Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mənəvi paklıq nümunəsi
    Nə yaxşı ki, bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti hələ qalıb. Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət, bir xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqla bərabər, həm də çağdaş dövrdə və bundan sonra da özümüzə bir qədər kənardan baxmaq, özümüzü dəyərləndirmək imkanı yaradır...



    Ömür yolu

     
    Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
    Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
    Amma ağır xəstəliklə mübarizədə bu kifayət deyildi. Respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq tələb olunurdu. Zərifə xanım da nursuz gözlərə işıq paylamaq, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi.
    Bu arzu onu Moskva şəhərinə aparır və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.
    Z.Ə.Əliyeva 1960-cı ildə «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə edir.
    Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlayır. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.
    Zirvəyə doğru

    1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
    1967-ci ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı.
    Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur: Bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir.
    1968-ci ildən başlayaraq Z.Ə.Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Qeyd etmək lazımdır ki, bir sıra ciddi elmi məsələlərlə yanaşı Zərifə xanım bütün ömrü boyu peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi maraq göstərmişdir. Eyni zamanda, o, bir sıra məsələlərə, o cümlədən yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirmişdir.
    Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Ə.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
    Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Elə ilk gündən Z.Ə.Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bildi. Amma kafedranın mövcud bazası elmi tədqiqatların keçirilməsi tələblərinə cavab vermirdi. Təşəbbüs göstərmək lazım gəlirdi və Zərifə xanım bu problemin həlli yolunda bir sıra konkret addımlar atdı. 1977-ci ildə professor Z.Ə.Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi. Plenuma hazırlığın və onun keçirilməsinin bütün ağırlığı Zərifə xanımın üzərinə düşdü. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı.
    Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə professor Z.Ə.Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyəndi. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Elmi araşdırmalar nəticəsində Z.Ə.Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünyanın elmi ictimaiyyətinin etimadını qazandı.
    1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
    1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi.
    Z.Ə.Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir.
    Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
    Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.
    Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
     

    Qayğıkeş ana

    Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz, əbədi prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.
    Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. O özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım belə analardan idi.
    Son mənzil

    Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Elmi və tibbi ictimaiyyətə, sovet oftalmologiyasına ağır itki üz vermişdir. Görkəmli alim, ictimai xadim, Azərbaycan EA-nın akademiki, tibb elmləri doktoru, professor, Ə Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının müdiri, Azərbaycan EA Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, Azərbaycanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyası mükafatı laureatı, Sülhü Müdafiə Komitəsinin üzvü, «Bilik» Cəmiyyəti Rəyasət Heyətinin üzvü Zərifə Əziz qızı Əliyeva vaxtsız vəfat etmişdir.
    Aprelin 17-də Moskvada Z.Ə.Əliyevanın dəfn mərasimi keçirilmişdir.
    Ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım haqqında söylədikləri xatirələr gənclərimiz üçün mənəvi paklıq nümunəsidir. Bir epizodu xatırlamaq yerinə düşərdi: Zərifə xanımın qəbirüstü heykəlinin açılışı günü ulu öndər Heydər Əliyevin heykəlin qarşısında duyğulandığını görəndə belə sevginin saflığı, ailə paklığı qəlbləri həyəcanlandırmaya bilməzdi.
    Zərifə Əliyeva insanlara xoş əməlləri ilə lazım olan mənalı həyat yaşayıb. Bu sözləri dahi Səməd Vurğun sanki Zərifə xanım barədə deyib: "Mən sadəcə istəyirəm ki, hər şey bizdə iz qoysun, istəyirəm ki, yüz yaşa qədər yaşaya bilməyənlər bir gününü on il kimi yaşasınlar". Zərifə xanımın insanlara nur bəxş edən hər mənalı günü xoş əməl naminə sərf olunmuşdur.
    Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. Sarsıldı, həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Bir azca qəddi də əyildi, amma sınmadı. Yaşadı...
    Qəlbində olan Azərbaycan sevgisi onu yaşatdı. Çünki O, Azərbaycan üçün lazım idi. Dərin bir uçuruma yuvarlanan Azərbaycanı ancaq o xilas edə bilərdi. Xilas etdi də. Qalan ömrünü odlar yurdunun rifahı naminə fəda etdi. Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmədi. Lakin həmişə onun ruhunu yanında hiss etdi, ondan güc-qüvvə aldı. 2003-cü il dekabrın 12-də Zərifə xanımın kədərli baxışlarına bir sevinc bəxş etdi. Enişli-yoxuşlu yollarda birgə addımladığı ömür-gün yoldaşına qovuşdu. Bir-birlərinə qovuşduqları üçün sevindilər. Amma arxada gözü yaşlı milyonlarla insan qaldı...

    Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdi

    ... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.
    Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...
    ...Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.
     

    Heydər ƏLİYEV
    28.04.1995.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 751
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30