Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bayram günü jurnalistlərə sürpriz ediləcək
    Vüqar Səfərli: «Yubiley ilini nəzərə alaraq, sevindirici bir rəqəm olacaq ki, onu biz sürpriz kimi bayram günü açıqlayacağıq»

    Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının yubileyi ərəfəsində qəzetimizə müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti, gələcək planları və ən əsası, jurnalistləri qarşıda gözləyən yeniliklər barədə danışdı.

    Sürpriz

    - Milli mətbuatımızın 135 illik yubileyi yaxınlaşır. Sizcə jurnalistlər bayramı hansı əhval-ruhiyyə ilə qeyd etməyə hazırlaşırlar?

    - Milli mətbuatın yubileyinin qeyd olunması ənənəsi 2000-ci ildən başlayıb. Həmin il ulu öndərimiz Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan milli mətbuatının 125 illik yubileyi dövlət səviyyəsində keçirilib. 2005-ci ildə isə möhtərəm prezidentimiz İlham Əliyevin Sərəncamı ilə mətbuatın 130 illik yubileyi respublikamızda geniş qeyd olundu və həmin bayram jurnalistlər üçün daha çox yaddaqalan oldu. Belə ki, o bayramda bir çox jurnalistlər fəxri adlara, mükafatlara layiq görüldülər. Ən önəmlisi isə möhtərəm prezidentimiz İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adının yenidən bərpa olunması olub ki, həmin adlar mətbuatın 130 illik yubileyində jurnalistlərə verilib. Son 5 il ərzində  keçirilən peşə bayramlarında jurnalistlər fəxri adlar və təltiflərlə mükafatlandırılmayıblar.

    Ona görə də 135 illik yubileyi səbirsizliklə gözləyən jurnalistlərimiz çoxdur. Ümumiyyətlə, bu, bütün mətbuat işçiləri üçün çox önəmli bir gündür. Artıq bir aya yaxındır ki, bölgələrdə yubiley tədbirləri keçirilir. Bildiyiniz kimi, 10 iyun 2010-cu il tarixdə ölkə prezidenti Azərbaycan milli mətbuatının 135 illik yubileyinin geniş qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncamdan irəli gələn vəzifələrin həlli üçün tədbirlər planı hazırlanıb. Plana əsasən respublikanın 8 bölgəsində tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlərin keçirilməsi başda Prezident Administrasiyasının ictimai- siyasi məsələlər şöbəsi olmaqla, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və həmin bölgənin icra başçısına həvalə olunub. Artıq 5 bölgədə – Zərdab, Yevlax, Gəncə, Şəki və Lənkəranda yerli mətbuat nümayəndələrinin iştirakı ilə regional tədbirlər keçirmişik. İyulun 16-da Xaçmazda, daha sonra Naxçıvanda tədbirlər keçirəcəyik. Nəhayət, bu qəbildən ən böyük tədbirimiz media nümayəndələri, ictimai xadimlər, diplomatik korpusun nümayəndələri, Milli Məclisin  üzvləri və digər tanınmış ziyalıların iştirakı ilə iyulun 22-də “Gülüstan” sarayında keçiriləcək.

    - Sirr deyilsə, həmin tədbirdə jurnalistləri hansı sürprizlər gözləyir?

    - Biz hər il bayram ərəfəsində jurnalistləri, jurnalist təşkilatlarını sevindirmişik. Bu il isə qeyd etdiyim kimi, önəmli ildir. İlk növbədə jurnalistlərin prezidentdən gözlədiyi mükafatlar – fəxri adlar, digər təltiflər olacaq. Eyni zamanda, onların Fonddan gözlədiyi yardımlar var. Bu il də qəzet redaksiyalarına birdəfəlik yardımlar göstəriləcək, yubiley ilini nəzərə alaraq, sevindirici bir rəqəm olacaq ki, onu biz sürpriz kimi bayram günü açıqlayacağıq.


    Söz-söhbətlər...

    - Keçən il ölkə prezidentinin sərəncamı ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə, jurnalist təşkilatlarına, elə jürnalistlərin özünə və s. yardım üçün KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun rəhbəri kimi bu müddətdə gördüyünüz işləri necə dəyərləndirirsiniz?

    - Deməliyəm ki, bu yardımların verilməsinə keçən il yox, daha öncəki illərdən başlanıb. Əvvəlki yubiley illərində mətbuata birdəfəlik yardımlar edilib. Mətbuatın inkişafı daim dövlət başçısının diqqətindədir. Bunu daha da inkişaf etdirmək üçün 2008-ci ildə KİV-in İnkişafına Dövlət Konsepsiyası qəbul olundu. Bu konsepsiyanı həyata keçirmək məqsədilə keçən il aprelin 3-də  KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu təsis edildi. May ayında prezidentin sərəncamı ilə Fondun rəhbərliyi və Müşahidə Şurasının üzvləri təyin edildilər. Demək olar ki, Fond 2009-cu ilin iyun ayından fəaliyyətə başlayıb. Fond  iyulun 22-də mətbuata və informasiya agentliklərinə ilk birdəfəlik yardımlarını etdi. Keçən il 39 təşkilatın hər birinə 10 min manat məbləğində birdəfəlik yardım edildi. Bundan əlavə, redaksiyalar və jurnalist təşkilatları arasında qrand müsabiqəsi keçirildi. Həmin müsabiqədə qalib olan 55 təşkilata maliyyə vəsaitləri ayrıldı.
     Bildiyiniz kimi, hazırda jurnalistikanın problemlərindən biri də peşəkarlıq səviyyəsinin aşağı  olmasıdır. Fond olaraq, biz peşəkarlığın artırılması üçün müsabiqələr elan etdik və treninqlər keçirdik. İstər televiziya sahəsində, istərsə də mətbuat sahəsindəki jurnalistlər həmin treninqlərə cəlb olundular. Eyni zamanda, biz fikirləşdik ki, jurnalistlərimiz çox az əməkhaqqı alırlar, onların sosial vəziyyəti yaxşı deyil. Təbii ki, biz birdən-birə onların sosial vəziyyətini yaxşılaşdıra bilmərik. Ancaq tədricən də olsa, onlara hansısa köməyi etməliyik. Bu məqsədlə ilin yekunlarına görə fərdi jurnalist yazıları müsabiqəsi keçirdik. Hər qalibə 1000 manat mükafat və Fondun xüsusi diplomunu təqdim etdik. 33 jurnalist bu mükafatları qazandı. İlin yekunlarını Müşahidə Şurasında müzakirə edəndə bunun daha çox effekt verdiyini, jurnalistlərin fərdi qaydada daha çox bəhrələndiyini nəzərə alaraq, müsabiqənin ildə 3 dəfə - milli bayramimiz olan Novruz münasibətilə, milli mətbuat günü və ilin yekunlarına həsr olunan müsabiqələrin keçirilməsini qərara aldıq. Artıq Novruz Bayramı münasibəti ilə müsabiqəmizi keçirmişik. Hazırda isə 135 illik yubileylə bağlı müsabiqənin nəticələrinin qiymətləndirilməsi üçün yazıları ekspertlərə təqdim etmişik. Məhz bayram günü - iyulun 22-də həmin qaliblər elan olunacaq. Bu müsabiqədə 17 istiqamətin hər biri üzrə 2 qalib – ümumilikdə 34 qalib elan olunacaq. Qaliblərin hər biri 1000 manat mükafat və Fondun fəxri diplomuna layiq görüləcək. Biz həmçinin yubileylə bağlı Təhsil Nazirliyi ilə birgə layihə həyata keçirdik. 16 jurnalistin mükafatlandırılması üçün ümumilikdə 8000 min manat  məbləğində vəsait ayrıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində 37 jurnalist mükafatlandırıldı və ümumilikdə onlara 24000 manat məbləğində mükafat verildi. Əlbəttə, biz belə müsabiqələrin sayını artıracağıq. Həmçinin jurnalist təşkilatları üçün qrant müsabiqələri elan etmişik. 30-a yaxın təşkilat bu müsabiqələrdə iştirak edir. Həmin layihələrin icra müddəti artıq başa çatmaq üzrədir. Avqust ayından yeni layihələr üzrə müsabiqə elan olunacaq. İlin sonunda  yenidən fərdi jurnalist yazıları müsabiqəsinin elan olunması nəzərdə tutulub. İşlərimizi bu qayda ilə davam etdirmək niyyətindəyik. Qeyd etmək istəyirəm ki, Fondun maliyyə dəstəyi ilə milli mətbuatın 135 illik yubileyinə töhfə olaraq, “Azərbaycan mətbuat tarixi antologiyası” kitabının birinci cildi işıq üzü görüb.  Antologiyanın ikinci cildi də çap olunacaq. 

    - Yeri gəlmişkən, həm qrant müsabiqələrinin, həm də fərdi jurnalist müsabiqələrinin nəticələri mətbuatda birmənalı qarşılanmır. Fondu qeyri-obyektivlikdə suçlayırlar. Bu ittihamları necə qarşılayırsınız?

    - Harada pul varsa, o yerdən həmişə narazılıq var. Əgər bura bir yardım idarəsi olsaydı, biz bir siyahı tutardıq, bir dəfə birinə, gələn dəfə bir başqasına yardım edərdik. Bu müsabiqələrdə təbii ki, yaxşılar seçilir, bunu Fond seçmir. Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş ekspertlər var ki, onlar həmin layihələri qiymətləndirirlər. Layihələr kodlaşdırılır və ekspertlərə təqdim olunur. Ekspertlərin heç biri bilmir ki, bu, hansı təşkilatın layihəsidir. Eləcə də fərdi jurnalist yazıları da bu qayda ilə müəyyənləşdirilir. Hər bir layihə və yazı 3 ekspert tərəfindən qiymətləndirilir. Ekspertlərin verdiyi qiymətin orta balı götürülür. Bunun əsasında layihələri və yazıları qiymətləndiririk. Bundan sonra Fondun apellyasiya komissiyası daxil olan şikayətlərə baxır və rəylərlə onları tanış edirik. Biz, əsasən, təcrübəli təşkilatlara üstünlük veririk. Söz-söhbətlər təbii ki, olacaq. Ancaq biz hesab edirik ki, ədalətli yanaşırıq və hər bir şikayətçini ekspertlərin rəyi ilə tanış edirik. Siz bilirsiniz ki, dünyada böyük mükafatlar, o cümlədən “Nobel” mükafatı kimi nüfuzlu mükafatlar var. Hətta bu mükafatın verilməsi prosesindən də narazılar  olur. Ona görə də deyirəm ki, harda pul, mükafat varsa, bu söz-söhbətlər də olacaq.


    Ümidin ünvanı

    - Bu yaxınlarda Jurnalist Qadınlar Assosiasiyasının jurnalistlərin sosial problemlərinin müzakirəsinə həsr etdiyi Dəyirmi masaya dəvət alan millət vəkilləri, jurnalist təşkilatlarının və qəzet redaksiyalarının rəhbərləri, eyni zamanda, jurnalistlərin özləri də problemlərin həllində Fonda daha çox ümid etdiklərini dilə gətirdilər. Hətta, vurğulandı ki, bu qurumun prezidentə təqdim edəcəyi təkliflər paketi problemin həllinə daha tez kömək edə bilər.

    - Ötən il Fondun yekun fəaliyyəti ilə bağlı prezidentə məlumat təqdim etdik. Məlumatdan əlavə, öz təkliflərimizi də verdik. Bizim fəaliyyətimizi təsnifləyən Konsepsiyada subsidiyaların, uzunmüddətli və aşağı faizli kreditlərin verilməsi nəzərdə tutulub. Biz Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsaitləri xərclər smetasına uyğun olaraq istifadə edirik və ondan kənara çıxa bilmərik. Mən ölkə prezidentinə ünvanladığım məktubda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və onların mənzillə təminatı ilə bağlı təkliflər irəli sürmüşəm. Təkliflərdən biri jurnalistlərə aşağı faizli və uzunmüddətli kreditlərin verilməsi məsələsinə kömək göstərilməsi ilə bağlıdır. Jurnalistlərin sosial-məişət problemlərinin həlli yolunu yalnız bunda görürəm. Fond olaraq biz bu məsələləri qaldırmışıq. Qeyd etdiyim kimi, Fond cəmi bir ildir yaranıb. Bir il ərzində illərlə yığılıb qalmış problemləri birdən-birə həll etmək mümkün deyil. Buna baxmayaraq, jurnalistlər Fonda çox düzgün olaraq ümid edirlər.

    - Bu yaxınlarda Cənub Media Resurs Mərkəzinin rəhbəri qəzetimizə müsahibəsində Fondla region mətbuatının əlaqəsinin zəifliyindən şikayətləndi. Bu fikir həmçinin bütün regionların mətbuatına aiddir. Problemi aradan qaldırmaq üçün hansısa tədbirlər görməyi planlaşdırırsınızmı?

    - Layihələrinin həyata keçirilməsi üçün Fondun Müşahidə Şurası tərəfindən  müəyyən qaydalar qəbul edilib. Bu qaydalar hansı qəzet və ya təşkilatların bu müsabiqələrdə iştirak edə biləcəyini tənzimləyir. Qaydaya əsasən dövlət orqanları tərəfindən təsis olunan mətbu orqanlar həmin müsabiqələrdə iştirak edə bilməzlər. Bölgələrdə də nəşr olunan mətbu orqanların əksəriyyəti dövlət orqanları tərəfindən təsis olunub. Ona görə də onlara kömək etmək hələlik imkanımız xaricindədir. Lakin gələcəkdə region mətbuatının da layihə müsabiqələrində iştirakı üçün müzakirələr aparılır. Ancaq fərdi jurnalist yazıları müsabiqəsində heç bir məhdudiyyət yoxdur. İstənilən jurnalist orada iştirak edə bilər. Təəssüflər olsun ki, region mətbuatında çalışan jurnalistlər bu müsabiqələrdə çox zəif  iştirak edirlər. Mən bölgələrdə keçirilən tədbirlərdə də bunu onların nəzərinə çatdırmışam. Region mətbuatında çalışan jurnalistləri bu müsabiqələrə cəlb etmək məqsədilə növbəti müsabiqələrdə onların iştirakı üçün lazımi şərait yaradılacaq. Belə ki, hər istiqamət üzrə əlavə olaraq bir qalib yeri də artırılacaq.


    Peşəyə sadiqlik

    - Jurnalistləri imkansız təbəqə adlandırırlar. Bu kasıb zümrə üçün sizcə, ən böyük hədiyyə nə ola bilər?

    - Düşünürəm ki, jurnalistləri kasıb adlandıranlar çox səhv edirlər. Mən bu fikirlə qətiyyən razı deyiləm. Ola bilsin ki, jurnalistlərin cibi kasıbdır, ancaq onların ağlı, zəkası, düşüncəsi var. Bunun isə qiyməti yoxdur və jurnalistlər çox dövlətlidirlər. Əsl jurnalist də öz sənətini qoyub maddiyyat dalınca qaçmaz. Jurnalistlərin ən böyük var-dövləti peşələrinə sadiqliyidir.


    Təranə MƏHƏRRƏMOVA

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 713
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30