Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qeydiyyatsız mənzillərin sakinləri
    Paytaxtda sənədsiz mənzillərin qeydiyyata alınması xəbəri yüzlərlə ailəni sevindirdi. Hazırda bununla bağlı proqramın hazırlanması istiqamətdə aidiyyəti dövlət orqanlarında iş aparılır. Amma Bakıətrafı qəsəbələrdə magistral qaz kəmərlərinin üzərində, dəmir yolu xətlərinin mühafizə zolağında xeyli sayda ev var.
    Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olduğu iddia edilən torpaqlarda da bələdiyyə sərəncamı ilə yüzlərlə ev tikilib. Amma Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət Dəmir Yolu öz ərazilərində olan tikililərə sənəd verilməyəcəyini açıqlayır. ARDNŞ artıq ərazisində olan qanunsuz tikililərin vəziyyəti ilə tanış olmaq üçün reydlərə başlayıb.

    Qurumdan bildirilir ki, artıq həmin torpaqların kadastrı hazırlanaraq, hökumətə təqdim edilib və neft çıxarılan ərazilərdə tikilən evlər sənədləşdirilməyəcək. Nəqliyyat Nazirliyi də dəmiryolunun mühafizə zolağında “Şanxay” kimi tanınan ərazidə 800-ə yaxın evin sökülməsi ilə bağlı hökumət qarşısında məsələ qaldırıb. Maraqlıdır, neft buruqlarının yaxınlığında, dəmir yolu, magistral qaz kəmərlərinin mühafizə zolaqlarında tikilən evlərin taleyi necə olacaq? Əgər sənədləşdirilməsi mümkün olmayacaqsa, bu ərazilərdə məskunlaşan şəxslərin köçürülməsi hansı yolla həyata keçirilməlidir?

    Əsas yaşamaq üçün yerin olmasıdır

    Araşdırmalar göstərir ki, hazırda daha çox məskunlaşma aparılan ərazilərdən biri Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olduğu iddia edilən, lakin bələdiyyə sərəncamı ilə vətəndaşlara verilən torpaq sahələridir. Uzun müddət yerli icra orqanlarının səhlənkarlığı və torpaqlarda mənzil tikintisi üçün yaradılan bürokratik əngəllər səbəbindən şəhərətrafı qəsəbələrdə vətəndaşlar minlərlə ev tikib. Bu evlərin böyük bir hissəsi isə neft buruqlarının yaxınlığında, yaxud neftlə çirklənmiş ərazilərdə inşa edilib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, onilliklər ərzində neft istehsalında köhnəlmiş texnologiyalardan istifadə edilməsi torpağın neft və minerallaşmış su ilə çirklənməsinə gətirib çıxarıb. Təkcə Abşeron yarımadasında və onun ətrafındakı çirkləndirilmiş ərazilər təxminən 10 min hektardan artıqdır ki, bunun da 7,4 min hektarı kənd təsərrüfatı (əkin sahələri) torpaqlarıdır. Bəzi ərazilərdə neft torpağın 3 metrlik dərinliyinə hopub və yeraltı suların çirklənmə mənbəyinə çevrilib. Bir sıra hallarda eyni torpaq sahəsi, həmçinin radionuklidlərlə də çirklənib. Bu ərazilərin bəzisində qamma şüalanma maksimum yol verilən həddən 20-50 dəfə yüksəkdir. Neftayırma və neft-kimya zavodlarının ətrafındakı torpaqlar neft və maye karbohidrogenlərlə çirkləndirilib. Bu da öz növbəsində atmosferin çirkləndirilməsi mənbəyinə çevrilib.
    Bakıda neftlə çirklənmiş və ona yaxın ərazilərdə yaşayan sakinlərlə apardığımız söhbətlərdə məlum oldu ki, onlar yaşadıqları ərazilərin təhlükəli olduğundan xəbərdardır. Əksər vətəndaş öz sağlamlıq durumunu yox, yaşamaq üçün yerinin olmasını düşünərək bu addımı atıb. Buna görə də neft gölməçələrinin bir neçə addımlığında, neft və qaz kəmərlərinin üzərində evlər tikilib. Həmin evlər isə insanların həyatı üçün real təhlükə mənbəyidir. Həmin ərazilərdə tikilən evlərə sabah qaz və ya neft dolmayacağına heç kim zəmanət vermir. Artıq bunun acı nəticələri də özünü göstərib. Bir neçə ailə bu cür faciələrin qurbanı olub.

    Bəs sağlamlıq?

    Paytaxtda neftlə çirklənən ərazilərdə monitorinq aparan “Bərabər İmkanlar Mərkəzi” İctimai Birliyinin sədri Rafiq Təmrazov deyir ki, həmin ərazilərdə yaşayanların ciddi problemləri var. Belə ki, sakinlər məskunlaşdıqları ərazilərdə xəstəliklərin çox olmasından və ekoloji mühitin kəskin dərəcədə pis olmasından şikayətlənirlər. Bir çox insan neft buruqlarının bir neçə addımlığında ev tikib və evlərin ətrafında, yolların kənarlarında çirkab sular toplanır, antisanitariya hökm sürür.
    Həkim Azər Quliyev də hesab edir ki, neftlə çirklənmiş torpaqlarda evlərin tikilməsi orada yaşayan şəxslərin sağlamlığı üçün zərərlidir: “Bir çox halda insanların yaşaması üçün heç bir şəraiti olmayan ərazilərdə evlərin tikilməsinə icazə verilib. Hətta elə yerlər var ki, evlərin bir neçə metrliyində neft gölməçələri olur. Uşaqlar neftli gölməçələrin, quyuların ətrafında oynayır. Köhnə neft buruqlarının olduğu ərazilərdəki torpaqlar insanların sağlamlığına zərbə vurur. Həmin ərazilərdə yaşayanların xərçəng, ürək-damar, astma-bronxit, mədə xəstəliklərinə tutulma ehtimalları digərlərinə nisbətən xeyli yüksəkdir. Yaxşı olardı ki, həmin ərazilər vətəndaşların istifadəsinə verildiyi halda radiasiyanın təsiri öyrənilsin, ərazidə havanın və torpağın ekoloji təmizliyi araşdırılsın”. 
    Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, neft istehsalı zamanı bu gün də torpaqlar çirkləndirilir: “Həmin mazutun tərkibində ağır karbohidrogenlər var. Bu isə birbaşa torpağa axıdılır. Onların tərkibində olan radiasiya bu gün orada yaşayan insanların sağlamlığına təhlükədir. Son illər neftlə çirklənmiş ərazilərdə yaşayan insanlar arasında xərçəng xəstəliyinə düçar olanların sayı artıb. Qadınlar arasında erkən uşaq tələf etmə halları çoxalıb. Uşaqlarda olan müxtəlif xəstəliklərin isə hələ nə olduğu müəyyənləşdirilməyib. Onlar da virus adı ilə müalicə olunur. Amma konkret nə virusdur, nədən yaranması ilə bağlı həkimlərdə də dəqiq məlumat yoxdur. Qan təzyiqi xəstəliyi artıb. Buna görə də neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün ciddi işlər aparılmalıdır”.

    Ən doğru addım - sənədləşmə

    Maraqlıdır ki, həyatı üçün təhlükəli olan ərazilərdə tikilən evlərdə məskunlaşanlar orada yaşamağın təhlükəli olduğunu bildiyi halda evlərinin sökülməsini etirazla qarşılayır. Araşdırma göstərir ki, həmin ərazilərdə məskunlaşanların əksəriyyəti imkansız ailələrdir. Məhz burada ev tikilməsinə isə bələdiyyə və digər qurumlarda olan korrupsiya halları yol açıb. Çünki respublikamızda müvafiq qurumların icazəsi olmadan nəinki ev tikmək, iki daşı üst-üstə qoymaq mümkün deyil. Hətta evdə aparılan təmir işləri zamanı da yerli icra orqanlarının nümayəndələrindən tutmuş, həmin sahəyə cavabdeh olan müvafiq qurumların nümayəndələrinədək hamı maraqlanır. Belə olan halda minlərlə şəxsin bu ərazilərdə icazəsiz ev tikməsi mümkün deyildi.
    Bu amili nəzərə alan əksər ekspertlər hesab edir ki, əgər infrastruktur müasir standartlara cavab verirsə, tikililər magistral xətlərin mühafizə zolağında deyilsə, dövlətə rüsum ödənilibsə, həmin mənzilləri qeydiyyata almaq lazımdır.
    Məsələyə münasibət bildirən ekspert Rövşən Ağayev də hökumətin qanunsuz adlandırdığı, amma müəyyən tikinti standartlarına cavab verən evlər barədə aministiya verilməsinin tərəfdarı olduğunu vurğuladı: «Həmin evlərin böyük əksəriyyətinin tikildiyi torpaqla bağlı hətta bələdiyyə sərəncamı da yoxdur. Amma heç bir vətəndaş aidiyyəti orqanların icazəsi olmadan heç bir tikinti apara bilməzdi. Buna görə də torpaq ayrılması ilə bağlı bələdiyyə sərəncamı olmadan tikilən evlər də qeydiyyata alınmalıdır.  Əgər vətəndaşa mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə sərəncamı varsa, vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getməklə oradan torpaq üzərində mülkiyyətlərini rəsmiləşdirməlidir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bütün ərazilərin torpaq xəritələri çəkilib. Torpaq Məcəlləsinin tələblərinə görə, ərazilər torpaq növlərinə görə təsnifatlaşdırılıb. Artıq dəqiq bilinir ki, hansı torpaq hansı təyinatlıdır. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarlarına əsaslanaraq mənzil tikintisi aparılan torpaqların təyinatı dəyişdirilə bilər. Çünki Nazirlər Kabinetinin qərarlarında tikinti aparılması üçün tələblər göstərilib. Həmin tələblərə cavab verən ərazilərdə tikilən evlər sənədləşdirilə bilər. Paytaxtda elə yerlər var ki, ora neft şirkətinin torpağı olsa da, amma həmin ərazilərdən uzun illərdir neft çıxarılmır. Torpaq o halda hansısa dövlət şirkətinə məxsus olmalıdır ki, orada faktiki olaraq iş aparılır. Dövlət hər birinin dəyəri 50-60 min manat olan evləri söküb vətəndaşların əlindən almaqdandısa, həmin evləri sənədləşdirməlidir”.
    Hüquqşünas Müzəffər Baxışov da o qənaətdədir ki, vətəndaş yaşadığı mənzilə görə vergiləri və kommunal xərcləri ödəyibsə, sənədləşmə aparılmasında problem yoxdur: “Bununla sənədsiz evlərdə yaşayan minlərlə vətəndaşın mülkiyyət hüququ tanınacaq. Həmçinin dövlətin də vətəndaş qarşısında pozitiv öhdəlikləri var. Dövlət kredit verməklə, torpaq sahəsi ayırmaqla vətəndaşlara mənzil hüququ verməlidir. Digər tərəfdən isə əksər vətəndaşların yaşadıqları evlər qanunsuz adlandırılsa da, neçə illərdir kommunal xidmətlərə görə pul ödəyir. Əgər vətəndaş işıq, qaz, su, telefon pulu, torpaq, əmlak vergisi ödəyirsə, dövlət vətəndaşın həmin ərazidə yaşamaq hüququnu tanımalıdır. Avropa Məhkəməsinin bir neçə qərarında da bu məsələ öz əksini tapıb. Bu görə də ən doğru addım qanunsuz adlandırılan həmin evlərin sənədləşdirilməsidir”.

    Təkcə bələdiyyələr məsuliyyət daşımır

    Məsələyə münasibət bildirən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, millət vəkili Tahir Rzayevin sözlərinə görə, sənədsiz evlərin tikilməsində təkcə bələdiyyələri günahlandırmaq düzgün olmazdı: “Həmin torpaqlar bələdiyyələrin ərazilərində olsa da, onların mülkiyyətində deyil. Digər tərəfdən isə bir çox bələdiyyənin mülkiyyəti hələ də dəqiqləşdirilməyib. Ona görə də bələdiyyələr onların ərazilərində olan torpaqların onlara məxsus olmasını düşünüb vətəndaşlara veriblər. ARDNŞ-ə məxsus olduğu iddia edilən torpaqların vətəndaşlara verilməsi ilə bağlı sənədlərə baxdıqda məlum olur ki, həmin torpaqların verilməsi bu qurumun icazəsi ilə aparılıb. Yəni ARDNŞ-in həmin ərazilər üzrə nümayəndələri neft çıxarılması üçün istifadə edilməyən torpaqların vətəndaşlara verilməsinə icazə verib. Hazırda deyilir ki, həmin vaxt bu icazəni verən məmur qanunsuzluq edib. Axı verilmiş qərarlar dövlət adından çıxarılır və hansısa məmurun qanunsuz addımının cəzasını vətəndaş çəkməməlidir. Standartlara cavab verən mənzillər birmənalı olaraq qeydiyyata alınmalıdır. Nəzərə alınmalıdır ki, bu evlərin tikilməsində təkcə bələdiyyələr yox, aidiyyəti dövlət qurumları da məsuliyyət daşıyır. Bələdiyyə torpaq ayırıbsa, həmin sənədlərə yerli icra, hüquq-mühafizə orqanları, işıq, qaz, su idarələrinin nümayəndələri də qol çəkib. Ən azından həmin qurumlar indi qanunsuz adlandırılan evlərin tikintisinə mane ola bilərdilər. Düşünürəm ki, neft quyusunun yaxınlığında, qaz kəmərlərinin üzərində evlər tikilibsə, onlar məhkəmə qərarı ilə vətəndaşa kompensasiya ödəmək şərti ilə sökülə bilər. Digər ərazilərdə isə evlər sənədləşdirilməlidir. Bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur. Vətəndaş da burada ev tikibsə, əgər torpağın mülkiyyətçisi olduğu dövlət qurumları həmin torpaqdan istifadə etmirsə, evlər sənədləşdirilə bilər”.
    Bu gün neft buruqlarının yaxınlığında, dəmir yolu, magistral qaz kəmərlərinin mühafizə zolaqlarında məskunlaşan vətəndaşlar illərlə çəkdikləri zəhmət hesabına tikdikləri evlərini itirmək istəmirlər. Onlar üçün hazırda yaşamağa yer hər şeydən vacibdir. Dövlətin adından sərəncam verən qurumlardan hansısa birinin icazəsi ilə üstündə ev tikdikləri torpağın hansı vəziyyətdə olması və kimə məxsus olması onları az maraqlandırır. Çünki onlar bu və ya digər şəkildə ya bələdiyyədən, ya da yerli icra orqanından icazə alaraq bəlkə də son vəsaitlərini xərcləyib özlərinə şərait yaradıblar. Dövlət isə hər şeydən öncə vətəndaşının qayğısına qalmalıdır. Azərbaycan dövləti də bu gün həmin missiyanı yerinə yetirir. Buna görə də hansısa məmurun etdiyi səhvlərin cəzasını vətəndaş çəkməməlidir. Standartlara cavab verən mənzillər qeydiyyata alınmalı, vətəndaşların həyat və sağlamlığı üçün təhlükəli olan ərazilərdə tikilən evlər isə orada yaşayan insanlar başqa ərazilərdə yerləşdirildikdən sonra sökülməlidir.


    Ayxan Kazımlı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 407
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30