Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Zeyno Brayza: “Bütün gördüyüm işlərdən ən vacibi uşaq böyütmək imiş”
    Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində “Qadın jurnalistlər klubu” fəaliyyətə başlayıb. Klubun ilk layihəsi “Zərif imzaların təqdimatında” adlanır. “Qadın jurnalistlər klubu”nun üzvlərinin suallarını klubun ilk qonağı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran Brayza cavablandırıb. “Azadinform” müsahibəni təqdim edir.

    - Zeyno xanım, “Qadın klubu”na xoş gəlmisiniz. Təklifimizi qəbul edib gəldiyiniz üçün sizə öncədən dərin təşəkkürümüzü bildiririk. Zeyno xanım, səhv etmirəmsə siz jurnalist ailəsində böyümüsünüz. Yanılmıramsa, sizin ananız ilk qadın qəzet yazarlarından biridir.

    - Çox sağ olun. Bəli, mənim valideynlərim jurnalistdirlər. Anam beynəlxalq xəbərlər sahəsində ilk siyasi jurnalistlərdən biri olub. Atam da jurnalist olaraq beynəlxalq məsələləri işıqlandırırdı. O, həyatının çox hissəsini Türkiyədən kənarda yaşayıb. Mən 1 yaşında olanda onlar ayrılıblar, amma həyat elə gətirdi ki, iki  jurnalist bir-biri ilə ailə qurdu. Ona görə mən uşaqlıqdan jurnalistlərin içində, onların söz-söhbətlərinə qulaq asa-asa böyüdüm.


    - Bu yaxınlarda gənclər üçün böyük bir stimul ola biləcək çox maraqlı sözlər söylədiniz. Dediniz ki, “Mənə dedilər Amerikada oxumaq mümkünsüzdür. Amma mən qorxmadan getdim və bacardım”. Bu, çox böyük cəsarət tələb edir. Necə düşünürsünüz, bir türk qızının Amerikada belə uğurlu olması üçün ən əsas amil nə idi - ailəsimi, yoxsa…?

    - Tamamilə doğrudur. Ailəm mənə hər zaman bu sözləri deyərdi - oğlan, qız olmağından asılı olmayaraq, əsas olan ürəkdə və beyində olandır. Beyninə və ürəyinə qoydunsa, nəyi istəyirsənsə qazana biləcəksən. İstə ki, qarşında çox böyük imkanlar açılsın. Anam mənim üçün çox böyük məktəb oldu. O, kişi kimi işləyirdi. Heç vaxt “qadınam, mənimlə başqa cür davransınlar” demədi. Heç kişilər də ona qadın müamiləsi etmədilər. Anam Amerika məktəbində oxuyub, mən isə Avstriya məktəbində almanca təhsil aldım. Əslində, mənim bitirdiyim məktəbin məzunları təhsilini davam etdirmək üçün əsasən Almaniya və Avstriyaya gedirlər, amma mən Amerikanı seçdim. Amerikanı həmişə azadlıqlar ölkəsi bildim və daha çox Kaliforniyanı sevdim. Kaliforniya haqqında bilgiləri filmlərdən əldə etmişdim. İsti bir şəhər, dəniz kənarı…

    - Təhsilinizi bitirəndən sonra Türkiyəyə dönmək istəmədiniz, yoxsa iş təklifləri oldu? 

    - Stenford Universitetinin beynəlxalq əlaqələr fakültəsində oxudum. Təhsilimi bitdikdən sonra Dünya Bankından iş təklifi gəldi. Qısa bir müddət orda işlədim. Sonra geopolitik mövzularda araşdırmaçı kimi çalışdım. Hər zaman düşünürdüm ki, Amerikada oxuyub, öyrənib sonra vətənimə qayıdıb orda faydalı işlər görüm. Amma sonra başa düşdüm ki, gördüyüm işləri Amerikada etsəm, həm regiona, həm Türkiyəyə, həm də Amerikaya daha çox faydam olacaq.

    - Qadınlar ailə həyatı qurandan sonra işlərindən, karyelarından uzaqlaşırlar. Zeyno xanım da sanki bir az öz işindən uzaqlaşıb…

    - Həyat yoldaşımla 2008-ci ilin avqustunda evləndik. Bu illər ərzində üç kitab yazdım. İkisi 2010-cu ildə çapdan çıxıb, biri də bu il hazır olacaq. Məlumat sahəmdə dəyişiklik etdim. Daha çox islami mövzularla maraqlandım. 1996-cı ildən 2010–cu ilə qədər olan dövrdə çox işlədim. Ailə qurduq, amma ikimiz də çox işləyirdik. Sonra övlad istədim. İndi həyatımda elə nöqtəyə gəlmişəm ki, bu vaxta qədər işimə verdiyim enerjini qızıma vermək istəyirəm. Gələcəkdə təkrar işimə dönəcəm, amma indi özümü qızıma həsr etmək istəyirəm. Bütün gördüyüm işlərdən ən vacibi uşaq böyütmək imiş - bunu anladım. Bu gün qızım mənim həm sevgim, həm də işimdir. Və indi bundan önəmli heç nə fikirləşə bilmirəm. Çox şükürlər olsun ki, ana oldum.

    - Bu yaxınlarda Naxçıvana səfər etdiniz. Sizə necə təsir bağışladı?

    · Naxçıvana bütün ailəcə getdik - mən, qızım, həyat yoldaşım. Doğrusu, çox bəyəndik. Havası, insanları, yeməkləri çox gözəl idi.

    · Bir ana kimi qızınıza bağlılığınızı başa düşürük. Maraqlıdır adı nədir?

    · Maya.

    · Adını kim seçib?

    · Adı mən fikirləşdim, sonra həyat yoldaşımla birgə qərara gəldik.

    · Mənası nədir?

    - Mayanın hər dildə bir anlamı var. Amma mənim seçməyimin səbəbi həm əski Maya mədəniyyətinə, həm də qədim hind vedik fəlsəfəsinə olan marağımdan irəli gəlirdi. Bundan başqa, Maya Buddanın anasının adıdır.

    · Amerikada işləməyə başlayanda söyləmişdiniz ki, həm Türkiyəyə, həm də Amerikaya fayda verəcək işlər görəcəksiniz. Bəs Azərbaycan üçün hansı fayda verə biləcəksiniz? Burda hansı layihələri gerçəkləşdirməyi planlayırsınız?

    ·  Azərbaycan üçün nəsə eləyə bilsəm, bu məni çox xoşbəxt edəcək. Nəticədə mən buraların insanıyam. Amerikayla Azərbaycanın bir–birini anlamasına yardımçı olmaq istəyirəm. Amerikalılar rusca və azərbaycanca danışsalar da, yaxud azərbaycanlılar ingiliscə danışsalar da, danışıqlar paralel olur, eyni mentalitet olmur. Çünki fərqli tarix, fərqli mədəniyyətlər, fərqli düşüncələr var. Mən ikisini də yaşadım. Təbii ki, mən azərbaycanlı deyiləm, ona görə burdakı fikirləri də öyrənmək istəyirəm ki, amerikalılara bu düşüncələri, adətləri anlada bilim. Dialoqun doğru olması mənim üçün çox önəmlidir. Amerika dövləti yaxşı anlamda bəzi işlər görür, amma bu, bəzən səhv anlaşılır. Bir də qadınlara qarşı zorakılıq, erkən nikah kimi problemlərin həlli üçün işlər görməyi düşünürəm. Amerikada gənc xanımlara “qadınların özlərini qoruması” haqqında dərs vermişəm. Özünümüdafiə çox zaman şiddətə qarşı olur, amma şiddətdən öncə qadınlarda psixoloji, düşüncəli müdafiə olmalıdır. Bu iki mövzuda hər hansı iş görə bilsəm, çox xoşbəxt olacam. Azərbaycanda da bu sahədə çox iş görülür. Xüsusilə birinci xanım Mehriban Əliyevanın çox uğurlu işləri var.

    - Amerikada da qadınlara qarşı şiddət var?

    - Dünyanın hər bir yerində şiddət var. Amma bəzi ölkələrdə bu faiz daha çox, bəzilərində azdır. Buna səbəb bəzən din, mədəniyyət, adətlər, iqtisadi durum ola bilir. Bu mövzuda dünyanın bir çox yerində keçirilən konfranslarda iştirak etmişəm. Bu, iki səbəbdən baş verir; birincisi, qadının iqtisadi güclü ola bilməməsi, ikincisi, bundan da önəmli psixoloji vəziyyəti. Qadın başa düşməlidir ki, o, bir şəxsiyyətdir, onun da tələb edəcək haqları var. Bir qadına əl qaldırmağın kişilərdə kişiliyin əskikliyi üzündən olduğunu fikirləşirəm. Ruh halında, işində, mühitində problem olduğu zaman kişi öz gücünü gücsüz olan qadını döyməklə göstərir. Amma o kişi kişi deyil, məncə. Bəzən deyirlər ki, dində döyürlər. Bu adam dindar deyil, çünki dinini yanlış anlamış, mədəniyyətli deyil, çünki mədəniyyətli adam qadınına əl qaldırmaz. Həqiqətən təhsillidirsə, yenə də belə bir hərəkət etməz. Qadına qarşı zorakılıq kişilərin ən ciddi problemidir. Və ümumilikdə cəmiyyətin problemidir. Çünki qadın-kişi münasibəti sağlam olmadığı zaman bütün cəmiyyətdə problem olur. Böyüyən uşaqlar bunu normal hesab edərək böyüyür. Və ya bu şiddətdən uşaqlar da ziyan görürlər. Ona görə şiddət dünyanın hər yerində var. Amma Amerika cəmiyyəti elə bir yerə gəlib ki, qadın sərbəst şəkildə etirazını bildirə və öz haqqını tələb edə bilir. Bəzi cəmiyyətlərdə qadın üçün söz demək belə çox çətindir. Amerikada bu bir az daha rahatdır. Çünki bununla bağlı orda bir çox qadın birlikləri bu mövzuda çox maarifləndirici layihələr işlədilər, qurumlar topluma savad verdi, kişilərin də izlədiyi televiziya proqramları hazırlandı.

    - Söhbətlərinizdən aydın olur ki, seçicisiniz. Həyat yoldaşı seçəndə sizə çətin olmadı ki?

    - Doğrudur, həyat yoldaşımla tanış olmadan öncə çətin idi, amma onunla qarşılaşdıqdan sonra qətiyyən problem yaşamadım. O, Çikaqoda böyümüş, katolikdir. Mən istanbulluyam, müsəlmanam, amma elə bil ki, eyniyik. Katoliklərlə müsəlmanların dəyərləri bir-birinə çox oxşardır. Fərqli zamanlarda eyni məktəbdə oxumuşuq. Tanışlığımızdan az müddət sonra anladıq ki, eyni cür insanlarıq, maraqlandığımız sahələr bir-birinə bənzəyir. Kişilər arasında onun kimi həssas çox az adama rast gəldim. Mənim kimi heç kimsənin canını incitmək istəməz, evdə əqrəb belə olsa öldürə bilməyəcəyik. Evlənmədən öncə də, sonra da heç bir zaman demədi: “İşləmə, gördüyüm işlər mənə problem çıxarır”. Çünki həqiqətən də belə oldu. Mən bəzən Türkiyədə bəzi hadisələri təndiq edəndə, o, Türkiyə dövləti ilə yaxın olduğu zamanlarda söz–söhbətlər oldu. Mən ona hörmət edirəm, o mənə hörmət edir. Ona görə bir problem olmadı və olmur.

    - Metyu Brayza hər zaman gülərüzlüdür. Sanki bu insanın heç bir problemi yoxdur ...

    - Onunla ilk tanış olduğumda dedim ki, nə qədər işıqlı, aydın bir insandır. Çox pozitiv adamdır. Hər kəsi həqiqətən sevir. İlk tanışlığımızdan bəri gözləyirəm ki, nə vaxt mənə hirslənəcək, danlayacaq. Və hələ də gözləyirəm... O, atasını itirdi. Çox pis hadisələr baş verdi. O, heç nəyi ürəyinə salmır. Onun ən yaxşı xüsusiyyəti odur ki, nədən rahatsız olduğunu həmin dəqiqə insanın üzünə deyir. Kilsəyə gedir. Həmişə buna inanır ki, biz hamımız birik. Onun prinsipinə görə hər kəsə eyni dərəcədə hörmətlə yanaşmaq və qarşılıq gözləmədən, təmənnasız yaxşılıq etmək lazımdır.

    - Siz bizim regionu yaxşı tanıyırsınız. Regionun özünə məxsus xüsusiyyətləri var. Qərb insanı üçün adi olacaq hala burda fərqli yanaşılır. Belə hallarda düzgün mövqe tutması üçün həyat yoldaşınız sizdən yardım alırmı?

    - Bəli. Məsələn, Naxçıvana gedərkən məsləhətləşdik ki, birgə getsək daha yaxşı olar. Mən də o vaxtlar ona Amerika ilə bağlı suallar verirdim. Amma bəzi məsələlərdə heç oxşar düşünmürük. O, nəticədə Amerika siyasətinin təmsilçisidir, mən də hər zaman fikirlərimdə sərbəst olmuşam.

    - Türkiyədəki kürdlərin vəziyyəti barədə nə fikirləşirsiniz? Amerikanın bu istiqamətdə siyasəti nədən ibarətdir?

    - Türkiyədə kürd problemi çox tarixi köklərə söykənir. Bu məsələdə dəyişik türk hökumətləri hər zaman həll yollarını tapmağa çalışıb. Amerika isə bu insanlara hər zaman öz haqlarının verilməsinin tərəfdarıdır. Öz mədəniyyətinin, öz dilinin, öz haqlarının olmasına Avropa Birliyi standartlarında da dəstək var. Amma sizə deyim ki, bu, çox çətin problemdir. Millətçilik artıq o səviyyəyə gəlmiş ki, türklərlə kürdlər bir-birilərini düşmən hesab etməyə başlayıblar. Dərin yaralar var və o yaraların sağalması lazımdır. Millətçilik çox yaxşıdır, amma bəlli bir sərhədlər daxilində. Sizə adım və soyadımla bağlı maraqlı bir şey deyim. Zeyno adı kürd adıdır. Mənim anam bunu mənə bilərəkdən və qəsdən verib və sübut etməyə çalışıb ki, türklərlə kürdlər arasında fərq yoxdur. Bu, anamın topluma siyasi və sosial mesajı idi.

    - Mən bildiyim qədər Baran fars dilində yağmur deməkdir.

    - Bəli, mənası yağış deməkdir. Baran çox gözəl bir kürd adıdır. Eyni zamanda mənim soyadımın kökü Makedoniyaya qədər gedir. Babam vaxtilə Makedoniyadan Türkiyəyə köçmüşlərdəndir. Mənim ad və soyadım ikisi də bir araya gələndə tam bir kürd adı- soyadı düzəlir. Və buna görə başım az çəkməyib. Türk-kürd münaqişəsi zamanı türk milliyyətçiləri məni də kürd sanırdılar. Mənə çox pis rəftar edirdilər. Düzünü desəm, mənim üçün yaşadığım təcrübə çox böyük dərs oldu. Fikrimcə, biz hamımız insanıq və milli kimliyimizdən qorxmamalıyıq. Cümhuriyyət vətəndaşı olan hər kəs türkiyəlidir və hər kəsin haqları, hüquqları qorunmalı və verilməlidir. Türkiyədə bu gün kürd kökənli vətəndaşların öz dilində təhsil haqları istənilir. Amma türkcə öyrənmələri də çox vacibdir ki, yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya etmələri mümkün olsun. Bu gün Türkiyədə dövlət qurumunda çalışanlara baxsaq, kifayət qədər kürdün olduğu görünər. Rəhbər vəzifəyə irəli çəkilməkdə heç bir milli problem yoxdur. Götürək elə keçmiş prezident rəhmətlik Turqut Özalı və yaxud keçmiş xarici işlər naziri Hikmət Çətini. Hər ikisi kürddürlər.

    - Bu gün siz bir səfirin xanımı kimi fərqli missiya daşıyırsınız. Bu missiyanı yerinə yetirmək sizə bundan öncə gördüyünüz işləri davam etdirməyə çətinlik törətmir ki?

    - Hələ ki elə bir ciddi problemlə qarşılaşmamışam. Elçi xanımı olandan sonra fərqli sahələrdə çalışıram. Ən başlıca sahəm qadınlar, daha sonra isə bu bölgələrin qədim tarixini araşdırmaqdır. Bu məni çox maraqlandırır.

    - Tarixən də bilirik ki, həyat yoldaşları siyasətçi olan ictimai-siyasi qadınlar onlara təsir etmək imkanına malikdirlər. Azərbaycanın da Qarabağ kimi problemi var. Bu məsələdə sizin Metyu Brayzaya nə dərəcədə təsir etmək imkanınız var?

    - Siyasi məsələlər, problemli olacaq söhbətlərə heç qarışmıram. Ona görə də mənim fikirlərimin onun alacağı qərara təsiri görünmür. Amma bəzi məsələlərdə fikrimi açıq söyləyirəm. Məsələn, islam mövzusunda Avropanın yanlış düşündüyü deyirəm. Həyat yoldaşımla belə mövzuları rahatca bölüşə bilirəm. Amma siz dediyiniz məsələlərdə mənim bir türk olaraq təsir edə biləcəyim üçün ehtiyatlı davranıram. Bir türk qadını olaraq bu məsələlərdə ona təsir etməyi düzgün hesab etmirəm.

    - Metyu Brayza Azərbaycana səfir təyin edilənə qədər çox böyük zorluq yaşandı. Amerikada yaşayan erməni lobbisinin Meytu Brayzanın Azərbaycana səfir təyin olunmasına maneçiliyi nədən idi? Sizinlə-türk əsilli qadınla evliliyimi, yoxsa Azərbaycan dövləti arasında olan isti münasibətlərmi?

    - Bütün erməni diasporu deyil, ancaq aralarından bir qrup bu məsələ də canfəşanlıq göstərirdi. Mənim türk olmağımın bu məsələyə təbii ki, böyük təsiri var. Mənim təhlillərim, yazdıqlarım neçə illərdir ki, dərc olunur. Amma lobbi qrupları yazdıqlarımdan daha çox türk olduğumu qabardırlar. Halbuki mən Amerikada işləyəndə, hətta Amerika vətəndaşı olmamışdan öncə də fikirləşirdim ki, bu bölgədə hamı üçün o zaman yaxşı olar ki hamıya xeyirli olanı arzulayasan. Gerçək sabitlik ancaq o zaman qoruna bilər. Misal üçün çox istəyirəm Qarabağ sülh yolu ilə və bir an öncə həll olunsun. Hər kəs də rahatlansın. Çünki iki xalqın gənc nəsli bir-birinə nifrət edərək böyüyür. İnsanlar acı çəkir, köçkün və qaçqınlar var. Yenidən müharibə aparılsa, hər iki ölkəyə çox pis itkilər, ziyanlar gətirəcək.
    Metyu Brayza Azərbaycanı çox yaxşı tanıyır, sevir. Burda çox yaxşı əlaqələri var. Hər halda ona qarşı çıxan diaspor Azərbaycanı bu qədər tanıyan birisini səfir kimi görmək istəmədi. Əslində, bu bir az bizim üçün də sürpriz oldu. Çünki indiyə kimi Ermənistandan heç bir etiraz gəlmədi. Axı Metyu Brayza Ermənistan üçün də çox çalışıb. Obyektiv baxanda, o, nə qərar veribsə, ədalətlə verib. Bir ölkə, bir qrup üçün deyil, hər kəs üçün yaxşı olanı seçib. Məhz ona görə Ermənistandan bu günə kimi heç bir şikayət olmadı. Çünki bilirlər ki, problemin sülh yolu ilə həllini istəyən bir insanın Azərbaycanda olması onlar üçün də sərfəlidir.

    - Siz gəldiyiniz müddətdə Azərbaycanın efir məkanından xəbərdarsınızmı? TV-lərdə hansı proqramları izləyirsiniz və hansı qəzetləri oxuyursunuz?

    - Konkret ad verə bilməyəcəm. Məlumatları çox zaman internetdən təqib edirəm. Rusca qəzetləri heç oxuya bilmirəm. Azərbaycan dilli bəzi qəzetlərin oxunması daha rahat, bəziləri isə çox çətindir. Yavaş-yavaş onlara da öyrəşəcəyəm. Sözsüz ki, internetdə ingiliscə olan xəbərləri oxumaq mənim üçün daha rahatdır. Mümkün olduğu qədər bir gün iqtidar qəzeti oxuyuramsa, digər gün müxalifət qəzeti oxuyuram.

    - Siz Amerikada qadınlara dərs demisiniz. Onlarla birbaşa ünsiyyətdə olub, problemləri ilə yaxından tanış olmusunuz. Sizcə, Amerikada bir qadının özünə xoşbəxt deməsi üçün nə lazımdır?

    - Çətin bir sualdır. Bu, hər kəs üçün fərqli ola bilər. Amma müşahidələrimə əsasən söyləyə bilərəm ki, xəyalları ilə gerçəkləri bir-biri ilə yaxınlaşdırmağı qurduğunuz zaman yaşayırsınız. O xəyallar heç gerçəkləşmirsə, insan xoşbəxt olmur. Amma xəyallarınıza doğru azacıq, yavaş-yavaş irəliləyə bilirsinizsə, xoşbəxtliyi tapmış sayılırsınız. Məsələn, yaxşı ailə, yaxşı iş, sağlıqlı həyat - bunları bir araya gətirə bilən qadın xoşbəxtdir. Əlbəttə ki, bir ömür tam xoşbəxt yaşanmır. Problemlər onsuz da var. Xoşbəxt olmaq üçün edə biləcəyini et, qalanını isə zamana buraxmaq lazımdır. Həyatda biz hər şeyi idarə edə bilmirik, çünki əlimizdə olmayan şeylər var....

    - Sosial şəbəkələrdə varmısınız?
    - Onlardan da çox istifadə edə bilmirəm. Mənə deyirlər ki, niyə qızınızın rəsmini qoymursunuz internetə? Doğrusunu deyim ki, mən özəl məsələləri paylaşmağı sevmirəm. Məsələn, “Facebook”da çox zaman insanlar nə etdiyini, hara getdiyini yazır. Amma mən fikirləşirəm ki, yazsam Naxçıvana getmişəm, gedə bilməyənlər üzüləcək. Bundan da çox rahatsız oluram. Ona görə çox paylaşa bilmirəm.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 998
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30