Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı”
    Məmməd Məmmədovu ilk dəfə düz 7 il öncə tanımışdım. O vaxt Naxçıvanın mərkəzi qəzeti olan “Şərq qapısı”nın Baş redaktoru idi. Əslində mətbuata olan marağım məni onun yanına aparmışdı. İşləmək istədiyimi söylədikdə, - “çox yaxşı, sən hələ gəncsən istəsən gələcəkdə yaxşı jurnalist də ola bilərsən” – dedi. Elə həmin gün məni qəzetdə korrektor vəzifəsinə götürdü. Sonra da qələm əhli olduğumu, cızma-qara edə bildiyimi görüb qəzetdə müxbir işləməyimə şərait yaratdı. Amma yollar nə qədər birləşsə də, gec tez ayrılır. Beləcə, “Şərq qapısı”nda birləşən yolumuz da bir müddət sonra ayrıldı və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yenidən birləşdi. Bir-birimizə qarşı səmimi münasibətimiz, inamımız və qırılmaz tellərlə söz adamlarını özünə bağlayan mətbuat bizi də yaxın dosta çevirdi.
    Onu da deyim ki, Məmməd müəllim bu gün Naxçıvanda ən sanballı jurnalistlərdən biridir. O, 1962-ci ildə Şərur rayonda anadan olub.

    Uşaqkən təbiətin min bir rənginə boyanan dağlarının, daşlarının təmiz havasını udub, bulaqlarının gur, bumbuz suyunu içib. Quşların cəh-cəhi, bülbüllərin nəğməsi onun ən sevimli şeirinə, nəğməsinə çevrilib... Və beləcə təbiətdən – dağdan, daşdan, hətta uçan quşdan ilham alıb. Yeni bir şey yazmaq-yaratmaq eşqi ilə yaşamaq ana südü kimi qanına, canına hopub. Elə gördüklərini qələmə almaq, təbiəti təsvir etmək vərdişlərinə də məktəbli vaxtlarından yiyələnib. Bu gün jurnalistika sənətində təsadüfi adam olmadığını onun hələ məktəbli olarkən yazdığı və indi də tez-tez bizə xatırlatdığı inşasındakı kiçik bir şeiri açıq-aydın göstərir:
    Jurnalist olmaqçün inanın ki, mən,
    Keçərəm hər oddan, hər çətinlikdən.
    Əgər bu arzuma çata bilməsəm,
    Küsərəm mən yalnız öz taleyimdən.

    Beləcə uşaqlıq dövrünü arxada qoyan Məmməd müəllim ötən əsrin 90-cı, o ağrılı, acılı illərində jurnalistikaya qədəm qoyur. “Sovet kəndi”, “Həyat”, “Bərəkət” qəzetlərində müxbir vəzifəsində çalışır. 1996-cı ilin yanvar ayından “Azərbaycan” qəzetində işini davam etdirir. 4 il sonra Naxçıvan MR Ali Məclisinin mətbuat orqanı olan “Şərq qapısı” qəzetinə redaktor təyin olunur. Yeddi illik qəzet redaktorluğu dövründə Naxçıvan mətbuatına gənclərin cəlb edilməsi, “Şərq qapısı” qəzetnin həftədə beş gün və 8 səhifə olmaqla nəşr olunmasına müvəffəqiyyətlə nail olur. 2007-ci ildən isə “Azərbaycan” qəzetinin Naxçıvan MR üzrə xüsusi müxbiri işləyir. O, eyni zamanda II və III çağırış Naxçıvan MR Ali Məclisinin deputatıdır. Tarix üzrə fəlsəfə doktoru olan Məmməd Məmmədov bir sıra elmi və publisistik məqalələrin, “Naxçıvan MR-də ictimai siyasi proseslər” monoqrafiyasının müəllifidir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalistidir. Onu da deyək ki, hər iki adı alan ilk jurnalistdir. Qazandığı uğurlara görə həmişə özünü Ulu öndər Heydər Əliyevə və onun davamçılarına borclu hesab edir.
    Aramızdakı yaş fərqinə baxmayaraq Məmməd müəllim böyüklə böyük, kiçiklə kiçik olmağı bacarır. Boş vaxtlarımızda Naxçıvanın ən gözəl guşələrindən biri olan “Bazar gölü” kafesində onunla tez-tez mətbuatdan danışar, qəzetlərdə çıxan bəzi məqalələr haqqında söhbət edər, yeni çıxan məqalələrini yaxşıca analiz edirik.
    Bir gün Məmməd müəllim deyəndə ki, bu günə qədər min bir əzab-əziyyətlə yazdığım və müxtəlif qəzetlərdə dərc etdirdiyim məqalələri bir yerə toplamaq, kitab halında nəşr etdirmək istəyirəm, doğrusu bu işi qısa vaxta həyata keçirəcəyinə inanmamışdım. Fikirləşirdim ki, yəqin bu işləri bir neçə il sonra həyata keçirəcək. Amma iki gündən sonra mənə zəng edərək nəşr edəcəyi kitabın “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” adlandırdığını söylədi. Düzü, çox duruxdum. Onun operativ və çox zəhmətkeş adam olduğunu bilsəm də, bu qədər qətiyyətlə işə girişəcəyinə inanmamışdım. Sözün doğrusu, ad o qədər gözəl seçilmişdi və xoşuma gəlmişdi ki, fikrim kitabın adında qalmışdı və Məmməd müəllimin telefonda mənə daha nələr dediyini də unutmuşdum. Sonralar nə üçün bu adı seçdiyini soruşduqda, məgər müstəqilliyimiz Naxçıvandan başlamayıbmı? Müstəqilliyimizin qorunub saxlanılmasında Naxçıvanın rolunu danmaq olarmı, - deyə sualıma sualla cavab vermişdi...
    Və qısa vaxt ərzində məqalələri bir yerə toplayan Məmməd müəllim bu arzusunu gerçəkləşdirə bildi.
    “Heydər Əliyev çörəyi”, “Siyasətdə Naxçıvan dərsləri”, “Mənim qəzetli dünyam”, “Şərqin qapısı Naxçıvan”, “Naxçıvan – kiçik Azərbaycandır”, “Ömrümün qırxıncı baharı” kitablarının müəllifi olan Məmməd Məmmədovun “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” kitabını onun yaradıcılıq zirvəsi hesab etsək inanırıq ki, müəllifə qarşı haqsızlıq etmərik.
    Şirvannəşrdə nəfis tərtibatla və rəngli şəkillərlə çap olunmuş kitab ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunub. Elmi məsləhətçisi Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, redaktoru Azərbaycanın əməkdar jurnalisti və Müstəqil Jurnalistlər Liqasının sədri Xalid Niyazov olan kitabın elə ilk səhifəsi də milli lider Heydər Əliyevin “Naxçıvan milli azadlıq, dövlət müstəqilliyi uğrunda gedən mübarizələrin həmişə dayağı olub” fikri ilə başlayır. Sonra isə Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və bu siyasi kursu Naxçıvanda uğurla həyata keçirən, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan haqqında fikirləri kitabda yer alır.
    “Ön söz əvəzi və yaxud ömrümün yaddaqlan günləri”ndə müəllif 20 il öncəki Naxçıvan həyatından, gözləri ilə gördüklərindən, o zaman Naxçıvanda qəbul edilmiş taleyüklü qərarlardan və bu qərarlara jurnalist mövqeyindən yanaşmasından danışır.
    Əməkdar jurnalist Xalid Niyazovun “Redaktor sözü, yaxud dünyaya açılan “tənha ada” adlandırdığı ön söz o qədər səmimi, içdən və axıcı yazılıb ki, ömrüm boyu oxuduğum kitablarda bu qədər içdən və səmimi, oxucunu özünə cəlb edəcək ön sözə rast gəlməmişəm.
    Kitabda nə yoxdur ki? Elə redaktor yazdığı kimi, sanki müəllif 20 illik zaman məsafəsində gözləri ilə qucaqlayıb, yanağını yanağına dayayıb, qəlbinin döyüntüsünü dinləyir  torpağın. Bir quş olub yurdumuzun bağlarında səkir, küləyə dönüb sünbülünü, yulğununu, vətən daşını, vətəndaşını öpür, Böyük düzdə pörşələnib, Batabatında sərinləyir, Arazına baş vurub, Əlincəsinə qalxır Ana yurdun. Bəzən pıçıltıyla danışır, sanki onun səsindən yarpaqlar titrəyib töküləcək, bəzənsə hayqırır düşmənin kötük bağrını dəlir...
    Altı bölmədən ibarət kitabın birinci bölməsi görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü adlanır. Bu bölmədə tarixin bağrından qopub gəlmiş hadisələr inci kimi, səf-səf sıraya düzülür. Taleyüklü qərarlar, hadisələr ağ vərəqlər üzərinə, yaddaşlara köçürülür. Hər biri də bir tarix, düşmən gözünə tuşlanan bir ox kimi...
    Naxçıvandan başlanan işıqlı yol öz ziyasını tezliklə Azərbaycana salacaq. Ulu öndərin yandırdığı ümid çırağı xalqda gələcəyə inam hissini formalaşdıracaq. Dağılmış, səpələnmiş, pərən-pərən düşmüş ölkəmiz onun sayəsində yoxdan var olacaq... Yeni bir səs eşidəcək bütün dünya - “Mən fəxr edirəm ki, azərbaycanlıyam” – hayqırtısı yüksələcək ölkəmizin hər yerindən...
    “Dövlət müstəqilliyinin bərpası istiqamətində qəbul edilən tarixi qərarlar” adlanan ikinci bölmədə “Azadlıq və istiqlaliyyət uğrunda mübarizənin başlanğıcı”nda baş verən hadisələr canlı şahidin gözündə yenidən film kimi canlandırılır. Ağrılı, acılı, əzab dolu tarixi yolda Azərbaycandakı durğunluq, Naxçıvandakı sərhəd hərəkatı, müəllifin fikrincə, “Milli istiqlal mücadiləsinin Naxçıvan mərhələsi”ni labüdləşdirdi. Bunun ardınca “Böyük siyasətə qayıdış” başladı və “Naxçıvandan başlanan milli dirçəliş prosesi” “Milli birlik və həmrəylik günü”nün və “Bir millət, iki dövləti birləşdirən körpü”nün təməlini qoydu.  Beləliklə, “20 Yanvar faciəsinə də ilk dəfə Naxçıvan Ali Məclisində qiymət verildi”. Amma Azərbaycandakı vəziyyətin get-gedə nəzarətdən çıxdığı bir vaxtda, Naxçıvanda Azərbaycan tarixi və müstəqilliyi üçün ən önəmli qərar verilirdi. Bu barədə müəllif “Heydər Əliyev və Naxçıvanda Mili Ordu Quruculuğu məsələləri”ndə söhbət açır. Bundan sonra qarşıya qoyulan prioritet məsələ beynəlxalq əlaqələr olacaqdı...
    ...Artıq Ulu öndər yeni Azərbaycan modelini ortaya qoyub və bunun sayəsində hər yerdə yenilik, inkişaf görünməkdədir. Bunu vaxtilə “tənha ada” adlandırılan, Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvanda da görmək mümkündür. Özü də Azərbaycanın digər bölgələrindən daha sürətlə, daha çox inkişaf edən, böyüyən Naxçıvanda...
    “Yeni və müasir Naxçıvan” adlanan üçüncü bölmədə müəllif 20 il öncədən bu günədək öz gördüklərini qələmə alır... “Yeni və müasir Naxçıvan(ın): inkişafdan intibaha doğru” böyük addımlarla irəlilədiyini,  “Müstəqillik dövrümüzdə(ki) Naxçıvan”la müqayisə oluna bilməyəcək şəkildə gözəlləşdiyini, mənzərəsini dəyişdiyini yazır. “Şərurun abad, gözəl və yaraşıqlı kəndləri”ni gəzən müəllif yenidən Naxçıvana qayıtdığı zaman “Naxçıvan möcüzəsi”nin şahidi olur.
    Dördüncü bölmədə müəllif Naxçıvanın nə qədər inkişaf etsə öz tarixi simasını qoruduğunu, bu yurdun “Qədim abidələr diyarı: Naxçıvan” adlandırıldığını yazır. “Naxçıvanda Nuh peyğəmbərin məzarüstü türbəsi”ni ziyarət edir, tarixi yaddaşı varaqlayır, “Naxçıvan buzxanası”nda sərinləyib, “Xan Sarayı”na yol alır... “Açıq səma altında muzey”də gördüyü qoç heykəllərinə heyrətini gizlədə bilmir. Amma yol uzundur.. O, “Qarabağların daş yaddaşı”ndan “Azərbaycanın incisi” və qoruq şəhəri olan Ordubad”a qədər böyük bir yol qət etməlidir... Bu ulu yurdda müəllif hələ çox şeylə rastlaşacaq...
    Buna görə də o beşinci bölmədə gördüklərini “Naxçıvan: mədəniyyəti, təbiəti və sərvətləri ilə” adlandırır. Oğuz babalarımızın ilkin möhürü olan “Şərur yallısı (nın) – Naxçıvanın tacı” olduğunu öyrənir. “Tənzərə”, “Köçəri”, “Urfanı”, “Qaladan-qalaya” yallısı onu susuzdurur,  “Təbii bulaqlar muzeyi”ndə su içmək istəyir. Amma “Sirab”, “Badamlı”, “Gülüstan” kimi mineral bulaqların hansından içəcəyini, “Ahabi-Kəhf”, “Darıdağ” kimi təbii müalicəvi sulardan hansında yuyunacağını yəqinləşdirə bilmir... Və özü-özü ilə ağrılı, acılı, xöş günlərin söhbətini edir...
    Buna görə də altıncı bölmədə o “İqtisadi blokadanın çətinliklərindən” danışır. “Naxçıvan: iqtisadi blokadanın ağrılı, acılı söhbəti” onu “Yalan və həqiqət”i ayrıd etməyə çağırır. “Ürəyim(n)də yaşayan ağrı və şölənən ümid”lə Xudafərindən keçir... Yeni-yeni axtarışlar onu “Ömür kitabından sətirlər”i varaqlamağa vadar edir...
    Sonda müəllifin gördükləri, yazdıqları fotoların dili ilə oxucularla söhbətini davam etdirir...
    Beləcə “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” adlanan kitab haqqında bizim fikirlərimiz də sona çatır...
    Ancaq bu kitabı oxuduqca görürsən ki, yox, hələ Naxçıvanda yaşasaq da, bizim görə bilmədiyimiz çox şey var bu ulu yurdda, bu qədim diyarda...
    Sonda bu cür zəngin kitabın ərsəyə gəlməsində cüzi də olsa əməyim olduğuna görə özümü çox xoşbəxt hiss etiyimi də qeyd etməyi özümə borc bilirəm.

    Elmar HÜSEYNOV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 528
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30