Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hacı Mirzə Səlim Axundzadə
    Bir mücahidin ürək dağlayan həyat dramı

    Zaqafqaziya Seyminin nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, ilk parlamentimizin üzvü Hacı Mirzə Səlim Axund Axundzadə öz dövrünün görkəmli siyasi xadimlərindəndir. Zəngin tərcümeyi–halı, əzablı taleyi olan bu görkəmli şəxsiyyət haqqında tədqiqatçılarımız tərəfindən bu günə kimi ətraflı araşdırmalar aparılmayıb. Onun vətəndən didərgin düşəndən sonra qələmə aldığı “Xatirələr”i təkcə o dövrün ictimai-siyasi hadisələrini deyil, həm də tariximizin müəyyən dönəmini öyrənmək baxımından çox qiymətlidir.
    Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Atası Mirzə İsmayıl Qasir (1805-1900) öz dövrünün tanınmış şairi və görkəmli maarifçisi idi. Şirvandan Lənkərana köçəndən sonra “Üsuli-cədid” məktəbi yaradaraq, maarifçiliklə məşğul olmuşdu.

    Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dediyi məktəbdə alıb. Məlumat üçün onu da qeyd edək ki, Cümhuriyyət dövründə Azərbaycan Ordusunun müdafiə naziri olan General Səməd bəy Mehmandarov da Qasirin sevimli şagirdlərindən biriydi.
    M.S.Axundzadə “Üsuli-cədid”də fars və ərəb dillərini öyrənəndən sonra, o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Gimnaziyada təhsilini uğurla başa vuran Səlim bir müddət şəhər polis idarəsində, sonra isə yerli mülkiyyətçi Əsgərxan Talışinskinin yanında katib işləyir. Sonra dini təhsil almaq məqsədilə Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə gedir.
    Onun bu təhsili düz 8 il davam edib. Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdandan sonra 1911-1916-cı illərdə Lənkəran şəhər gimnaziyasında İslam dini və şəriət dərsləri ilə yanaşı, fransız dilindən də dərs deyib.
    1916-cı ildə yenidən Türkiyəyə səyahət edən Axundzadə Rusiyada fevral burjua-demokratik inqilabı baş verəndən dörd ay sonra Lənkərana qayıdır. Müsavat Partiyasının yerli şöbəsinə üzv olur.

    Cənubda da ictimai-siyasi canlanma başlayır

    Hər yerdə olduğu kimi, fevral inqilabının təsirilə Cənubda da ictimai-siyasi canlanma başlayır. Yerli, məhəlli icraiyyə komitələri yaradılır. Bu təşkilatlar yerlərdə asayişi təmin etmək, xaos və qarmaqarışıqlığı aradan qaldırmaq məqsədilə fəaliyyətini davam etdirirdi.
    1918-ci il yanvarın 9-da Bakıdan teleqram göndərib, bir nəfər rus dili bilən lənkəranlının da Tiflisə gedib, erməni və gürcülərlə “Seym”in işində iştirak edəcəyini bildirirlər...
    ...Üstündən illər keçəcək... Qürbətdə vətən üçün göyüm-göyüm göynəyən, yalnız əski xatirələrin ümidinə qalan 58 yaşlı Axundzadə ürəyini ağ kağıza boşaltmaqdan başqa çıxış yolu tapmayacaq. Mürgülü xatirələr oyanacaq... Gözlərini yumub, ömrün keşməkeşli və əzablı, həm də əziz olan günlərinə dönəcək. Köks ötürüb gözlərini açanda hər kirpiyindən bir damla yaş qopub, nurani çöhrəsindən üzü aşağı axacaq. Sonra o damcılar ağ vərəqlər üstünə qonanda Vaxtın mənzərəsi bütün təfərrüatı və rəngləri ilə görünəcək: “Mən təklif etdim ki, Ağa Məhəmmədəli getsin. Lakin təşkilatın üzvləri mənim getməyimi məsləhət gördülər. 1918-ci il yanvarın 10-da Bakıya gəlib “Açıq söz” İdarəsinə getdim və “Xeyriyyə”də sakin oldum.
    Məmməd Əmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyətimizdə adları yadımda qalan yoldaşlarım bunlar idi: Məmməd Əmin bəy Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Mustafabəyov, Ələsgər Mahmudov, Məmmədyusif Cəfərov, Fətəli xan Xoyski, doktor Həsən bəy Ağayev və İslam bəy Qabulov. Gəncədə Yusif bəy Nəsibov (müəllif çox güman ki, Nəsib bəy Yusifbəylinin ad və soyadının yerini səhv salır – Z.S.) vaqona minib, bizə qatıldı. “İttihad” firqəsindən Sultan Məcid Qənizadə, doktor Miryaqub və Heybətqulu bəy də bizimlə idi. Qatar yavaş-yavaş hərəkət edirdi. Hər bir münasib yerdə dayanıb, bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi...
    Türk qoşunlarının Azərbaycana gəlişi ilə bağlı Axundzadənin xatirələrində bir sıra maraqlı bilgilər var. Belə ki, türk qoşunları Batuma yaxınlaşanda almanlar gürcüləri öyrədirdilər ki, türkləri Batumdan keçməyə qoymasınlar. Buna görə Nuru paşa yolu dəyişib, başqa tərəfdən Gəncəyə gəldi. Bununla da Qafqaz müsəlman əhlinə böyük qüvvə hasil oldu. Sonra Gəncədən 4 min türk əsgəri Hacı Mirzə Səlim Axund Axundzadənin iştirakı ilə Zəngəzura tərəf hərəkət edir ki, orada ermənilərin mühasirəsində olan azərbaycanlıları azad etsin. Və buna nail olur. Odur ki, sonralar Zəngəzur camaatı Axundzadəni Azərbaycan Cümhuriyyəti Parlamentinə deputat seçmişdi.

    Cəlayi-vətən olur

    Axundzadə 42 yaşında evlənəndən sonra Ayişə və Cəmilə adında iki qız övladı dünyaya gəlir. Hələ vətəndə olarkən başı siyasi qovğalara qarışan Hacı Səlim ailə qayğıları ilə düz-əməlli məşğul ola bilmir. Nəhayət, 1920-ci ilin aprel işğalından sonra o dövrün siyasi xadimləri, hökumət üzvləri kimi Axundzadə də zorən cəlayi-vətən olur. İrana gedir, Ərdəbildə məskunlaşır. Rus-bolşevik işğalından sonra digər ictimai-siyasi xadimlər kimi Axunzadə də mübarizəni dayandırmır. Şərqdə-xüsusilə yaxın müsəlman ölkələrində böyük nüfuz sahibi olan Hacı Səlim həmin ölkələrə üz tutur. Əsas məqsədi müsəlman dünyasından hərbi yardım almaq, Azərbaycanı yadelli işğalçılardan xilas etmək idi. Elə bu məqsədlə də o, İrandan Əfqanıstana gedir. Ötən əsrin 20-ci illərində Əfqanıstanda olan rusmeyilli Əmənullaxan Hacı Səlim Axundun bu xahişini qulaqardına vurur. Ona bu mübarizədən əl çəkməyi və Əfqanıstanda qalmağı təklif edir. Axundzadə bu təklifi qəbul etməyib, Tac bəy sarayını tərk edir. Bir tərəfdən işğal altında olan Azərbaycan dərdi, digər tərəfdən qürbətdə doğma od-ocaq həsrəti, övlad nisgili onu əzir.
    Atası mühacirətə gedəndən bir il sonra Ayişə atasızlığa dözə bilməyib, dünyasını dəyişir. İki il sonra - 1923-cü ildə Axundzadənin sonuncu övladı Cəmilə xanım vəfat edir.
    Öz doğma yurdunda qərib kimi yaşamaq məcburiyyətində qalan Axundzadələr zamanın sərt sınaqları ilə üz-üzə qalır. Təqiblər, təhqirlər, repressiyalar bu nəslin nümayəndələrini cana doydurur. Ərinin bir daha Vətənə dönə bilməyəcəyini anlayan Mirzə Səlimin ömür-gün yoldaşı onun dalınca qaçaq yolla İrana getməyə qərar verir.
    1924-cü ildə qaynı Maştağa bəy öz bacısını Lerik yolu ilə onun yanına - Ərdəbilə aparır. Əlbəttə, belə bir cəsarətli addım ona həyatı bahasına başa gəldi. Maştağa bəy Lənkərana qayıdan kimi onu həbs etdilər. Sorğu-sual o qədər də uzun çəkmədi. Maştağa bəyi gedər-gəlməzə - Sibirə sürgün etdilər. Və o, bir daha doğma yerlərə qayıtmadı. Orada vəfat etdi.
    Bu boyda dərdin, nisgilin içində tale bir azca bu Vətən fədaisinin - Axundzadənin üzünə qımışdı, deyəsən...
    3 il sonra - 1927-ci ildə tanrı ona bir oğul əta elədi. Adını İşıq (Rövşən) qoydular. O vaxt Hacı Səlimin 55 yaşı vardı. Taleyin oyunu bitmirdi, ayrılıq, həsrət yolları uzandıqca uzanırdı. Yeganə təsəlli balaca İşıq idi. Bəxt ona yelə sovurduğu ömür qazancının əvəzində ikinci bir oğul övladı qaytardı - Zahir bəyi...
    1930-cu il idi. İrana gedəndən bir müddət sonra Ənzəli şəhərinə köçdü Hacı Səlim... Hökumət mədrəsəsində müəllimlik etməyə başladı. Və günlərin bir günü əlinə qələm alıb gördüklərini, bildiklərini xatirat dəftərinə yazdı: “Bismillah ər-rəhman ər-rəhim!... İstərəm öz dirilik halətimi yazım...”
    1930-cu il dekabrın 15-də Hacı Mirzə Səlim Axund Axundzadə 58 yaşında vəfat etdi. Onu Ənzəlidə dəfn etdilər.
    Hacı Səlimin qardaşı Mirzə Səbini 1926-cı ildə Lənkəran dairə daxili işlər idarəsinin rəisi Parsayevin göstərişilə Bakıya köçürdülər. 11 ildən sonra Mirzə Səbini də həbs edib, sürgünə göndərdilər. O, 1943-cü ildə Daşkənd yaxınlığındakı həbs düşərgəsində vəfat etdi... P.S. Hərdən məni bir vaqeə çox bərk düşündürür, Yurdunu və Millətini sevənlərə Vətən çox demirəm, niyə bir çimdik torpağını qızırğanır.

    * * *

    ...Hacı Mirzə Səlim Axund Axundzadənin ömrünün son illərində qələmə aldığı bu “Xatiratlar”ını nəzərdən keçirərkən bir daha əmin olduq ki, yazıya pozu yoxdu. Və bir də insanın yaddaş adlı müqəddəs xəzinəsi var. Məsələ o “xəzinə”də kimin nə qoruyub saxlamasında deyil, əsas mahiyyət tarixi dəyərlərdədir...
    Yapon yazıçısı Yasunari Kovabata yazırdı ki, gülün gözəlliyini bir gül yüz güldən daha yaxşı göstərir. Deməli, zamanın da elə məqamları var ki, onun bircə gününü “görmək”, uzun-uzadı illər haqqında bəs deyincə təsəvvür yaratmağa kifayət edər...
    Bu “Xatiratlar”ı oxuyanda həm də adamın yadına döyüşü bitirə bilməyən şəhid əsgər düşür.
    Didərgin ruhların ərşə bülənd olan iniltili naləsini eşidirsən arabir.
    Sən demə, “qoynunda yatdığımız odlu səngərin həm qalibi , həm də məğlubu” elə biz özümüzük...
    Millət də fərdlər kimi böyük tarixi hadisələrlə bir yerdə olanda , ən birincisi , öz gücünün dilini öyrənir. Belə məqamlarda dalaşmaq da danışmaq sayağı asan olur...
    Zakir Sadatlı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 606
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30