Prezident məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində iştirak edib
Bu gün Bakının Binəqədi rayonunda 2 nömrəli Evtikmə Kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binası istifadəyə verilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Tikintisinə 2008-ci ildə başlanılan binanın sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Obyektin yerləşdiyi ümumi ərazi 3 ha, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir.
Ərazidə məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilib. Bu mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır.
Yaşayış binasının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.