlə birlikdə gəzintiyə çıxanda filarmoniyanın bağında yerləşən «Vahid» poeziya evinin yaxınlığındakı fəvvarənin yanında oturaraq suyun şırıltısına qulaq asardı.
    Gəlişindən xəbər tutan onu tanıyan təqaüddə olan sabiq dövlət və ictimai xadimlər, yazıçılar, şairlər, sənət adamları başına yığışardı. Tarixdən, fəlsəfədən, poeziyadan, sənətdən və ölkədə gedən quruculuq işlərindən danışardılar. Rəşid müəllim gözəl xatirələri ilə hamının diqqətini özünə cəlb edərdi. Mikayıl Rəfilidən, Məmməd Cəfərdən, İsrafil Nəzərovdan, Həsən Şahgəldiyevdən, Əlövsət Quliyevdən, Zülfəli İbrahimovdan şövqlə danışar, uzun müddət çalışdığı «Kommunist» (indiki «Xalq qəzeti»)ndə redaktor işləmiş Rza Quliyev, Əli Vəliyev, Xasay Vəzirov və Ağababa Rzayevin iş metodu, redaktə və rəhbərlik etmək qabiliyyəti, alicənablıqları və qayğıkeşliklərindən söhbət açardı.
    Gözləri gördüyü vaxtlarda «Xalq qəzeti»nin hər nömrəsin diqqətlə oxuyar, fikirlərini mənimlə bölüşər, xoşu gəldiyi yazıların müəlliflərinə zəng vurub minnətdarlıq bildirərdi, sonrakı dövrlərdə isə bəzi yazıları mənə oxutdurardı.
    Mahmudovlar ailəsi ilə dostluğum görkəmli alim-mineroloq Ədhəm müəllimlə 70-ci illərdən başlasa da Rəşid müəllimlə tanışlığım 22 il əvvəl olmuşdur. O, Dövlət Mətbuat və Komitəsi Sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu münasibətlər dostluğa çevrilmiş onun ömrünün  son gününə qədər davam edərək on altı illik bir dövrü əhatə etmişdir. Yeri gəlmişkən onun vəzifədən uzaqlaşdırılması ilə bağlı bu günə qədər heç yerdə qeyd olunmayan və yazılmayan məsələni diqqətinizə çatdırmağı özümə borc bilirəm. Sağlığında təvazökarlıqdan bunu mənə icazə verməmişdi. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Ali Sovetinin sədri və Milli Məclisin deputatı kimi iştirak etdiyi məlum sessiyada hökumət üzvlərinin siyahısı günün birinci yarısı Milli Məclis üzvlərinə paylanılmışdı. Rəşid müəllimin adı da həmin siyahıda olmuşdu. Fasilə zamanı tək-tək deputatlar Heydər Əliyevə yaxınlaşırlar. Vaxtilə yüksək vəzifələrə təyin etdiyi adamlardan bəziləri isə tutduqları vəzifə kürsülərini qorumaq xətrinə onunla görüşdən qaçırlar. Rəşid müəllim böyük hörmət və məhəbbət bəslədiyi və özünü onun yetişdirməsi hesab etdiyi Heydər Əliyevə yaxınlaşaraq çox səmimi görüşüb hal-əhval tutur, ona olan tükənməz ehtiramını bildirir.
     Rəşid müəllimin öz dilindən eşitmişəm, deyirdi ki, «Mən bilirdim ki, Heydər Əliyevlə görüşməyim elə belə ötüb keçməyəcək. Ancaq mən onunla görüşməyə bilməzdim”. Qazandığım uğurlara görə ilk növbədə Uca Allaha, valideynlərimə, müəllimlərimə, sonra Heydər Əliyevə borcluyam, Mərkəzi Komitədə bölmə müdiri olanda, Zaqatalada I katib işləyəndə və sonrakı dövrlərdə həmişə mənə yol göstərib, inanıb və qayğı göstərib.
    Fasilədən sonra hökumət üzvlərinin siyahısı təcili dəyişdirilir, paylanır və Rəşid İsmayıl oğlu Mahmudovun adı artıq bu siyahıda olmur.
    Hətta onun işdən azad olunması ilə bağlı sərəncam da mətbuatda çap olunmur və Rəşid müəllim çox çətinliklə MK-dan bir çox sünü maneələrlə üzləşərək onun surətini ala bilmiş və sənədlərini pensiya üçün hazırlamışdı.
    Yazının bu yerinə çatanda Rəşid İsmayıl oğlunun yerinə təyin olunmuş, Dövlət Mətbuat və İnformasiya Nazirliyinə rəhbərlik etmiş xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlıya zəng çaldım. Mənə məlum idi ki, Rəşid müəllim Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsindən gedərkən otağını səliqəyə salmış və özündən sonra bu quruma rəhbərlik edəcək şəxsə müraciət yazaraq stolunun üstündəki şüşənin altında qoyubmuş. Sabir müəllimdən bu barədə soruşanda dedi ki, – «doğrudan da belə bir müraciət yazılmışdı və məzmunu təxminən belə idi:
    «Məndən sonra bu vəzifəyə gələn bəy!
    Sənin kimliyini bilmirəm, ancaq mən bu vəzifədə işlədiyim dövrdə bacardığım qədər vətənimə, xalqıma və Azərbaycan dövlətinə sədaqətlə xidmət etmişəm. Mətbuat və kitab işi xalqın maariflənməsi, təşəkkül tapması və tərəqqisində, tarixinin yaşadılmasında çox mühüm əhəmiyyət kəsb edir.
    Sən də bacardığın qədər xalqına, millətinə, Azərbaycan dövlətçiliyinə xidmət etməklə  xalqın tərəqqisinə xidmət göstər».
    O vaxt bu müraciət məni çox mütəəssir etmiş və mənə daha şövqlə işləmək üçün qol-qanad vermişdi.
    Allah Rəşid müəllimə rəhmət eləsin, çox gözəl insan, işgüzar rəhbər, naşir və böyük jurnalist idi».
    Sabir müəllim yaxşı insan dedikdə Rəşid müəllimlə «Kommunist» qəzetinin redaksiyasında, redaktorun otağındakı ilk görüşüm xatirimdə canlandı.
    Dörd il idi ki, «Kommunist» nəşriyyatında işləyirdim.
    1986-cı ilin əvvəllərində vaxtilə mənə dərs demiş rəhmətlik müəllimim görkəmli şərqşünas-alim, «Qurani-Kərim»in gözəl bilicisi Əli Fəhminin «Quran»dan «Bəgərə» surəsini Azərbaycan dilinə tərcümə etdiyi hissəsi əlimə düşmüşdü. O illərdə nəinki «Quran»ın tərcüməsi hələ yox idi və bu bir növ yasaq idi. Buna baxmayaraq, mən nəşriyyatda kserosurət çıxaran iş yoldaşımızdan bu tərcümədən on nüsxə çıxarmağı xahiş etmişdim. Əməkdaşımız surətləri çıxarıb bir hissəsini mənə vermişdi, sonuncu nüsxələri mənə verməzdən əvvəl yeni təyin olunmuş rəhbərlik bu işdən xəbər tutmuş, bərk qəzəblənmiş, məni danladıqdan sonra təhlükəsizlik orqanları ilə hədələmişdi. Mənə göz verib, işıq vermirdi. Üç körpə uşağım vardı, məni tutdura bilərdi. Normal mənzil şəraitim də yox idi. Özümə iş axtarmağa başladım. «Kommunist» qəzetində buraxıcı yeri boş idi. Rəşid müəllimlə görüşərkən artıq mənim vəziyyətimlə onu tanış etmişdilər. Otağa girəndə yazı üzərində işləyirdi. Bir anlığa gözlərini qarşısındakı səhifədən ayırıb mərhəmətlə mənə tərəf baxdı. Təbəssümlə – hər şeyi bilirəm, heç kefini pozma, burada sənə gözün üstə qaşın var deyən olmaz. Sabahdan işə çıx, nə problemin olsa çəkinmə mənə de. Beləliklə, «Kommunist» qəzetinə işə qəbul olunmağımla direktorun hədəsindən qurtardım.
    Rəşid müəllim mənə «nə problemlərin olsa mənə de» tapşırsa da onun tabeçiliyində istər «Kommunist» qəzetində, istərsə də Dövlət Mətbuat Komitəsində işlədiyim illərdə heç bir məsələ ilə onu narahat etmədim. Ancaq mən onu narahat etməsəm də o, məni axtardı, tapdı, yol göstərdi, vəzifəyə təyin etdi, məsul iş tapşırdı, Müdafiə Nazirliyinin NET idarəsində Nəşriyyat Şöbəsinə rəis, sonra «Hərbi nəşriyyata» rəis təyin olunmağımla əlaqədar təşkilatlara tövsiyə etdi. Çətin vaxtlarımda, əlində səlahiyyət olmadığı dövrlərdə də məni axtardı, hər gün iki dəfə zəng edərək mənə təsəlli verərək arxa-dayaq durdu, çətinliyə səbr edib ruhdan düşməməyi tövsiyə etdi. Rəşid müəllim uzun illər partiya işində çalışsa da, partiya intizamının nə olduğunu bilsə də, doğma Vətəninin Azərbaycanın mənafeyindən söhbət gedəndə heç nədən, heç bir cəzadan qorxub çəkinməyib. «Kommunist» qəzetində işlədiyi 1980-ci illərin sonlarında SSRİ hökumətinin mərkəzi mətbu orqanları olan «Oqonyok» jurnalı, «İzvestiya», «Komsomolskaya pravda» və «Selskaya jizn», «Trud» qəzetləri öz səhifələrində Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərirdilər. İttifaq rəhbərliyindən dəstək görən «Selskaya jizn» qəzeti isə lap ağ etmişdi. Qəzetin müxbiri əvvəlcə Yerevana, oradan da Dağlıq Qarabağa gedərək burada kənd təsərrüfatının problemləri ətrafında söhbət apardıqdan sonra təkrar Ermənistana gedib Ermənistan KP MK-nın kənd təsərrüfatı məsələləri üzrə katibi ilə bu mövzunu müzakirə etmiş, qəzet də iki səhifə həcmində olan bu materialı çap etmişdi. O vaxtlar Ermənistanda nəşr olunan kitablarda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilməklə, vilayətin özündə orta məktəb attestatları erməni dilində yazılır və Ermənistan ərazisi göstərilirdi.
    Respublika ictimaiyyəti etiraz səsini qaldımaq istəsə də, buna imkan verilmir, mətbuatda bu haqda heç nə yazılmırdı.
    Bu ərəfələrdə Respublika Ali Sovetinin qarşısında 106 nömrəli avtobusda partlayış törədildi. Akademik Opera və Balet teatrı da ermənilər tərəfindən yandırılmışdı. Cinayətkarlar tapılıb həbs olunsa da, mətbuatda bu haqda yazmağa yasaq qoyulmuşdu. Bu məsələlər redaksiyada da müzakirə olunur və əməkdaşları, xüsusilə Rəşid müəllimi çox narahat edirdi. Qorbaçov hər yerdə sözdə aşkarlıqdan danışılsa da, Azərbaycanda bu yox idi.
    Belə bir dövrdə Rəşid müəllim yazıçı-tərcüməçi-publisist Zeydulla Ağayevin  «Aşkarlıq», «Azərinform»un «Coğrafiyadan 2» və «Coğrafiyanı səhv salanda» redaksiya materialını «Kommunist» qəzetində dərc etdi. Bu hadisə respublikada böyük əks-səda doğurub müsbət qarşılansa da mərkəzi hökumətin və Azərbaycan KP MK-nın bəzi ermənipərəst və kölgəsindən qorxan məmurlarının xoşuna gəlməmişdi. Çox maraqlıdır, ermənilər yalanı həqiqət kimi öz qəzetlərində, kitablarında, dərsliklərdə və mərkəzi məbuatda, hətta Azərbaycan Dövlətinin ərazisində yazır, yayır, onlara gözün üstə qaşın var deyən olmur, biz isə olan həqiqəti yazanda səsimizi çıxarmağa qoymurdular, necə ki, Rəşid müəllim səsini ucaldan kimi onu qəzetin rəhbərliyindən uzaqlaşdırdılar. O sonrakı dövrlərdə də öz mövqeyindən dönmədi.
    1990-cı il 20 yanvar faciəsi zamanı mən «Kommunist» qəzetində işləyirdim. Rəşid müəllim Dövlət Mətbuat Komitəsinin sədri idi. Respublikada fövqəladə vəziyyət elan olunmuş, Azərbaycan xalqına düşmən münasibət bəsləyən general Dubinyak Bakı şəhərinin komendantı, general Aleksandrov hərbi senzor təyin olunmuşdu. Bütün nəşrlərə hərbi senzura nəzarət edir, hər nöqtə vergülə fikir verirdilər. Hərbi senzordan icazəsiz bir səhifə belə çap etmək olmazdı.
    Belə bir fövqəladə vəziyyətdə vəzifəsini, səlahiyyələrini itirməkdən qorxmadan Rəşid Mahmudov görkəmli xalq yazıçısı Çingiz Abdullayev, İbrahim Şükürov, Əjdər Xanbabayev, Vahid Əziz, Hidayət Orucov və digər ziyalıların, nəşriyyat və mətbəələrdə çalışan fədakar insanların birgə səyi ilə çox qısa bir zamanda “Çernıy yanvar”-“Qara yanvar” “Traqediya dlinoyu v qod” kitablarını nəşr edərək SSRİ Ali Sovetinin sessiyasına çatdırdı. Kitablar deputatlar arasında paylandı, Moskvada və respublikada yayıldı.
    Sovet dövlətinin rəhbərlərinin erməniləri bütün vasitələrlə müdafiə və himayə etdikləri bir dövrdə belə bir işi görmək böyük cəsarət tələb edirdi. Bu cəsarət Rəşid müəllimdə vardı. Bu ona babalarından və atasından qalmışdı.
    Rəşid müəllimin ulu babaları dövrünün yüksək təhsil görmüş din xadimləri olmuşlar. Onun İsmayıllı rayonunun Mican kəndində məskən salmış babası Hacı Mahmud əfəndi «Quran»ın dərin bilicisi olmaqla doğma kəndində məscid tikdirmiş, xalqın işinə yarayan xeyirxah və fədakar bir insan olmuşdur. Atası İsmayıl müəllim də «Quran»ın gözəl bilicisi olmuş, Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan bir qədər sonra milli ordu sıralarına çağırılmış, Əskəranda erməni təcavüzkarlarına qarşı qanlı döyüşlərdə böyük hünər göstərdiyinə görə Müdafiə Nazirliyinin təşəkkürünə layiq görülmüşdü. Vaxtilə rus-tatar məktəbində təhsil aldığından sovetləşmənin ilk illərində orduda xidmət etmiş, 1923-cü ildə kapitan rütbəsində ordudan tərxis olunduqdan sonra atasının vaxtilə Mican kəndində tikdirdiyi məktəbdə müəllim və direktor olmaqla 1959-cu ilə qədər işləyir və respublikanın əməkdar müəllimi adına layiq görülür.
     Rəşid müəllim fədai idi. Qəzet fədaisi, kitab fədaisi, maarif fədaisi, millət fədaisi. Öz işində özünə qarşı hədsiz dərəcədə tələbkar idi. «Kommunist» qəzetində buraxıcı işlədiyim vaxtlarda axşam saat 19-20 radələrində mətbəəyə gələr gündüz oxuyub redaktə etdiyi materialları səhifədə təkrar oxuyar, bir çox hallarda gecə saat 01-ə qədər mətbəədə qalar, qəzetin çapa imzalanmasını gözləyərdi. Səhərə yaxın siqnal nüsxələrini evinə apararkən maşını bir qədər aralı saxlayardıq ki, oyanmasın, üçüncü mərtəbəyə qalxana qədər qapını açar və maşını nə üçün uzaqda saxlamağımızı soruşardı. Qəzeti ona verib evə gedərdik. Bir dəfə qəzeti verib getdikdən sonra evə çatan kimi telefon zəng çaldı. Rəşid müəllim idi. Ay xatakar, hara baxmısız, qəzetdə ciddi səhv gedib, mətbəəyə zəng vurub çapını dayandırmışam, tez işçilərə xəbər elə, indi dalınca maşın göndərirəm, mən özüm də gəlirəm. Səhər saat 5 idi. Heç kəsin qəlbinə dəymədən səhifədəki materialı dəyişdik, özü bir daha oxuduqdan sonra çapa verdik, siqnal nüsxəyə baxdıqdan sonra biz dincəlməyə, Rəşid müəllim isə evlərinə deyil, birbaşa işə getdi. Bu cür iş rejimi onun üçün adi hal idi. Bununla belə işçilərə, xüsusən mətbəədə işləyənlərə qarşı son dərəcə qayğıkeş idi. Yadımdadır, qəzetimizi yığan linotipçilər rəhmətlik Niftəli və Nizaminin mənzil növbəsinə hələ qalırdı. Nəşriyyatda ev paylanması nəzərdə tutulurdu. Rəşid müəllim onların mənzil məsələsini həll etməklə Nizamiyə minik avtomobili ayrılmasına da kömək etdi. Dövlət mətbuat komitəsində işlədiyi dövrdə 20 yanvar hadisələrindən bir qədər sonra məni yanına çağırmışdı. Bu dövrdə tələbə vaxtından dostluq münasibətində olduğum və jurnalistika fakültəsində təhsil alanların hamısının sevimlisi olan Tofiq Rüstəmov qəzetə redaktor gəlmişdi. Onunla birgə işləməyimə mən də sevinmişdim. Rəşid müəllim mənə dedi ki,- “bala, bizdə istehsalat-təchizat və satış idarəsində müavin yeri boşdur, məsləhət bilirəm gəlib işləyəsən”. Tofiq müəllimin adına mənim köçürmə yolu ilə bu vəzifəyə təyin olunmaq üçün məktub da hazır idi. Məktubu mənə verib sabahdan işə çıx, deyə tapşırdı.
    Həvəslə işə başladım. Rəşid müəllimin tapşırığı ilə idarədə özüm bir sıra hesabatları yoxladıqdan sonra SSRİ-nin müxtəlif şəhərlərində olan kağız kombinatları ilə olan müqavilə sənədlərini təzələdim. Rəşid müəllimin mənimlə yaxın münasibətlərini yaxşı bildiyindən, işgüzarlığım rəisimin xoşuna gəlmirdi. Bir axşam saat 20 radələrində məni  yanına çağırdı. İş vaxtı qurtarmış, hamı getmişdi. Kabinetin qapısı açıq idi, hansısa materialı redaktə edirdi. Ayaq səslərimi eşidib, keç otur, – dedi. Stolun üstündən bir kağızı götürüb “səni Moskvadakı nümayəndəliyimizə işləməyə dəvət edirlər, xəbərin var?” – deyə soruşdu. Xəbərim olsa da, – “xeyr” dedim.
    – Ay oğul, çox mühüm bir məsələdir. Sən özün respublikadakı vəziyyəti və ermənilərin fitnəkarlıqlarını görürsən. Biz burada qərara gəlmişik ki, Moskvada beş dildə Azərbaycan həqiqətlərini, xalqımızın tarixini, mədəniyyətini, Qarabağ olaylarını dünyaya çatdırmaq üçün «Panorama Azerbaydjana» adlı böyük tirajla qəzet nəşr edək. Qəzetin vaxtlı-vaxtında çapı, SSRİ ərazisində, xüsusilə Rusiyanın mərkəzi şəhərlərində, sonra isə respublikalarda və xarici ölkələrdə yayımı xüsusilə vacibdir. Qəzetin kollektivi var, redaktor Moskvada yaşayan tanınmış jurnalist Fərhad Ağamalıyevdir. Ermənilər nəşr işində ona maneçilik edirlər. İnanıram ki, bu işin öhdəsindən gələcəksən. Mənim tərəfimdən nə kömək lazımsa edəcəyəm, hazırlaş mümkün qədər tez get.
    Rəşid müəllimin tapşırığını yüksək səviyyədə yerinə yetirərək bir həftə ərzində qəzetin «Pravda» nəşriyyatında ofset kağızında rəngli çapını və yayımını təşkil etdik, ingilis dili variantının nəşrini və xarici ölkələrdən üç min abunə məsələsini həll olundu. Redaksiyanı o dövr üçün ən müasir avadanlıqlarla təmin etdikdən sonra, qəzetin ingilis dilindəki variantının işıq üzü görəcəyi ərəfədə Rəşid müəllimi vəzifədən azad etdilər və bir qədər sonra mən də geri çağırıldım.
    Çox böyük zəhmət və vəsait hesabına hasilə gətirdiyimiz iş yarımçıq qaldı. Qəzetin nəşri dayandı. Sonrakı illərdə bir neçə dəfə nəşrin bərpasına cəhd olunsa da baş tutmadı.
    Rəşid müəllim qurucu idi. Zaqatalada raykomun birinci katibi işlədiyi dövrdə indi istirahət mərkəzi olan sənaye əsaslı «Forel» balıqçılıq təsərrüfatı, palmet alma bağları, heyvandarlıq kompleksləri yaratmış, gülçülük sovxozunda zəfəran əkinini təşkil etmişdi. Burada dərman və parfümeriya sənayesi üçün respublikada ilk dəfə ətirli yağların istehsalına başlamışdı. Heç də təsadüfi deyildi ki, o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi, Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd ulu öndər Heydər Əliyev Rəşid müəllimin təşkilatçılıq qabiliyyəti və yüksək erudisiyaya malik olmasını nəzərə alaraq Moskvadan gələn yüksək səviyyəli qonaqların bir çoxunu Zaqatalaya göndərirdi. «Kommunist» qəzetində işlədiyi dövrdə redaksiyanı və nəşriyyatda bizim üçün ayrılmış otaqları iki dəfə əsaslı şəkildə təmir etdirərək əməkdaşların normal yaradıcılıq və iş fəaliyyəti üçün hər cür şərait yaratmışdı. Dövlət mətbuat komitəsində işlədiyi dövrdə klassik Azərbaycan şairlərinin əsərlərinin nəfis tərtibatla bir neçə dildə adi və miniatür ölçüdə Yaponiyada çapını təşkil edərək mədəni irsimizin bütün dünyada təbliğinə xidmət etmişdi. Rəşid müəllim Respublika Jurnalistlər İttifaqına, Kitabsevərlər Cəmiyyətinə və Dövlət Mətbuat Komitəsinə rəhbərlik etdiyi illərdə respublikada mətbuat gününün və kitab bayramlarının yüksək səviyyədə təntənəli şəkildə qeyd olunmasını təşkil etməklə bu tədbirlərin radio, televiziya və mətbuatda geniş işıqlandırılmasına çalışaraq respublika ictimaiyyətinin və rəhbərliyin bu sahəyə olan diqqət və qayğısının artırılmasına nail olmuşdu.
    Kitab nəşri sahəsində çoxillik təcrübəmdə şahidi olmuşam ki, respublika məktəblərinin dərsliyə olan tələbatını ödəmək üçün uzun illər milyon tirajlarla olan kitablarımız SSRİ-nin başqa şəhərlərində – Kiyev, Xarkov, Mozdok, Rostov şəhərlərinin mətbəələrində çap olunub əzab-əziyyət və böyük vəsait sərf etməklə ölkəyə gətirilirdi. Çoxrəngli nəfis albom və kitablarımız isə Moskva, Leninqrad, habelə xarici ölkələrdə çap olunurdu. Rəşid müəllim ilk növbədə dərsliklərin və digər nəşrlərin çapını respublikada təşkil etmək, özümüzün və habelə qonşu respublikaların kitab çapına olan ehtiyaclarını təmin etmək üçün Zaqafqaziyada və bütün Qafqazda ən böyük ofset-kitab kombinatının tikintisinə başladı. Burada mətbəə binası ilə yanaşı, Dövlət Mətbuat Komitəsi və nəşriyyatların yerləşdirilməsi üçün 16 mərtəbəli inzibati bina da tikilməli idi. İki növbəli iş təşkil olunaraq mətbəə binası qısa müddətdə tikildi. Kitab çapı üçün lazım olan ən müasir avadanlıqlar alınıb respublikaya gətirildi. Təkcə bir aqreqat o vaxtın qiyməti ilə 3,5 milyon dollar dəyərində idi. Rəşid müəllim sanki quruluşun dəyişəcəyini hiss edərək bu işləri daha qısa bir zamanda başa çatdırmağa çalışırdı. Əfsuslar olsun ki, o işdən uzaqlaşdırıldı, bütün tikinti işləri yarımçıq qaldı. Çox böyük zəhmət və vəsait hesabına alınan qiymətli avadanlıqlar bir neçə il açıq havada, yağışın, qarın altında qaldı və dəyərindən on dəfədən çox ucuz qiymətə xaricə satıldı.
    Rəşid müəllim istər Azərbaycan KP MK-da bölmə müdiri, istər Dövlət Mətbuat Komitəsinin sədri, pensiyaya çıxdıqdan sonra özünün yaratdığı «Vətən» və «Siyasət» nəşriyyatlarında işlədiyi dövrlərdə kitab nəşrinə, xüsusilə dərsliklərin, ensiklopedik ədəbiyyatın, dini, tarixi, hərbi-texniki və hərbi-vətənpərvərlik mövzularda olan nəşrlərin qüsursuz və yüksək poliqrafik icrada nəfis şəkildə çap olunmasında xidmətləri əvəzsizdir. Yazımın əvvəlində «Quran»ın tərcüməsinin bir neçə səhifəsinin surətini çıxartdığıma görə təqib olunmağımı qeyd etmişəm. O dövrdən heç iki il keçməmiş Rəşid müəllim müqəddəs kitabımız «Qurani-Kərim»in doğma dilimizə tərcümə edilərək nəşr olunmasının təşkilində iştirak etməklə bu işə Dövlət tərəfindən rəhbərlik edənlərdən olmuşdu.
    Əlimdə Şeyx Həzrətləri Hacı Allahşükür Paşazadənin Rəşid müəllimə ünvanladığı məktub var. İstərdim ki, oradakı iki abzası diqqətinizə çatdırım: Bismillahir- rəhmanir- rəhim!
    Həyat elə gətirir ki, biz ömrümüzün hər dönəmində müxtəlif adamlarla görüşməli oluruq. Bəziləri qum dənəsi kimi barmaqlar arasından süzülüb gedir, nə bir izi, nə bir xatirəsi qalır... Bəziləri xəfə yuxulara bənzəyir, səhər oyananda nə xatırlamaq, nə də təkrar görmək istəyirsən... Bəziləri isə nur çırağı kimi ömür boyu yadında qalır, çünki onların işığını da, istisini də uzun illər boyu unuda bilmirsən.
    Azərbaycan ziyalılığının mötəbər nümayəndələrindən olan Rəşid Mahmudov məhz belə insanlardandır. Onunla tanışlığımın ən yadda qalan səhifələri 1989-90-cı illərdə müqəddəs Qurani Kərimin Azərbaycan dilinə tərcüməsi üzərində işlədiyimiz dövrə təsadüf edir. O zaman mərhum akademikimiz Ziya Bünyadov və tanınmış ilahiyyatçı-alim, akademik Vasim Məmmədəliyevin birgə səyləri ilə Quranın ərəb tərcüməsi üzərində çalışırdıq. Mənim məsləhətçi-redaktoru olduğum bu yaradıcı qrupun işinə ədəbi dilimizin incəliklərinə dərindən bələd olan bir sıra söz və qələm ustalarını da dəvət edirdik. Bu iş prosesində Rəşid Mahmudovun dərin erudisiyasına, redaktor peşəkarlığına və ən əsası, məsuliyyət hissinə heyran qaldım. O, müqəddəs Kitabımızın ana dilimizə tərcüməsi və təfsirinə xüsusi diqqət və qayğı ilə yanaşır, nəşrin mükəmməl alınması üçün əlindən gələn köməyi əsirgəmirdi.
    Müqəddəs övliyalarımızla bağlı ilk kitabı Rəşid müəllim nəşr etdirmişdir. Qarabağın tarixi ilə bağlı akademik İqrar Əliyevin, Ziya Bünyadovun, bu qəbildən olub yüz il əvvəl yazılıb nəşr olunmuş və nəşr olunmamış Rus, Avropa və Azərbaycan yazıçı və alim-tədqiqatçıların <lunda şəhid olmuşlar. İndi onların ailə üzvləri, doğmaları bu nəşri necə həsrətlə gözləyirlər. Canlarını yolumuzda fəda etmiş babalarımız üçün təbaşirli kağız əsirgəmək nə deməkdir. Heç səndən gözləməzdim». Növbəti günü mənimlə Dövlət Material Ehtiyatları Komitəsi sədrinin yanına getdi. Ofset kağızının bir tonu artıq nazirlər sovetinin təsdiq etdiyi tarifə görə bir milyon yarıma olsa da, «Hərbi nəşriyyat» üçün 40 ton kağızın köhnə qiymətlə yəni, tonu 180 min olmaqla ayrılmasına, habelə təbaşirli kağız məsələsini də həll etdi. Bu olduqca çətin və ordu üçün vacib bir məsələ idi. Hərbi nəşriyyatda işlədiyim dövrdə tərtib etdiyi bütün kitabları bizim mətbəədə çap etdirirdi. Çapa verdiyi kitablar nəşrə tam hazır olsa da, deyirdi ki, sən də bax. Mən də bəzi yerləri oxuyurdum. Düzəlişə ehtiyac olmurdu. Bununla belə kitabın nəşrini maliyyələşdirmək üçün sponsor tapır, mənə də qonorar yazırdı. Nə qədər etiraz etsəm də deyirdi ki, bala mən bilirəm, sənin maddi durumun çətindir, dörd uşaq oxutdurursan, bir də ki, sənə halaldır, axı sən bu kitabları oxuyursan.
    Dostluq münasibətində olduğumuz illər ərzində onların evlərinə gedərkən cəmi bir neçə dəfə limon və iki-üç dəfə iki kiloya qədər qurban payı aparmışam. Buna görə də məni danlayıb ki, balaların var, apar onlar yesin. Demək olar ki, əksər bayramlarda evimizə öz bağlarından alma payı, apardığım iki kilo qurban ətinin müqabilində bütöv qoyun göndərilməsini təşkil edib. 70 və 75 illik yubileylərində ona heç bir hədiyyə verməmiş, sadəcə yanında olmuşam. Xəstə olduğu halda 60 yaşımın tamam olduğunu bildikdə zəng vurub məni evlərinə dəvət etmiş və çox qiymətli hədiyyələri öz əli ilə mənə təqdim edərək təbrik etmişdi.
    Başqalarından diqqət gözləməsə də hamıya qarşı, xüsusilə yaşı 70-i keçmiş şair, yazıçı və sənət adamlarına qarşı çox diqqətli idi.
    Bir dəfə zəng vurub dedi ki, xalq şairi Nəbi Xəzri Mərdəkanda xəstə yatır, şairdir, xalqımızın mədəniyyətinin xarici ölkələrdə təbliğində xidmətləri böyükdür, həm də qəlbi qırıqdır, yoldaşı da rəhmətə gedib, təkdir, şair xalqın danışan dilidir, gərək onu qoruyasan, gedək ona baş çəkək. Yaxşı olar ki, çəkiliş də olsun. Moskvada yaşayan keçmiş diplomat yazıçı Əbdül Hüseynov da qonağım idi. Hərbi kinostudiyadan operator çağırıb Nəbi müəllimi ziyarətə getdik. Çox sevindi, onu xəstəxanadan çıxarıb Şüvəlanda, məhz bu görüş üçün hazırlanmış ziyafətə apardıq. Çox gözəl söhbətlər oldu. Nəbi Xəzri son vaxtlar kitablarının az nəşr olunduğunu «Atillanın atlıları» poemasını təzə yazdığını qeyd etdi. Geriyə qayıdanda Rəşid müəllim Nəbi müəllimdən təzə yazdığı poemanın əlyazmasını alıb mənə verdi və çox qısa bir vaxtda çap olunmasını tapşırdı.
    İki həftə sonra isə Nizami muzeyində televiziyada verilmək şərtilə Nəbi müəllimlə görüş v%lunda şəhid olmuşlar. İndi onların ailə üzvləri, doğmaları bu nəşri necə həsrətlə gözləyirlər. Canlarını yolumuzda fəda etmiş babalarımız üçün təbaşirli kağız əsirgəmək nə deməkdir. Heç səndən gözləməzdim». Növbəti günü mənimlə Dövlət Material Ehtiyatları Komitəsi sədrinin yanına getdi. Ofset kağızının bir tonu artıq nazirlər sovetinin təsdiq etdiyi tarifə görə bir milyon yarıma olsa da, «Hərbi nəşriyyat» üçün 40 ton kağızın köhnə qiymətlə yəni, tonu 180 min olmaqla ayrılmasına, habelə təbaşirli kağız məsələsini də həll etdi. Bu olduqca çətin və ordu üçün vacib bir məsələ idi. Hərbi nəşriyyatda işlədiyim dövrdə tərtib etdiyi bütün kitabları bizim mətbəədə çap etdirirdi. Çapa verdiyi kitablar nəşrə tam hazır olsa da, deyirdi ki, sən də bax. Mən də bəzi yerləri oxuyurdum. Düzəlişə ehtiyac olmurdu. Bununla belə kitabın nəşrini maliyyələşdirmək üçün sponsor tapır, mənə də qonorar yazırdı. Nə qədər etiraz etsəm də deyirdi ki, bala mən bilirəm, sənin maddi durumun çətindir, dörd uşaq oxutdurursan, bir də ki, sənə halaldır, axı sən bu kitabları oxuyursan.
    Dostluq münasibətində olduğumuz illər ərzində onların evlərinə gedərkən cəmi bir neçə dəfə limon və iki-üç dəfə iki kiloya qədər qurban payı aparmışam. Buna görə də məni danlayıb ki, balaların var, apar onlar yesin. Demək olar ki, əksər bayramlarda evimizə öz bağlarından alma payı, apardığım iki kilo qurban ətinin müqabilində bütöv qoyun göndərilməsini təşkil edib. 70 və 75 illik yubileylərində ona heç bir hədiyyə verməmiş, sadəcə yanında olmuşam. Xəstə olduğu halda 60 yaşımın tamam olduğunu bildikdə zəng vurub məni evlərinə dəvət etmiş və çox qiymətli hədiyyələri öz əli ilə mənə təqdim edərək təbrik etmişdi.
    Başqalarından diqqət gözləməsə də hamıya qarşı, xüsusilə yaşı 70-i keçmiş şair, yazıçı və sənət adamlarına qarşı çox diqqətli idi.
    Bir dəfə zəng vurub dedi ki, xalq şairi Nəbi Xəzri Mərdəkanda xəstə yatır, şairdir, xalqımızın mədəniyyətinin xarici ölkələrdə təbliğində xidmətləri böyükdür, həm də qəlbi qırıqdır, yoldaşı da rəhmətə gedib, təkdir, şair xalqın danışan dilidir, gərək onu qoruyasan, gedək ona baş çəkək. Yaxşı olar ki, çəkiliş də olsun. Moskvada yaşayan keçmiş diplomat yazıçı Əbdül Hüseynov da qonağım idi. Hərbi kinostudiyadan operator çağırıb Nəbi müəllimi ziyarətə getdik. Çox sevindi, onu xəstəxanadan çıxarıb Şüvəlanda, məhz bu görüş üçün hazırlanmış ziyafətə apardıq. Çox gözəl söhbətlər oldu. Nəbi Xəzri son vaxtlar kitablarının az nəşr olunduğunu «Atillanın atlıları» poemasını təzə yazdığını qeyd etdi. Geriyə qayıdanda Rəşid müəllim Nəbi müəllimdən təzə yazdığı poemanın əlyazmasını alıb mənə verdi və çox qısa bir vaxtda çap olunmasını tapşırdı.
    İki həftə sonra isə Nizami muzeyində televiziyada verilmək şərtilə Nəbi müəllimlə görüş və kitabın təqdimatını keçirməyi mənə tapşırdı. Kitabı nəşr olundu. Çox gözəl və təntənəli bir görüş və təqdimat oldu. Nəbi Xəzri çox razılıq etdi. Gözləri gülürdü. Rəşid müəllim də  çox şad idi ki, şairi sevindirə bilmişik.
    Rəşid müəllimin dostluq etdiyi əksər adamları tanıyıram. İşimlə bağlı yazıçı-şair bəstəkar rəssam bir sözlə üzdə olan sənət adamlarının əksəriyyəti ilə münasibətim var. Müxtəlif dövrlərdə Rəşid müəllimlə işləmiş, partiya-dövlət işçiləri – Kamran Hüseynov, Sadıq Murtuzayev, Çingiz Həsənov, Əlövsət Baxışov, – məhkəmə və hüquq-mühafizə orqan işçiləri Hacı Abdulla İbrahimov, Bahadur Hüseynov, – yazıçı ÇingizAbdullayev, şair Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qılman İlkin, Zəlimxan Yaqub və digər görkəmli şəxsiyyətlər söhbətlərində Rəşid müəllimdən danışarkən onu çox işgüzar, savadlı, sözündə düz, intizamlı, yüksək dərəcədə məlumatlı və erudisiyalı, mehriban və qayğıkeş bir insan kimi xarakterizə etmiş və edirlər.
    Rəşid müəllim Kommunist” qəzetinin özündən əvvəlki redaktorlarını  tez-tez xatırlayırdı və onların demək olar ki, hamısı haqda xatirə yazıb dərc etdirmişdi.
    Heç də təsadüfi deyil ki, bu gün Rəşid müəllimin haqqa qovuşmasından az bir zaman fasiləsi keçsə də, onunla bağlı əlimdə xeyli xatirə yazısı toplanıb. Sağlığında ustadlarını,  dostlarını xatırlayan həmişə xatırlanacaqdır.
    Rəşid müəllim çox həssas və Allaha bağlı insan idi. Deyirdi, “ ay oğul, mən istəmirəm ki, kimsə mənə görə əziyyət çəksin, çox istərdim ki, atamın, anamın, qardaşlarımın, qızımın yanında basdırılım”. Allaha yalvarardı ki, onu yağışlı, qarlı, küləkli, soyuq və çox isti havada dünyadan aparmasın ki, camaat əziyyət çəkər.
    Dünyasını dəyişməzdən bir qədər əvvəl mənə 28 nəfərdən ibarət bir siyahı tərtib etdirmişdi ki, onların ruhuna tanıdığım bir din xadiminə yasin oxutdurum, pulunu da göndərmişdi. Doğmalarının uyuduğu Mican qəbristanlığına gələrkən qəbirləri bir-bir ziyarət edərək baş daşlarına əl sürtər, salavat çevirər və “Yasin” oxutdurardı.
     Ötən yaz doğmalarının qəbirlərini ziyarətə getmişdik, ancaq yerdə qar vardı, qəbir daşlarının üstündəki qar bərkiyib daşa dönmüşdü. Rəşid müəllimin gözləri bir neçə il idi ki, tutulmuşdu. Atasının qəbrinin yanına apardım, başdaşını qucaqladı:
    – «Sənə qurban olum, ay ata, yatdığın torpağa qurban olum, sən burada doğmaların əhatəsindəsən. Atan, anan, ömür-gün yoldaşın, oğlun Fikrət, Ədhəm, nəvən Dilbər, bircə mən yoxam yanında ay ata». Göz yaşları üzündə gilələndi. Diz çökdü, əlini sinə daşının üstünə qoyanda daşlaşmış qarı üstündən təmizləmək istədi. Buz qopmurdu. Mən tez onun əl ağacı ilə qarı təmizləməyə çalışdım. Dedi ki, dəymə özüm təmizləyəcəyəm. Qalın geyinsəm də, sazaq mənim barmaqlarımı keyitmişdi. O, isə soyuğu hiss etmirdi. Dırnaqları ilə qarı sinə daşının üstündən təmizləyərək qolunun ətəyi ilə sildi. Mən onun yanından tərpənmədiyimdən bizi bura gətirən qardaşı oğlu Rauf o biri qəbirlərin üstünü qardan təmizlədi. Deyirdi ki, dəyməyin özüm təmizləyəcəyəm. Atasının, qardaşlarının, qızının, bacısı oğlu Fəxrəddinin, babasının qəbrini ziyarət edib, sonra ata yurduna getməyi arzuladı – «Bu yəqin ki, mənim ata yurduna son gedişimdir. Elə gedək ki, kənddən heç kəs məni görməsin». Evlərinə bir qədər qalmış babası Hacı Mahmud əfəndinin tikdirdiyi məscidin yanında maşını bir anlıq saxlatdırdı. Babasının və ulularının ruhuna bir daha dua oxudu. Mican kəndində  qar var  idi. Maşından düşən kimi diz üstə çökərək torpağı öpmək istədi, dodaqları soyuq qara toxundu. Ayağa durub babasının yüz əlli il əvvəl əkdiyi «Bastam» armudu ağacının yanına getmək istədi və ağaca tərəf irəlilədi. Sanki görürdü. Ağaca çatanda: «Sənə qurban olum ay Bastam armudu. Nə qədər sənin budaqlarına çıxmışam, nə qədər şirin, dadlı meyvələrindən yemişəm, nə qədər gözəl insan kölgəndə dincəlmiş, nə qədər adam səndən bəhrələnmişdir. Neçə uşağın, neçə kişinin, alimin, şairin, generalın nənnisi asılıb sənin budaqlarından. Neçə nazlı gəlin kölgəndə nehrə çala-çala, balalarına layla deyə-deyə qocalıb nənə olub. Sonra bu dünyadan köç ediblər. Kaş bütün insanlar da sənin kimi meyvəli, bəhrəli, kölgəli olaydılar. Bu mənim səninlə son görüşümdür. Sən hələ yaşa. Babamın, atamın, anamın, Rəşidin xatirələrini, nağıllarını sonrakılara danış». Ağacın ortası çürümüş, yuxarı budaqlarında yaşıl sarmaşıq bitmişdi. Ətrafına taxta qoyub bağlamışdılar. Ağac da Rəşid müəllim kimi son illərini yaşayırdı. Bu görüş doğrudan da Rəşid müəllimin ata yurdu ilə son görüşü idi. Yox, yox, bu hələ son görüş deyildi. Sadəcə, canlı, səsli vidalaşma idi. Son görüş 2008-ci il noyabr ayının 1-də oldu. Axşam saat 8-də hava üçün darıxan Rəşid müəllimi artıq əlindən tutaraq deyil, çiyinlərimiz üstündə doğma yurdla – ata yurdu ilə, Bastam armudu ilə vidalaşmağa gətirdik. Noyabrın 2-də isə doğma ata yurdunda, Bastam armudu ağacının önündə, onu sevən yüzlərlə insanların əhatəsində, qırxa yaxın möminin iştirakı ilə namazı qılınıb ruhuna «Quran» oxunaraq «Ər-rəhman» sədaları altında çox sevdiyi və özü üçün arzuladığı Mican qəbristanlığında əbədiyyətə qovuşmaq üçün doğmaların çiyinləri üstündə Bastam armuduna son dəfə vida deyərək ayrıldı.
    Mican qəbristanlığı iki tərəfdən maşınlarla əhatə olunmuşdu. Gələnlərin əksəriyyəti maşınları baş yolda saxlayıb «dağa» – qəbristanlığın yerləşdiyi təpəyə piyada qalxırdılar. Rəşid müəllim buranı «dağ» adlandırırdı. Respublikanın hər yerindən gələn Rəşidsevərlər onunla son vidaya, son əbədi mənzilinə tapşırmaq üçün buraya yığışmışdılar. Rəşid müəllim sağlığında bura gələndə deyirdi ki, buranın gözəl mənzərəsi və havası var. Əsl həqiqətdə də belədir. Qəbristanlıq mənzərəli bir təpənin üstündədir. Və bu təbiəti, havası, mənzərəsi gözəl təpənin üstündə, doğmaların yanında «Quran» sədaları altında Rəşid müəllimi torpağa tapşırdıqdan sonra vaxtilə Rəşid müəllimin                          xətrini çox istədiyi din xadimi Hacı Bəhruz axund mərhumun respublikada və habelə İsmayıllıda məscidlərin açılması, «Quran»ın və elmi-dini ədəbiyyatın nəşri ilə bağlı İslam dini yolundakı xidmətlərindən danışarıq ruhuna bir daha dualar oxudu. Respublikanın əməkdar müəllimi Şəfaqət Rəsulov Rəşid müəllimin tərcümeyi-halını oxuyub keçdiyi ömür yolundan danışdı. Dostları, həmkarları, yetirmələri və bu sətirlərin müəllifi mərhumun yaradıcılığı, xidmətləri və xeyirxah əməllərindən söhbət açdılar. Beləcə mərasim başa çatdı. Gün batmağa doğru gedirdi. İnsanlar doğulur, yaşayır, yaradır və haqqa qovuşurlar. Elə insanlar var ki, olumu ilə ölümü bilinmir. Bəzən dünyasını dəyişən kimi, ya da qırxı çıxan kimi unudulur. Elə insanlar da var ki, onları unutmaq istəsən də belə mümkün olmur. Əməlləri ilə yaşayır. Yazdığı kitablarda, əkdiyi ağaclarda, tikdiyi evlərdə, insanların qəlbində, boya-başa çatdırdığı övladlarının simasında yaşayır. Rəşid müəllim də bu qəbildən olan insanlardandır. O, da həyatının müxtəlif dönəmlərində jurnalistik fəaliyyəti göstərməklə, bir sıra məsul partiya və dövlət vəzifələrində çalışmışdır. Yaşlı nəsildən olan elm, təhsil, mədəniyyət, iqtisadiyyat və idarəetmə sahələrində çalışmış insanların əksəriyyəti onu yaxşı tanıyır və ehtiramla xatırlayırlar. Bu da tam təbiidir. Çoxillik əməyi, zəngin həyat təcrübəsi, biliyi, səriştəsi, əliaçıqlığı ilə tanınan Rəşid müəllimin həyat fəlsəfəsi təvazökarlıq və xalqa – insanlara təmənnasız xidmət etmək olmuşdur. O, etdiyi yaxşılıqlar barədə danışmağı sevmirdi. Əlində olanı Allah yolunda verməklə insanlara, çətinlikdə olanlara dayaq durmaq istəyər və bunu hiss etdirməməklə varını gözəl əməllərə sərf edirdi.
    Rəşid müəllim haqqa qovuşduqdan sonra özümdən asılı olmayaraq qeyri-ixtiyari hər gün qıldığım beş namazdan sonra atama, baba-nənələrimə, qaynatama, doğmalara və müəllimlərimə rəhmət dilədikdən sonra onun adını çəkməklə ona ayrıca rəhmət diləyirdim. Bu təxminən 50 gündən artıq davam etdi. Və bir gün sübh namazından sonra nədənsə Rəşid müəllimin adını çəkib ona rəhmət diləməyi unutdum. Namazdan sonra saat 11-ə qədər yatdım. Rəşid müəllim yuxuma girdi. Balkonda dayanmışdı. Məni görüb təkidlə evlərinə dəvət etdi. – “Məhbubə xanım çox gözəl plov bişirib,  gəl yeyib gedərsən”. Mən tələsdiyimi və Sadıq müəllimlə toya gedəcəyimi dedikdə birdən soruşdu ki, “Hacı Ramazandan xəbərin var?” və bu anda Hacı Ramazan yanında peyda oldu.
    Hacı Ramazan İsmayılov uzun illər partiya, dövlət və sovet işində çalışmış, Naxçıvan MR Nazirlər Sovetinin sədri, SSRİ Ali Sovetinin deputatı olmuş, gözəl ailə başçısı olmaqla son dövrlər Respublika Ovçular Cəmiyyətinin sədri işləyirdi. Rəşid müəllimlə dostluq münasibətlərində olmaqla müxtəlif şəhərlərdə dəfələrlə rəsmi səfərlərdə bir yerdə olmuşdular. Mənimlə bir yerdə müqəddəs Həcc ziyarətində olmuş, İbrahim məqamında birgə namaz qılmışdıq. O vaxtdan  dostluq münasibətlərimiz yaranmışdı.
    Oyanıb Rəşid müəllimin ruhuna “Yasin” oxuyub ona rəhmət dilədim. Nədənsə Hacı Ramazana zəng vurmadım. Bir neçə gün sonra “Xalq” qəzetindən Hacı Qüdrət Piriyev zəng vurub Hacı Ramazanın rəhmətə getdiyi xəbərini mənə çatdırdı. Rəşid müəllim yuxuma girdiyi anda Hacı Ramazanı mətbuat prospektində yolu keçərkən avtomobil vurubmuş. Rəşid müəllim o anda yuxuma girməklə dostumuzun darda-əbədiyyətə qovuşma ərəfəsində olduğunu mənə bildirmişdi.
    Allah ruhunu şad eləsin!, haqq dünyasında olsa da, ruhu bizimlədir.   
    Allaha xoş gələn əməllərinə görə insanların sevgisini qazanmış Rəşid müəllim inşallah Rəbbimiz tərəfindən cənnətlə mükafatlandırılacaqdır. Müqqədəs Hidayət kitabımız «Qurani-Kərimdə» buyurulduğu kimi: «Varını Allah rizası üçün və imanlarını sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, bir şəbnəm də bəs edər. Həqiqətən Allah nə etdiyinizi görəndir». Bəqərə-265.
    Rəşid müəllim özü və əməlləri də məhz belə bir dağın timsalındadır.
    Allah Rəşid müəllimə rəhmət eləsin! Amin!


    Hacı Mehman Fərzullayev
    “Qanunçuluq” jurnalının böyük redaktoru
     

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 980
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30