Azərbaycan diasporu Almaniyada etiraz piketi keçirib
Almaniyanın Ştuttqart şəhərində Azərbaycan diasporunun etiraz piketi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər.
Məlum olduğu kimi, bu il sentyabr ayının 16-dan 22-ə kimi Almaniya Federativ Respublikasında keçiriləcək Ermənistan mədəniyyəti günləri çərçivəsində erməni separatçıları qondarma “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsert proqramının təşkili ilə məşğuldurlar. İyul ayından başlayaraq Almaniya Federativ Respublikasında ermənilərin “saxta tədbirinə” qarşı etiraz aksiyası təşkil edilib. Bu aksiya rəsmi qurumların məqsədyönlü fəaliyyəti ilə başlanaraq, diaspor cəmiyyətlərini əhatə edərək, şəxsi təşəbbüsləri özündə əks etdirir. Azərbaycanın Almaniyadakı Səfirliyi Almaniyanın Xarici İşlər Nazirliyinə etiraz notasını təqdim edib, önəmli danışıqlar aparıb, siyasi səviyyədə konstruktiv tədbirlər görüb.
Azərbaycanın Baden Vürtemberq vilayətindəki fəxri konsulluğu Baden-Vürtemberq Əyaləti və Ştutqart şəhərinin hakimiyyət dairələrinə, tədbirin təşkilatçılarına, Baden-Vürtemberq Əyalətindəki erməni icmasına etiraz məktubları göndərib. Almaniyadakı azərbaycanlıların Koordinasiya Mərkəzi yazılı etiraz aksiyasını təşəbbüsləndirərək, Almaniyada fəaliyyət göstərən bütün Diaspor cəmiyyətlərinə məktubla müraciət edib, onları sentyabrın 19-da Ştutqart şəhərinin Bad Kanştatt rayonunda keçiriləcək konsert haqqında məlumatlandırıb və konsertlə bağlı yazılı etirazlarını bildirməyə çağırıb. AAKM Almaniyanın adı çəkilən dövlət idarə və qurumlarına çoxsaylı etiraz məktubları göndərib.